Modern.az

Sirli "Bermud üçbucağı"ndan sağ qayıdan Azərbaycan aliminin dedikləri

Sirli "Bermud üçbucağı"ndan sağ qayıdan Azərbaycan aliminin dedikləri

10 Oktyabr 2013, 11:14

Modern.az saytı elm xadimləri barədə silsilə yazılarını davam etdirir. Bu dəfəki qəhrəman öz sahəsində tanınan mütəxəssislərdən olan geologiya-minereologiya elmləri doktoru mərhum Rüstəm Babayevdir. Alimin özəlliyi əfsanəvi “Bermud üçbucağı”na səyahət etməsidir. Dünya Okeanının ən təhlükəli nöqtəsi sayılan “Bermud üçbucağı” çox obyektlərin, insanların məhvinə səbəb olub. Alimlərin bu müəmma barədə fikirləri birmənalı deyil. Bəziləri onun sadə elmi izahını verir, okeanla atmosferin qarşılıqlı əlaqəsi nəticəsində hava kütlələrinin güclü hərəkəti ilə əlaqələndirir. Bəziləri bunu fizika və geofizika elminin aydınlaşdıra bilməyəcəyi bir müəmma, bəziləri isə yalnız və yalnız böyük dövlətlərin ortaya atdıqları uydurma adlandırır.

Azərbaycandan isə bu sirli obyektə elmi tədqiqat üçün iki alim gedib çıxa bilib. Bunlar 1982-ci ildə ora səfər etmiş iki geoloq alim Rüstəm Babayev və Xəlil Əliyulladır. Yazının qəhrəmanı  Rüstəm Babayev ötən il rəhmətə gedib. Amma həqiqətən də həm “Bermud üçbucağı”,  həm də digər məsələlər barədə çox maraqlı xatirələri var idi.

Rüstəm Babayevin “Bermud səfəri” barədə yazı hazırlayərkən onun ailə üzvləri köməyimizə çatdı. Oğlu Qulam Babayev mərhum atasının yolunu davam etdirir. Geologiya İnsitutunda çalışır və goelogiya–minereologiya elmlər namizədidir. Alimin həyat yoldaşı Məlahət xanımla əlaqə saxlayanda o, çox kövrəldi. “Heyif ki, ayaqlarım tutulub, yoxsa sizin iş yerinizə gəlib onun haqqında  özüm nə qədər istəsəniz danışardım. Vallah, mənim yoldaşımdan yox idi”.
Həyacanlanan Məlahət xanıma zəngimizin məqsədi barədə məlumat veririk.
“Düzdür, o, “Bermud üçbucağı”nda olan iki azərbaycanlıdan biridir. 1982-ci ildə ora getdilər. Bir növ onunla birlikdə gedən alimlərin müəllimi idi. Ondan çox şey öyrənirdilər. Hətta gəmidə olan “Pravda” qəzetinin müxbiri Poçevalov onun haqqında roman da yazdı. Düzdü, romanda Mamedov kimi gedirdi. Amma müəllif özü demiş ki, mən bu romanı sizə həsr etmişəm. O vaxt çoxları “Bermud üçbucağı”ndan sağ qayıtmırdı. Amma o, elm naminə ora getməyi üstün tutdu. Qızım Səidə onun “Bermud üçbucağı” barədə xatirələrini və orda apardığı tədqiqatları bir yerə cəmləyib”-deyə Rüstəm Babayevin həyat yoldaşı bildirir.

Qeyd edək ki, Məlahət xanım yataq xəstəsidir. Ömrünü demək olar ki, elm fədaisi olan alimə həsr edib. Odur ki, ürəyi dolu olduğundan mövzumuzdan kənara çıxır:

“Hər ikimiz 1951-ci ildə geologiya fakültəsinə daxil olduq. 1956-cı ildə oranı bitirdik. Akademiyanın indiki prezidenti Akif müəllim bizimlə paralel oxuyurdu. Yeri gəlmişkən, oğlum Qulam Babayev də hazırda Geologiya İnsitutunda çalışır. Akif müəllimin ona çox qayğısı olub. Rüstəm müəllim çox hörmət olunan müəllimlərdən idi. Novosibirskidə olanda Sibir neftinin atası sayılan Fərman Salmanov gəlib onu qucaqladı. Dedi, mən fəxr edirəm ki, Azərbaycanın belə alimləri var. Ömrünün son beş ilini yataq xəstəsi oldu. Görünür, “Bermud üçbucağı”ndakı səyahətin də təsiri olub. Mehriban xanım onun barəsində jurnalda oxumuşdu. Dedi ki, mən hər cür kömək etməyə hazıram. Onu Respublika Kliniki Xəstəxanasında və digər tibb ocaqlarında müalicə etməyə çalışdılar. Amma özü getmədi. Yataq xəstəsi idi və bundan xəcalət çəkirdi. Dedi ki, elə evdə olum, mənə burda baxarsız. Mən beş il onun yanından tərpənmədim. Ona bütün bacarığımla qulluq  etdim. Ayaqlarım tutuldu. İndi  özüm xəstəyəm. Heç yana tərpənə bilmirəm. Siz onu yad etməklə məni sanki yataqdan qaldırdınız”.

Məlahət xanımın bu sözü bizi də təsirləndirdi. Elm xadimlərinə, əsl ziyalılara  media tərəfindən diqqətin demək olar ki, olmadığı bir dönəmdə bizi daha da işə sövq etdi və  mərhumun

müəmmalı “Bermud səfəri”

barədə daha müfəssəl məlumat toplamağa çalışdıq.
Rüstəm Babayev 1982-ci ilin aprel ayında özünün üçüncü okean səfərinə çıxır. Polşanın “Vtyaz”  gəmisi ilə yola çıxan espedisiyanın ünvanı bu dəfə okeanın ən təhlükəli yeri “Bermud üçbucağı” idi. “Şeytan üçbucağı” adlanan bu müəmmalı zonaya Qara dəniz, Cəbəllütariq boğazı və Atlantik okeanını dəf etməklə çatırlar. Əlverli hava şəraiti belə, onların qorxusunu dəf edə bilmir. Çünki elə bir dönəm idi ki, hətta təyyarələr belə bu şeytan torunun zonasında yoxa çıxırdı. Elə bir fakt olub ki, təyyarənin özü qalıb, sərnişinləri yoxa çıxıb. Bu kimi müəmmalar ekspedisiyanı çox düşündürüb. Bermud öz şıltaqlığını çox keçmir ki, onlara da göstərir. Üç gün davam edən fırtına heyətin demək olar ki, həyata inamını itirir. Amma fırtına çox keçmir ki, çəkilir və tədqiqat aparan keçmiş SSRİ alimlərinin həyatı qurtulur.
Rüstəm Babayev heyətin rəhbəri olmasa da, hamı ona bir ağsaqqal kimi hörmət edirdi. Məlahət xanımın da qeyd etdiyi kimi, bəzi məsələləri ondan öyrənirdilər. Sonrdan ömrünün yaşlı çağında “Bermud üçbucağı”na səfər barədə Rüstəm Babayevə müraciət olunsa da, o səhhəti üzündən gedə bilmir. Mərhum sağ olarkən media orqanlarının birində özünün “Bermud səfəri” barədə bunları deyib:
“1982-ci ildə Bermudda səfərdə olmuşam. Geologiya İnstitutunda geologiya-minereologiya elmləri namizədi kimi, böyük elmi işçi vəzifəsində idim. Keçmiş SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsindən məktub gəldi ki, bölmə SSRİ Elm və Texnika Dövlət Komitəsinin (SETDK) qərarına əsasən, elmi tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir və Azərbaycandan iki alim səfərə dəvət olunur. Ekspedisiyanın məqsədlərindən biri okeanın atmosferlə əlaqəsini öyrənmək idi. Qeyd edim ki, okeanla atmosfer arasında ən sıx və güclü əlaqə, böyük enerji "Bermud üçbucağı"ndadır. Ümumiyyətlə, bu ərazi dünya okeanının ən enerjili və təlatümlü hissəsidir. Səfərdə hidroloq, hidrogeoloq, bioloq, fizik və geoloqlardan ibarət heyətə bizdən əlavə SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsi və Fizika İnstitutunun əməkdaşları da daxil idi. Onlar Moskva, Leninqrad, Vilnüs, Gelencik şəhərlərindən idilər. Çexslovakiyadan bir botanik, Almaniyadan iki geologiya-mineralogiya elmləri doktoru da var idi. "Pravda" qəzetinin müxbiri L.Poçevalov "İki nəfər okeanda" adlı məhəbbət romanı yazırdı. Ekspedisiyanın iştirakçıları əsərin qəhrəmanları idi. Mən romanda öz familiyamla deyil, "Rüstəm Məmmədov" obrazı ilə əks olunmuşam. Ekspedisiyanın rəhbəri Sovet dövrünün məşhur okeanoloqu, dəniz və okean tədqiqatçısı, coğrafiya elmləri doktoru Aksyanov idi. Polşada yenicə hazırlanmış qəhrəman "Vityaz" gəmisi ilk reysini bu limana etmişdi ki, bizi "Şeytan üçbucağı"na aparsın...
Orada tədqiqatlar aparmaq üçün bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq" qonaqlarını elə ilk gündə öz xarakterinə uyğun qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng "Vityaz"ı yellətdi. Masaların üzərindəki yüngül əşyalar – çəngəl, qaşıq, qələm, stəkan, kiçik ləvazimatlarımız sürüşməsin deyə, yaş parçalardan süfrə kimi istifadə etdik. Bir az sonra, tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı məlum oldu. Bu məqamda hər kəs öz əşyalarını yerbəyer etməyə başladı. Gəminin içərisində qab-qaşıqların, kiçik ləvazimatların formasına uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün qoyduq həmin yerlərə. Laboratoriya aparatları və cihazlarını isə içəridə iplə sarıdıq. Qapıları bağlayıb hamımız yatağa uzandıq. Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin dörd tərəfinə dəyən zərbələrin bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi. Gəmi hər dörd tərəfdən qalxıb-enirdi. Göyərtə suyun səviyyəsinə qədər əyilib-qalxırdı. Bayırda duman-çəndən başqa heç nə görünmürdü. "Vityaz" böyük və güclü burulğanın içərisində idi. Bizdə qorxudan peşmanlıq hissi yaranmışdı. Amma gəmini idarə edənlərin yüksək məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə döndərmək lazımdır. Kiçik səhf nəticəsində burulğan "Vityaz"ı sürətlə 5 kilometr dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konserv xörəklər və meyvələrlə qidalanırdıq. O qədər yırğalanırdıq ki, ürəkbulanmadan söhbət də edə bilmirdik, sakit uzanıb, fırtınadan nə zaman qurtulacağımızı düşünürdük. Zərbələrin vahiməli səsləri ara vermirdi. Peyk vasitəsi ilə daim hava haqqında proqnozu izləyirdik. Kapitan xəbər verəndə ki, təhlükədən sovuşduq, hamı biri-birini təbrik etdi. Okean sakit, dümdüz, göyün üzü tam aydın idi. Günəş sevincimizə şərik idi. Ertəsi gün tədqiqatlar apardıqdan sonra, cənub-şərq istiqaməti ilə Cəbəllütarik boğazına qayıdıb geri dönəndə anladıq ki, doğrudan da "Bermud üçbucağı"ndan sağ qayıtmaq mümkün imiş”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı