Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dərin etimadının növbəti təcəssümü oldu. Bu seçkilərin nəticəsi bir daha ölkə əhalisinin Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi xəttinə sadiqliyini göstərdi. Seçicilərin 92,12 faizinin cənab İlham Əliyevi dəstəkləməsi göstərdi ki, xalqımız ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamının, Azərbaycanın daha da yüksəlişinin tərəfdarıdır. Seçkinin nəticəsi həm də vətəndaşların torpaqlarımızın işğaldan azadlığını təmin edən İlham Əliyevə minnətdarlığının ifadəsinə çevrildi.
Heydər Əliyevin müəyyən etdiyi konsepsiya yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilir
Bütövlükdə, Vətən müharibəsindəki Zəfər və Qarabağda erməni separatizminə son qoyulması başda olmaqla, ötən 20 ildə müasir tariximizin ən əlamətdar hadisələri baş verib. Bir vaxtlar arzuladığımız, hətta xəyal etdiyimiz məsələlər son 20 ildə gerçəyə çevrilib, həyata vəsiqə alıb. Olduqca xoşbəxt nəslin nümayəndələriyik ki, bu cür möhtəşəm nailiyyətlərə, Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsinə şahidlik edirik.
Azərbaycanın regionda lider, qlobal miqyasda söz sahibinə çevrilməsi, kosmik kluba daxil olması, beynəlxalq enerji təhlükəsizliyi məsələlərində bu gün aparıcı mövqeyə malik olan dövlət kimi tanınması sıradan bir hadisələr deyil. Bütün bunların təməlində Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, düşünülmüş və əsaslandırılmış qərarları, qətiyyətli addımları, mükəmməl inkişaf konsepsiyası dayanır.
Eyni zamanda hər bir uğurumuzun arxasında düzgün kadr siyasəti, "insan kapitalı"nın inkişaf etdirilməsi dayanır. Bu mənada Prezident İlham Əliyevin ötən 20 ildə nail olduğu hər bir uğur həm də respublikamızda həyata keçirilən kadr siyasətindən, "insan kapitalı"nın inkişafı ilə bağlı irəli sürülmüş təşəbbüslərin sürətlə reallaşmasından xəbər verir.
Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə yaradılan ənənələr layiqincə yaşadılır və inkişaf etdirilir. Heydər Əliyev kadr hazırlığında həm də dövlətçilik və milli-mənəvi dəyərlərə böyük önəm verirdi. Ulu Öndərimizin bu sahədə müəyyən etdiyi konsepsiya bu gün böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilir.
Bu gün cəmiyyət həyatının bütün sahələrində idarəçilikdə icraçıların yetişdirilməsi vacibdir. Həm də hər şeydən əvvəl elmi nailiyyətlərə, qabaqcıl təcrübəyə əsaslanan təşəbbüskar, yaradıcı düşünən işçilərin olmasına böyük ehtiyac var. Bu günün idarəçisi hansı sahədə olursa-olsun, ilk növbədə yüksək peşəkarlıq qabiliyyətinə malik olmalı, təşəbbüskar, iti təfəkkürlü, yeniliyə duyğu qabiliyyətinə malik olmalıdır. Çünki həyat çox böyük sürətlə inkişaf edir, şərait, vəziyyət tez-tez dəyişir, odur ki, kadrlar da dəyişilən şəraitlə ayaqlaşmağı, konkret şəraitin vəzifələrini müəyyən etməyi bacarmalıdırlar. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kadr hazırlığı sahəsində əsas elm və təhsil ocağı kimi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Akademiyanın İnzibati idarəetmə, Siyasi idarəetmə və Rəhbər kadrlarin yenidən hazırlanması fakültələrində kadr hazırlığı müasir çağırışlar əsasında həyata keçirilməkdədir.
Nəzəri baxış
İnsan kapitalı fərdin sərmayə qoyması nəticəsində formalaşan və topladığı, əmək prosesində məqsədyönlü şəkildə istifadə edilən, onun məhsuldarlığının və gəlirinin artmasına töhfə verən müəyyən bilik, bacarıq və motivasiya ehtiyatıdır. Başqa cür desək, insan kapitalı - insanın təhsil və əmək fəaliyyəti prosesində topladığı, inkişaf etdirə bildiyi və əmək prosesində yüksək nəticələri, uğurlu fəaliyyət formasında gəlir gətirə bilən qabiliyyətlərdir. Bu, zəka, sağlamlıq, keyfiyyətli və məhsuldar iş və həyat keyfiyyətidir.
Geniş mənada insan kapitalı fəaliyyətlər məcmusudur - fərdlərin ayrı-ayrılıqda və kollektiv şəkildə cəmiyyətdə malik olduqları intellekt, təlim və səriştələrdir. Onun ən mühüm xüsusiyyətləri, birincisi, sahibinin təlim və təhsilə qoyulan investisiyalar nəticəsində müəyyən səviyyədə toplanmış bilik və təcrübəsi, ikincisi, bu kapital üzrə gəliri təmin edən bilik və təcrübədən istifadə edilməsidir. İnnovativ iqtisadi inkişaf şəraitində insan kapitalı ölkənin strateji resursuna çevrilir. Təcrübə göstərir ki, insan kapitalı nəzəriyyəsində təcəssüm olunan ideyalar tarixən dövlətin iqtisadi siyasətinə böyük təsir göstərmişdir. Nəticədə cəmiyyətin insan sərmayəsinə münasibəti dəyişmiş və bu, dünyanın bir çox ölkəsində təhsil və təlimin sürətli inkişafının nəzəri əsasına çevrilmişdir. Çünki bu resurslar millətin, dövlətin öz məqsədlərinə çatmağa yönəldilə bilən bir sərvət kimi insanların ümumi imkanları kimi çıxış edir. Prezident İlham Əliyev çıxışlarında qeyd etmişdir ki, hər bir xalqın, dövlətin gələcək taleyini onun malik olduğu zəngin təbii sərvətlərlə yanaşı, həm də elmi-mədəni və intellektual imkanları və bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyən edir. Bu mənəvi sərvət, insanın ağlı, zəkası modern cəmiyyətlərin əsas güc qaynağıdır.
"İnsan kapitalı" və "insan resursları" anlayışları bir-biri ilə əlaqəlidir. Əgər insan kapitalı insanın öz işində istifadə edə biləcəyi fitri və ya qazanılmış bilik, bacarıq, qabiliyyətlərdirsə, insan resursları bütün bunların nəticəsi olaraq məhsuldarlığı, əməyin səmərəliliyini artırmaq üçün insan potensialı, fiziki və əqli qabiliyyətlərdir. Ümumiyyətlə, insan resursları fiziki və mənəvi qabiliyyətlərin inkişaf səviyyəsi ilə xarakterizə olunan əmək qabiliyyətli əhali, insan potensialının əsasıdır. İnsan resursları ən mühüm inkişaf amilidir.
Neft kapitalının "insan kapitalı"na çevrilməsi təşəbbüsü sürətlə reallaşır
Təsadüfi deyil ki, Azərbaycanda "insan kapitalı" məsələlərinə xüsusi diqqət yetirilməsi respublikamızın inkişaf siyasətinin kompleks məzmunundan xəbər verir. Yəni "insan kapitalı"nın artırılması qarşıya qoyulan inkişaf məqsədlərinin reallaşmasının ayrıca tərkib hissəsi kimi nəzərdən keçirilir. Hələ 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayında Prezident İlham Əliyev demişdi: "Siyasətimizin təməlində insan amili dayanıbdır və bir neçə il əvvəl elan edilmiş "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarı bu gün reallaşır".
Neft kapitalının "insan kapitalı"na çevrilməsi təşəbbüsünün irəli sürülməsi, bu məqsədlə müxtəlif proqramların reallaşdırılması, ümumiyyətlə "insan kapitalı"nın inkişafı yönündə görülən tədbirlər hələ illər öncədən müsbət nəticələrə gətirib çıxarıb. Azərbaycan təhsilində əldə edilən uğurlar, bu sahədə müasir çağırışların rəhbər götürülməsi, innovativ yeniliklərin tətbiqi, xaricdə təhsil proqramlarının həyata keçirilməsi bu siyasətin tərkib hissələridir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmişdir. Bu dövlət proqramının uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, respublikamızın ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.
28 fevral 2022-ci il tarixdə isə Prezident "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir. Proqramın hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcəkdir. 2023-2024-cü tədris ilində dövlət proqramı çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb.
Bütün bunlar Azərbaycan dövlətinin gənclərin təhsilinə və kadr hazırlığına göstərdiyi xüsusi diqqətin və neft kapitalının "insan kapital"ına çevrilməsinin təcəssümüdür. Böyük məmnunluq hissi ilə qeyd etməliyik ki, beynəlxalq qiymətləndirmələrə əsasən, Azərbaycan insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil olub.
Beş milli prioritetdən biri
Dünyamız yenilənir, Dördüncü Sənaye İnqilabı dövrü sürətli dəyişiklikləri və inkişaf göstəriciləri ilə hər kəsi təəccübləndirir. Bu isə hər bir cəmiyyəti yeni inkişaf çağırışlarına sürətlə adaptasiya olunmağa vadar edir. Bu mənada qarşıdakı illərdə dünyanın sürətlə dəyişən reallıqlarına və bu sahədə artan rəqabətə cavab verə bilmək üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalına malik olmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait əsas şərtdir.
Bütün müasir çağırışlara həssaslıqla yanaşan Azərbaycan dövləti gələcək prioritetlərdə bunları da nəzərə alır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd olunur ki, qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması həm də insan kapitalının müasirləşdirilməsini tələb edir. Buna görə də Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı reallaşdırılacaq beş milli prioritetdən biri rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bu prioritetin uğurla reallaşdırılması üçün üç əsas məqsədə nail olunmalıdır. Bunlar XXI əsrin tələblərinə uyğun təhsil, yaradıcı və innovativ cəmiyyət quruculuğu və vətəndaşların sağlam həyat tərzinin təmin olunmasıdır.
Bunlardan irəli gələrək məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılması, erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan "ömürboyu təhsil", ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində modernləşmənin davam etdirilməsi, məzmun islahatlarının dərinləşdirilməsi, habelə güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığının təmin edilməsi diqqət mərkəzində saxlanılacaq.
İdarəetmədə səmərəliliyin və şəffaflığın şərti
Əlbəttə ki, "insan kapitalı"nın inkişafının hədəfi yüksək biliklərə, intellektə, dünyagörüşünə malik, yiyələndiyi ixtisasın tələblərinə uyğun kadrların formalaşdırılmasıdır. Müasir cəmiyyətdə kadrlar öz funksiyalarını uğurla həyata keçirmək üçün təhsil xidmətlərində və əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmalı, həmçinin təhsildə yeni texnologiyaları mənimsəməlidirlər. Bu da hər bir istiqamət üzrə düzgün kadr siyasətinin həyata keçirilməsini zəruri edir. Və bu siyasətin əsas məqsədi cəmiyyətin yüksəkixtisaslı kadrlardan ibarət əmək resurslarına olan tələbatının tam və vaxtında ödənilməsindən ibarətdir. Kadr siyasətinin prioritet istiqaməti işçilərin peşəkarlığını müasir standartlara cavab verən yüksək səviyyədə saxlamaq və artırmaqdır.
Azərbaycanda gedən inkişaf prosesləri kadr siyasəti sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Məsələn, əgər dövlət idarəetmə sahəsinə nəzər yetirsək görərik ki, Prezident İlham Əliyevin kadr siyasəti idarəetmə kadrlarının seçimində məqsədyönlü və uğurlu siyasətidir. Prezident İlham Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi struktur islahatları nəticəsində yenilikçi, müasir düşüncəli kadrlar ölkədə mühüm vəzifələrə təyin edilir. Ölkəmizin başçısı birmənalı olaraq bildirir ki, kadr siyasətində peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas götürülməlidir.
Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Ölkəmizdə ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət idarəçiliyində də ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı və inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Düzgün kadr siyasəti dövlət idarəçiliyində səmərəliliyin artırılmasında da müstəsna rol oynayır. Belə ki, bu, istər qərarların qəbulu, istərsə də icra prosesində fəaliyyətin keyfiyyətini müəyyən edən amildir. Dövlət orqanları tərəfindən məqsədəuyğun şəkildə aparılan kadr siyasəti bütövlükdə ictimai həyatın şəffaflaşdırılmasında da böyük rol oynayır. Digər tərəfdən bu, kadrların rotasiyasının aşkar mexanizmlərini, ümumilikdə dövlət idarəçilik sisteminin funksionallığını artırır.
Kadr ehtiyatı sistemi
Azərbaycanda kadr siyasəti sahəsində həyata keçirilən mütərəqqi addımlardan biri də kadr potensialının gücləndirilməsi üçün kadr ehtiyatı sisteminin yaradılmasıdır. Etibarlı kadr ehtiyatı sisteminin formalaşdırılması dünyanın müxtəlif ölkələrində tətbiq olunan və sınaqdan çıxan mütərəqqi təcrübədir. Respublikamızda da son illərdə belə bir təcrübəni formalaşdırmaq üçün mühüm addımlar atılır. Bu sferada təcrübədə özünü doğrultmuş ənənələr və modellər əsas götürülməklə mütərəqqi milli nümunələr yaradılır. Buna misal olaraq "Yüksəliş" müsabiqəsinin keçirilməsini göstərə bilərik.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 6 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunub. Müsabiqənin məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan, istedadlı idarəçiləri müəyyən edərək kadr ehtiyatı bazasını yaratmaq, eləcə də ölkəmizdə yeni nəsil idarəçilərin yetişdirilməsinə kömək göstərmək, müasir, intellektual səviyyəsi yüksək olan insanların inkişafı üçün bərabər imkanları genişləndirməkdir. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir.
Müsabiqə zamanı iştirakçıların strateji düşünmək, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək bacarığı, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi qabiliyyəti, sosial məsuliyyəti öyrənilir. Çünki bütün bunlar düzgün idarəetmənin əsas şərtləridir. Cəmi 5 ildir ki, təsis olunmasına baxmayaraq, "Yüksəliş" müsabiqəsinə maraq kifayət qədər böyükdür və bu qısa dövrdə kadr bankının formalaşdırılması istiqamətində mühüm nəticələr əldə edilib. İndiyə qədər keçirilmiş 3 müsabiqə üzrə 70 nəfərdən artıq qalib müəyyən edilib. Müsabiqə qalibləri birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Onu da qeyd etmək yerinə düşər ki, müsabiqənin təşkilinə cəlb edilmiş resurslar, vəzifəli dövlət rəsmilərinin burada iştirakı və prosesin yüksək səviyyədə həyata keçirilməsi, qaliblərə münasibət layihənin mühüm tərəfləridir və kadr ehtiyatı sisteminin formalaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsindən xəbər verir.
Könüllülər gələcəyin kadrlarıdır
"İnsan kapitalı"nın inkişafından, peşəkar kadr sisteminin formalaşdırılmasından, bütövlükdə, insan resurslarının gücləndirilməsindən bəhs edərkən bu məsələdə fərdlərin inkişafında və gələcək karyeralarında böyük rol oynayan, yaxud ilkin addımlardan olan könüllülük fəaliyətinin rolunu qeyd etməliyik. Könüllülük fəaliyyəti xüsusən gənclərin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə şəxsi fəaliyyətlərini qura bilmələri üçün də müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə inam qazanmalarına səbəb olur.
Təsadüfi deyil ki, Azərbaycanda gənclər siyasəti çərçivəsində inkişaf etdirilən fəaliyyətlər sırasında diqqət yetirilən əsas məsələlərdən biri də könüllülükdür. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan könüllülük hərəkatının daha böyük vüsət aldığı dövlətlər sırasında gəlir. İndiyədək respublikamızda bu fəaliyyətin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi isə ölkəmizdə könüllülük fəaliyyətinin daha da inkişafında mühüm addım oldu. Bunun nəticəsində indiyədək çoxsaylı könüllü təşkilatları və hərəkatları yaranıb, dövlət orqanlarını və özəl sferanı əhatə edən könüllülərdən ibarət qruplar formalaşıb. Nəticə etibarilə könüllülük fəaliyyəti Azərbaycanda geniş yayılaraq cəmiyyətimizin bütün sferalarını əhatə edib və həyat tərzinə çevrilib. Bu isə öz növbəsində "insan kapitalının" inkişafında, kadr bazasının daha da gücləndirilməsində böyük rol oynayan amil kimi çıxış etməkdədir.
İlham Əliyev: "Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək"
Fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq kadr hazırlığının önəmini vurğulayıb. "Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Deyə bilərəm ki, bu istiqamətdə son 1-2 il ərzində böyük inkişaf mövcuddur, bəlkə də ictimaiyyət o qədər də məlumatlı deyil. Ancaq kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar", - deyə Prezident İlham Əliyev bildirib.
Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin enerji sektorundan respublikamıza gələn gəlirlərin həm də "insan kapitalı"nın inkişafına yönləndirilməsi ilə bağlı təşəbbüsləri, bu sahədə həyata keçirilən məqsədyönlü konsepsiya təcrübədə özünü uğurla doğrultmaqdadır. Qlobal təcrübə də çoxdan sübuta yetirib ki, sürətlə dəyişən və inkişaf edən dünyamızda uğurla rəqabət apara bilmək üçün birinci növbədə müasir çağırışların tələblərinə cavab verən biliklərə, yüksək intellekt və davranışlara sahib olmaq lazımdır.
Hazırkı şəraitdə hər bir dövlətin gələcək uğurları bir sıra meyarlarla yanaşı, vətəndaşların təhsilindən və bacarıqlarının inkişaf etdirilməsindən asılıdır. Qürurla qeyd etməliyik ki, respublikamızda həyata keçirilən kadr siyasəti bu reallıqlara söykənir və hər bir vətəndaşın, o cümlədən hər bir kadrın məhz bu kimi keyfiyyətlərə malik olmasını özündə ehtiva edir.
Hadi Rəcəbli,
siyasi elmlər doktoru,
professor