Modern.az

Xocalı barədə ilk xəbəri onlar vermişdilər - ARXİV

Xocalı barədə ilk xəbəri onlar vermişdilər - ARXİV

Ölkə

26 Fevral 2024, 10:32

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 7 min nəfərdən çox əhalisi olan Xocalı şəhəri əsrin fəlakəti ilə üzləşdi. Erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

 

Modern.az-ın məlumatına görə, Xocalının işğal olunması barədə ilk xəbər “Səhər” qəzetində dərc edilib.

 

Qəzetin 27 fevral 1992-ci il tarixli nömrəsində “Xocalı da işğal olundu” sərlövhəli məqalədə yazılıb:

 

“Dünən Qarabağın dağlıq hissəsində dörd ildən bəri alınmaz qala kimi erməni silahlı birləşmələrinə sinə gərən Xocalı şəhərindən belə bir xəbər aldıq. Fevralın 26-na keçən gecə saat birin yarısında Xankəndindəki 366-cı polka məxsus 20 BTR şəhəri mühasirəyə alıb. Ermənilər döyüş maşınlarının və zirehli transportyorların köməyi ilə şəhərə girərək onu tamamilə yandırıblar. Yerli sakinlərdən bir qrupu qaçaraq Ağdama gəlib. Ölənlər və yaralananlar barədə dəqiq məlumat yoxdur”.

 

Qəzetin həmin nömrəsinin “Səhər”ə axşam zəngi” başlıqlı məqaləsində qeyd olunub:

 

“Səhər”in müxbiri, Azərbaycan Milli Ordusunun döyüşçsüsü Şamil Sabiroğlu dünən axşam redaksiyaya dəhşətli xəbər verdi: Axşam saat 18-dən sonra Xocalı ətrafında şiddətli döyüşlər başlamışdır. Srağagün Ağdamdan geri qaytarılan Gəncə hərbi hissələrinin əsgərləri Ağdərədə 366-cı polkla birləşərək Xocalıya hücuma keçmişdir. Hücum zamanı 30-dək tankdan və digər zirehli texnikadan istifadə olunmuşdur. Xocalı aeroportunun komendantı Əlif Hacıyev, rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov, batalyon komandiri Tofiq Hüseynov, ümumiyyətlə, ilkin məlumata görə, 100 nəfərdən çox adam öldürülmüşdür. Təkcə bizim dəstədən 15 nəfər itkin düşmüşdür. Yaralıların sayı yüzlərlədir. Rəşid Məmmədovun, Fəhmin Hacıyevin, Rövşən Cavadovun, Faiq Baxşəliyevin, Şirin Mirzəyevin dəstələri Əsgəran üzərinə hücuma keçiblər. Son məlumata görə, “Qarabağı müdafiə şahinləri” dəstəsinin başçısı Yaqub Rzayevin oğlu Canpolad da qəhrəmancasına həlak olmuşdur. Şiddətli döyüşlər davam edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir