Modern.az

Ukraynalı həmmüəllifin Rusiyada yasaqlı bestselleri Almaniyada nəşr olunub

Ukraynalı həmmüəllifin Rusiyada yasaqlı bestselleri Almaniyada nəşr olunub

Mədəni̇yyət

1 Mart 2024, 10:46

Almaniyanın "Blanvalet" nəşriyyatı Rusiyada artıq bestseller olan qadağalı kitabı nəşr edib.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, söhbət rusiyalı və ukraynalı həmmüəlliflərin qələmə aldığı “Pioner qalstukunda yay” romanından gedir.

 

Kitab Almaniyanın kitab bazarına “Du und ich und der Sommer” (“Sən və mən və yay”) adı ilə çıxıb. Bu kitab pioner düşərgəsinin məsləhətçisinə aşiq olan bir yeniyetmənin hekayəsindən bəhs edir. 2021-ci ildə "Popcorn Books" nəşriyyatı tərəfindən Rusiyada nəşr olunan romana görə müəllifləri Katerina Silvanova və Yelena Malisovaya qarşı aparılan geniş kampaniyaya baxmayaraq, bestseller olub.

 

 

Kitabda təsvir edilən pioner Yura ilə məsləhətçi Volodya arasındakı münasibət “LGBT təbliğatı” hesab edilərək qadağan olunub. Yazıçılar "xarici agent" elan edilib. Kitabın ukraynalı həmmüəllifi - 8 il Rusiyada yaşayan 32 yaşlı Katerina Silvanova Ukraynada müharibə başlayandan sonra geri qayıtdığı Xarkovda anadan olub. Rusiyalı həmmüəllif, 37 yaşlı Yelena Malisova isə 2022-ci ildə Almaniyaya köçüb.

 

Yazıçılar romanın almancasını martın 21 və 22-də Leypsiq kitab sərgisində təqdim edəcəklər.

 

Qeyd edək ki, kitab Rusiyada qadağan olunduqdan və satışdan kənarlaşdırıldıqdan sonra məşhur “Eksmo” nəşriyyat qrupu “Pioner qalstukunda yay” romanını nəşr etdirən “Popcorn Books” nəşriyyatına nəzarəti ələ alıb. Aktivin satışı ilə bağlı danışıqlar 2023-cü ilin fevralından davam edib.

 

"Popcorn Books"un sahibi Denis Kotovun nəşriyyatı satmağı planlaşdırması və artıq ona alıcı axtarması həmin vaxtdan məlum idi. Əməliyyatın məbləği açıqlanmır. Kotovun qərarı Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin şikayəti əsasında nəşriyyata qarşı “LGBT təbliğatı” ilə bağlı protokolun tərtib edilməsi ilə bağlı olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək