Modern.az

Yeni nazirin işi ağır olacaq - Ədliyyə sistemində islahatlara ehtiyac var

Yeni nazirin işi ağır olacaq - Ədliyyə sistemində islahatlara ehtiyac var

Aktual

27 Fevral 2024, 17:40

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov Azərbaycanın yeni ədliyyə naziri təyin edilib. 45 yaşlı Fərid Əhmədov ixtisasca hüquqşünasdır.O, Bakı şəhərində anadan olub, bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb. 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

Yeni nazirdən hansı gözləntilər var?


Bununla bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Fərid Əhmədovun yeni nəsil idarəçilərdəndir:


“Heç şübhəsiz ki, bu təyinat cənab Prezidentin böyük etimadıdır. Fərid Əhmədov çox mürəkkəb sahəyə nazir təyin olunub. Ədliyyə sisteminə həm ölkə daxilində, həm də xaricində diqqət böyükdür. Böyük gözləntilər var. Yeni ədliyyə nazirinin böyük uğur hekayəsi var. Dünyanın müxtəlif mərkəzi universitetlərində oxuyub, Milli Məclisdə və başqa dövlət qurumlarında çalışıb. Son olaraq da nazirn müavini kimi çalışıb. Deməli, onun hüquq və qanunvericilik sahəsində təcrübəsi yetərlidir.

Cənab Prezident çıxışında yeni dönəmə qədəm qoyduğumuzu bildirmişdi. Bu dönəm özündə idarəetmədə yeni nəslin iştirakını da ehtiva edir. Mən hesab edirəm ki, Fərid Əhmədov yeni nəsil idarəçilərdəndir. Onun bilik və bacarığı, təcrübəsi ədliyyə sistemində yeni islahatların daha da dərinləşməsinə imkan verəcək.

Bu sistem bizi xaricdə təmsil etməlidir. Müəyyən beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən Azərbaycan hüquq sisteminə hücum var. Məhz Fərid Əhmədovun böyük peşəkarlığı və yüksək təhsili bu istiqamətdə bizə qarşı əsassız hüquqi iddialara da yüksək şəkildə cavab verilməsini təmin edəcək.

Yeni nazir məhkəmə-hüquq sistemində islahatların təmin edilməsi və dərinləşməsinə töhfələr verəcək. Ədliyyə sistemi dövlətin elə sütunlarındandır ki, qanunun hüquqa münasibətinin hansı şəkildə formalaşdırılmasına əhəmiyyətli şəkildə təsir göstərir. Bütün normativ hüquqi aktlar ədliyyə strukturu vasitəsilə rəy alır. Bu rəydə Konstitusiyanın, hüququn aliliyinin prinsiplərinin gözlənilməsi vacib amildir. Bu həm insan hüquq və azadlıqlarının inzibati formada qorunmasına, həm də vətəndaş məmnunluğunun təmin edilməsinə də yeni imkanlar yarada bilər. Bu istiqamətdə Fərid Əhmədovun uğur  hekayəsi, təcrübəsi öz töhfəsini göstərəcək.

İlk növbədə onu təbrik edir və fəaliyyətində uğurlar arzu edirəm. Düşünürəm ki, vətəndaş cəmiyyəti ilə ardıcıl və davamlı əlaqələrini daha da genişləndirəcək. Bu gün Azərbaycanda vacib tendensiyalardan biri də vətəndaş cəmiyyətinə münasibətdir. Bu yaxınlarda cənab Prezidentin COP-29-un təşkilat komitəsinə vətəndaş cəmiyyətinin strukturlarının nümayəndələrinin təmin etməsi də bunun göstəricisidir. Bizim ədliyyə sistemi hər zaman vətəndaş cəmiyyətinə daha diqqətli yanaşması ilə fərqlənir. Elə hesab edirəm ki, bu tendensiya daha da  dərinləşəcək və yüksək səviyyədə bir əməkdaşlıq qurulacaq. Ölkənin xarici və daxilində Azərbaycanın rəqabətə daha da davamlı olması üçün hüquq icmasının koordinasiyalı fəaliyyətinə də yeni imkanlar yaradılacaq”.
 

Hüquq müdafiəçisi nazirin əsas prioritelərinin hansı istiqamətlər olacağından da danışıb:


“Xüsusilə məhkəmə qərarlarının icrası istiqamətində fəaliyyətin daha da gücləndirilməsinə zərurət var. Probasiya sisteminin daha da təkmilləşdirillməsinə ehtiyac duyulur. Çünki burada iş yükü çox ağırdır. Şübhəsiz ki, bu struktura nazir diqqət yetirəcək.

Eyni zamanda Penitisiar xidmətdə çox böyük islahatlar davam edir. Bu sahəyə cənab Prezident tərəfindən Mirsaleh Seyidovun təyin olunması heç şübhəsiz ki, proseslərin genişlənməsinə gətirib çıxardı. Düşünürəm ki, bu islahatlar davam etdiriləcək. Vətəndaşların hüquqi maarifləndirilməsi fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var. Çünki ölkəmizdə çox təəssüf ki, hüquqi nihilizm mövcuddur. Keyfiyyətli hüquqi yardımın həyata keçirilməsi ilə bağlı vətəndaşların hüquqi biliklərə yiyələnməsi lazımlıdır.

Hazırda elektron məhkəmə sisteminin inkişafında Ədliyyə Nazirliyinin böyük rolu vardır. Məhkəmə islahatlarının genişləndirilməsi istiqamətində Azərbaycan Prezidentinin 2019-cu il fərmanında da ədliyyə sisteminə çox böyük tapşırıqlar verilmişdi. Qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində nazirlik öz töhfəsini verməyə davam edir.  Azərbaycanın beynəlxalq reytinqlərdə vəziyyətinin daha da yaxşılaşdırılması üçün ədliyyə sistemi istiqamətində islahatların dərinləşdirilməsinə ehtiyac var. Bir sözlə, bu, çoxşaxəli istiqamətdir və heç  şübhəsiz ki, yeni təyin olunan nazirin öz baxışları var. Yəqin ki, bu baxışlar proseslərin daha da sürətlənməsinə yönələcək. Ədliyyə orqanlarının inkişafı ilə bağlı dövlət proqramı var. Dövlət proqramının icrası istiqamətində addımlar daha da sürətlənməlidir”.
 

Ə.Nuriyev deyib ki, həbsxanalarla bağlı aparılan islahatların daha da dərinləşməsinə yeni təyin olunmuş nazir öz töhfəsini verəcək:
 

“Həbsxana sahəsində çox böyük islahatlar artıq gedir. Düşünürəm ki, bu istiqamətdə cənab nazirin dəstəyi böyük olacaq. Gedən işlərin müsbət nəticələri məhkum münasibətlərində özünü göstərir. Eyni zamanda korrupsiyanın qarşısının alınması böyük hadisə oldu. Məhkumların saxlanma şəraiti, qidaya və səhiyyəyə çıxışı ilə bağlı uğurlu addımlar atılmaqdadır. Hibrid cəzaçəkmə müəssisələri yaradılıb. Bu çox vacib məsələdir. Dünyada son illər bu tendensiya güclənib. "Qaynar xətt"in yaradılması da belə mühüm addımlardandır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok