Səbail rayonu ərazisindəki Xaqani bağının (Malakan bağı) ətrafında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.
“Təsəvvür edin, pik saatlarda parkın ətrafında o qədər avtomobil hərəkət edir ki, hətta digər küçələrdə də sıxlıq yaranır. Məsələn, hər axşam Zərifə Əliyeva küçəsində - “Sahil” metrostansiyasının ətrafında yaranan tıxac və sıxlıq "Torqovı"ya maşınla gedənlərə görə yaranır.
Yəqin özünüz də şahidi olmusunuz ki, oradan keçib Neftçilər prospektinə çıxaraq “Azneft” dairəsi istiqamətində hərəkət edəndə yolun boş olduğu görürür. "Torqovı"ya cəmi bir zolaqla maşın yolu olsa da, 3 zolaqda dirənib bir küçəyə girməyə çalışan sürücülər yolu bağlayır və sola gedənlər üçün cəmi 1 zolaq qalır.
Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların, orada yaşayanların istirahətini mümkünsüz edir. Buna görə də ərazinin piyadalaşdırılmasına ciddi ehtiyac var”.
E.Muradlı deyib ki, artıq belə bir layihə müvafiq qurumlar tərəfindən müzakirə olunur.