Modern.az

Azərbaycana gətirilən smartfonlar bahalaşıb - Ən çox bu ölkələrdən telefon alırıq...

Azərbaycana gətirilən smartfonlar bahalaşıb - Ən çox bu ölkələrdən telefon alırıq...

İqtisadiyyat

7 Mart 2024, 11:19

Azərbaycana 2023-cü ildə gətirilən smartfonların sayında kəskin artım qeydə alınıb.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkəyə ümumi dəyəri 334 milyon dollar olan 1.3 milyona yaxın smartfon gətirilib.

 

Bu, 2022-ci ildə ölkəyə gətirilən 153 milyon dollarlıq 671 minə yaxın telefonla müqayisədə 1.8 dəfə çoxdur. Telefonların sayında artım 1.8 dəfə olsa da, ümumi qiymətdə artım 2.2 dəfə olub. Beləliklə, telefonların orta qiymətində bahalaşma müşahidə olunub.

 

2022-ci ildə Azərbaycana gətirilən telefonların birinin orta qiyməti 226 dollar olubsa, ötən il bu rəqəm 264 dollar olub. Yəni 1 il ərzində Azərbayana gətirilən telefonların orta qiyməti 38 dollar və ya təxminən 65 manat bahalaşıb.

Ölkəmizin smartfon idxal etdiyi əsas ölkələr dəyişməyib. Belə ki, Azərbaycana əsasən Çin, Vyetnam və Hindistandan telefon gətirilib.

 

Çin Azərbaycana ən çox telefon ixrac edən ölkədir. 2023-cü ildə bu ölkədən Azərbaycana 921623 ədəd telefon gətirilib ki, bunların ümumi qiyməti 240 milyon manat olub. Ölkəmizə 2023-cü ildə gətirilən telefonların ümumi sayının 73%-ə yaxını Çindən göndərilib. 2022-ci illə müqayisədə isə Çindən göndərilən telefonların sayında 2 dəfədən çox artım qeydə alınıb. Çindən gətirilən telefonların birinin orta qiyməti 260 dollara yaxın olub.

 

Azərbaycana ən çox telefon ixrac edən ikinci ölkə Vyetnamdır. Ötən il bu ölkədən Azərbaycana 68 milyon dollar dəyərində 270 minə yaxın telefon gətirilib. Vyetnamdan ölkəmizə gətirilən telefonların orta qiyməti 255 dollar olub.

Ölkəmizə ən çox telefon ixrac edən üçüncü ölkə isə Hindistan olub. 2023-cü ildə Hindistandan Azərbaycana 22 milyon milyon dollar dəyərində 74520 ədəd telefon idxal edilib. Bir telefonun orta qiyməti 295 dollar olub. Yeri gəlmişkən, 2022-ci illə müqayisədə ötən il Hindistandan gətirilən telefonların sayında azalma müşahidə edilib.

 

Ötən il ABŞ-dən gətirilən telefonlarda da kəskin artım olub. 2022-ci ildə ABŞ-dən  39 ədəd telefon gətirilib, ötən il bu rəqəm 2036 ədəd olub. Bu ölkədən telefonların orta qiyməti 1000 dollardan çox olub.

 

Azərbaycan az sayda olsa da, Honkonq, BƏƏ, Yaponiya və digər ölkələrdən də telefon idxal edib.

 

Nəticə etibarilə, Azərbaycana ötən il gətirilən telefonlar bahalaşıb. Ölkənin telefon bazarında dominantlıq edən ölkə Çin olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir