Modern.az

Hikmət Hacıyev Münhen görüşündən danışdı: Məhsuldar və pozitiv keçib...

Hikmət Hacıyev Münhen görüşündən danışdı: Məhsuldar və pozitiv keçib...

Ölkə

1 Mart 2024, 15:08

Sülh müqaviləsi sadəcə imzalanmaq naminə imzalanmamalıdır, sülhə nail olmaq üçün real niyyət lazımdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə bir araya gəlib sülh müqaviləsini imzalamalıdır.

 

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.

 

Hikmət Hacıyev deyib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd real sərhəd olmalıdır, qarşıdurma xətti olmamalıdır. Bununla bağlı Azərbaycan tərəfinin Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə dair açıq sualı var.

 

Onun sözlərinə görə, militarizasiyaya dair proqramlar artıq təşviq edilməməlidir.

 

“Azərbaycan Cənubi Qafqazda əlaqələndirmə xətlərinin inşasını davam etdirəcək. Bu prosesə Rusiya-Ukrayna müharibəsi səbəbindən deyil, çox illər əvvəl başlanılıb. Və biz Gürcüstan və Türkiyə ilə birlikdə real dəmir yolu komponenti inşa etmişik. Digər tərəfdən, Cənubi Qafqaz, Türkiyə, Qara dəniz və Xəzər dənizini əhatə edən enerji komponentini də inşa etmişik”, - Hikmət Hacıyev qeyd edib.

 

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üçün Dağlıq Qarabağ adlı məsələ yoxdur və BMT-nin özünümüdəfiə haqqından istifadə edərək 30 il ərzində işğal altında olan ərazilərini azad edib.

 

“Azərbaycanın gündəliyi sülh və regional əməkdaşlıqdan ibarətdir. 2020-ci ildəki müharibədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə dair 5 fundamental prinsip hazırlayıb. Tərəflər arasında diplomatik danışıqlar davam edir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşü məhsuldar və pozitiv atmosferdə keçib”, - o deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi