Modern.az

Lvovda Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Lvovda Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Aktual

27 Fevral 2024, 20:07

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Ukraynanın Lvov şəhərində anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə "Onlar əbədi bizim yaddaşımızdadır" mövzusunda təşkil olunan tədbirə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, bu ölkənin müxtəlif vilayətlərindən gələn diaspor nümayəndələri, Lvov Şəhər Sovetinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və hərbçilər qatılıblar.

 

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Xocalı soyqırımına dair sənədli film nümayiş etdirilib.

 

Azərbaycan səfirliyinin ikinci katibi Vilayət Şükürzadə ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, Ermənistanın Azərbaycana silahlı təcavüzü zamanı dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi soyqırımı aktıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası vasitəsilə bu qanlı hadisə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Xocalıda artıq yenidənqurma və bərpa işləri həyata keçirilir.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

 

O, təmsilçisi etdiyi təşkilatın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan "Xocalıya ədalət" kampaniyasında və bu kimi tədbirlərdə yaxından iştirak etdiyini bildirib.

 

Ş.Məhərrəmov faciənin beynəlxalq aləmdə tanıdılmasının vacibliyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, İndoneziya, Kolumbiya, Panama, Paraqvay, Honduras, Əfqanıstan, Qvatemala və Cibuti parlamentlərinin, ABŞ-ın bir sıra ştatlarının Xocalı qətliamını soyqırımı aktı kimi təsdiqlədiyini diqqətə çatdırıb.

 

Ötən əsrin 80-ci illərin sonunda sovet ordusunun tərkibində Azərbaycanda xidmət etmiş ehtiyatda olan general-polkovnik İvan Poloxotnyuk erməni silahlılarının azərbaycanlılara necə qənim kəsildiyinin şahidi olduğunu vurğulayıb.

 

Ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycana təbriklərini çatdıran general-polkovnik Ukraynanın da öz ərazi bütövlüyü uğrunda mübarizədə qələbəsinə əmin olduğunu bildirib.

 

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov isə Xocalı soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı Ukrayna ictimaiyyətinin yaxından tanış olduğunu vurğulayıb. Hazırda Ukraynada gedən genişmiqyaslı müharibə fonunda Ukrayna xalqının Azərbaycanın yaxın tarixində baş vermiş hadisələrə maraq göstərdiyini söyləyib.

 

Tədbirdən sonra iştirakçılar Xocalı soyqırımına dair bağlı sərgi ilə tanış olublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi