Modern.az

Xocalıda şəhid olan soydaşlarımızın ruhu şaddır!

Xocalıda şəhid olan soydaşlarımızın ruhu şaddır!

Ölkə

26 Fevral 2024, 16:20

Bu gün ermənilər tərəfindən törədilən Xocalı soyqırımının 32-ci ildönümüdür. Hər il olduğu kimi bu ildə soyqırımı qurbanları anılır.

 

Lakin builki anım digərlərindən fərqlənir. Azərbaycan Ordusu Xocalını azad edib. Beləliklə, bu il həm də Xocalının özündə soyqırımı qurbanları yad edilir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Ona görə ki, qətlə yetirilən həmyerlilərimizin qisası alınıb. Xocalı sakinləri bu gün öz doğma yurdlarına qayıdışa hazırlaşır.

 

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.

 

Azərbaycan Xocalı faciəsini fərqli şəkildə anır...

 

Məsələ iə bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağdan olan deputatı Ceyhun Məmmədov bildirib ki, illər keçsə də, Azərbaycan xalqı, xocalılılar 26 fevral tarixini çox yaxşı xatırlayır:

 

"Xocalı soyqırımı bəşər tarixinin ən ağır və çətin faciələrindən biridir. Azərbaycan xalqının xatirəsində, beynində çox dərin izlər buraxıb. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq. Biz artıq torpaqlarımızı azad etmişik. Təsəllimiz bu gün odur ki, biz qisasımızı almış, Xocalını azad etmişik. Xocalı azaddır və onun sakinlərinin qisası alınıb. Əlbəttə ki, biz qisasçı millət deyilik. Amma bu qanı da təbii olaraq yerdə qoya bilməzdik".

 

Deputat vurğulayıb ki, bu il  Azərbaycan Xocalı faciəsini fərqli şəkildə anır:

 

"O mənadakı biz torpaqlarını azad etmiş qalib xalqıq. Tariximizdə ilk dəfə qələbəli, möhtəşəm günlər yaşayırıq.  Biz bu günü qürurla qeyd edirik ki, cənab prezidentin rəhbərliyi, Azərbaycan xalqının birliyi, qəhrəman vətən övladlarının şücaəti nəticəsində torpaqlarımızı azad etdik. Bu gün bizim dünyasını dəyişmiş soydaşlarımızın, Qarabağdan və Şərqi Zəngəzurdan olan insanlarımızın ruhu şaddır. Onlar da müstəqilliyə, torpaqların azad olunmasına görə sevinirlər. Amma reallıq ondan ibarətdir ki, ermənilər yeni müharibəyə hazırlaşır. Biz daha möhkəm və güclü olmalıyıq. Səylərimizi daha da artırmalıyıq ki, insanlarımız, xüsusilə də, gənclərimiz bu faciəni heç vaxt unutmasın".

 

"Düşmənə ən böyük cavab işğal altındakı torpaqların geri qaytarılması oldu"

 

Milli Məclisin Qarabağdan olan digər bir deputatı Mahir Abbaszadə qeyd edib ki, Xocalı faciəsi ermənilərin azərbaycanlılara, türk-müsəlman əhalisinə qarşı soyqırımı siyasətinin növbəti nümunəsidir:

 

"Bu gün Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu, Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri məhz Xocalı soyqırımıdır.Xocalı faciəsi ermənilərin azərbaycanlılara, türk-müsəlman əhalisinə qarşı soyqırımı siyasətinin növbəti nümunəsidir. Mənə elə gəlir ki, dünyada nəticələri, fəsadları bu qədər ağır olan soyqırımı yoxdur. Bu illər ərzində azərbaycanlılara qarşı soyqırımı siyasətinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsidir ki, dünyanın bir neçə ölkəsinin parlamenti, ABŞ-nin bir neçə ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.Eyni zamanda dünyanın müxtəlif ölkələrində Xocalı faciəsini nümayiş etdirən abidlər ucaldılıb. Bəzi ölkələrdə parklara Xocalı adı verilib. Bütün bunlar indiyə qədər Azərbaycan dövlətinin, prezidentinin apardığı siyasətin tərkibi hissəsi olub. Ən önəmli hadisələrdən biri "Xocalıya ədalət" kampaniyasının başlaması olub. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü və  rəhbərliyi ilə bu addımların atılması dünya ictimaiyyətini Xocalı soyqırımı ilə tanış etməyimiz istiqamətində böyük hadisə olub".

 

M.Abbaszadə bu il Xocalı faciəsinin anılmasının digər illərdən fərqli formatda olduğunu söyləyib:

 

"Xocalı soyqırımı qurbanlarını anma tədbirlərini bu il tamamilə başqa bir formatda keçiririk. Çünki indiyə qədər Xocalı ilə bağlı hadisələrin səbəbkarlarının cəzası verilməmişdisə, hazırda Azərbaycanın işğal altında olan bütün torpaqlarını azad edə bilmişik. Artıq Xocalı sakinləri şəhərin yenidən qurulmasında iştirak edirlər. Onlar öz əlləri ilə öz evlərini tikirlər. Bir yandan da xocalılar öz torpaqlarından dünyaya səslənir və Xocalı üçün ədalət istəyirlər. Bu, Azərbaycan tarixində çox böyük hadisədir ki, düşmənin belini qıraraq Xocalını geri qaytara bildik. Möhtərəm cənab prezident Xocalıda Azərbaycan bayrağını qaldırdı.

 

 

Cənab prezident özü də çıxışında bildirdi ki, “Mən Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində Azərbaycanın bayrağını qaldırmışam. Ancaq  Xocalıda bayrağı qaldırarkən özümü mənəvi cəhətdən rahat hiss etdim. Çünki biz daha Xocalı faciəsinin qurbanlarının qanını ala bildik və öz doğma torpaqlarımıza qayıtdıq”. Sözsüz ki, əli Xocalı sakinlərinin qanına batmış şəxslər axtarışdadırlar və törətdikləri əmələ görə cavab verməyiblər. Amma biz inanırıq ki, dövlətimizin apardığı hüquqi siyasət nəticəsində beynəlxalq ictimaiyyətin köməyi ilə o insanların da məhkəmə qarşısında cavab verməsinə nail ola biləcəyik. Bütün bunlara baxmayaraq Xocalı faciəsini heç vaxt unutmamlı, daim yaddaşımızda saxlamalıyıq. Amma düşmənə ən böyük cavab işğal altındakı torpaqların geri qaytarılması oldu. Bir zaman bizi qətliamda günahlandıran, bu ərazilərdən qovan düşmənə indi bizim ən layiqli  cavabımız bayrağımızın həmin ərazilərdə dalğalanmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Xocalı faciəsinin  qurbanlarına rəhmət eləsin! İtkiləri olan insanlara da Allahdan səbir diləyirəm!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok