Modern.az

Süni mayalanma məhkəməyə səbəb oldu - Həkim hüquqşünasdan şikayət etdi

Süni mayalanma məhkəməyə səbəb oldu - Həkim hüquqşünasdan şikayət etdi

1 Mart 2024, 12:38

Bakıda fəaliyyət göstərən süni mayalanma üzrə türkiyəli həkim, uzman mama ginekoloqu Öndər Tulumbacı tanınmış hüquqşünas-vəkil Əkrəm Həsənovu məhkəməyə verib. Həkim hüquqşünası ona böhtan atmaqda ittiham edib.

Modern.az xəbər verir ki, məlumatı hüquqşünas Əkrəm Həsənov açıqlayıb.

Fevralın 23-də bu iş üzrə Xətai rayon məhkəməsində (hakim Sülhanə Hacıyeva) hazırlıq iclası da olub.

Ə.Həsənov bildirib ki, o, bir müddət əvvəl Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunmuş süni mayalanma hadisəsi ilə bağlı sosial şəbəkədə paylaşma edib.

Həmin sənəddə göstərilib ki, 2005-ci ildə nikaha girən ər-arvad uzun müddət övlad sahibi ola bilmədiklərinə görə süni mayalanma yoluna əl atıblar. 2010-cu ildə süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. Süni mayalanma üçün tələb olunan bütün xərcləri ər ödəyib. Lakin ailənin xoşbəxtliyi uzun sürməyib.

7 ildən sonra – 2017-ci ildə ər-arvad arasında düşən münaqişə onların boşanması ilə nəticələnib.

Boşanma ərəfəsində arvad kişiyə deyib ki, “sən uşaqların bioloji atası da deyilsən”.

Arvadının sözlərindən şoka düşən ər “Bioloji təbabət” Klinikasına müraciət edərək tibbi yoxlamadan keçib. Klinikada məlum olub ki, doğrudan da onun heç vaxt övladı ola bilməz.

Məhkəmə sənədlərindən belə məlum olur ki, sən demə, kişi tam sonsuz imiş, yəni ondan götürülən hüceyrə süni mayalanma yolu ilə embrion yaratmağa yararsız olub. Tibbi yoxlamalar zamanı bunu bilən həkim arvada başqa kişinin donorluğunu təklif edib, o da razılaşıb. Amma bunu ərdən gizlədiblər.


Ə.Həsənov bildirib ki, iddiaya görə, həmin həkim Türkiyə əsilli Öndər Tulumbacıdır.

“Həmin açıqlaçmada qeyd edilən faktlar Ali Məhkəmənin ictimaiyyətə açıq olan və tərəfimdən dərc edilən Qərarından götürülüb. Onların doğru və ya yalan olmasına mən cavabdeh deyiləm".
 

Ə.Həsənovun sözlərinə görə, Öndər Tulumbacı məhkəməyə etdiyi şikayətdə yazıb ki, hüquqşünasın  açıqlamasından sonra onun pasiyentlərinin sayında kəskin azalma baş verib.

“Ali Məhkəmənin sözügedən qərarını ictimailəşdirmək mənim hüququmdur. Konkret bu halda isə vətəndaşlıq borcumdur...
...Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Söhbət genofonddan gedir. Bu sahədə hazırda heç bir ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsizlik böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin".


Ə.Həsənov deyib ki, o, bir vətəndaş olaraq Azərbaycan donor vasitəsilə uşağın doğulmasının əleyhinədir.

“Ona görə ki, süni mayalanma gələcəkdə qardaş və bacının evlənməsi hallarını istisna etmir. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda, məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər.
Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil