Martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevlə görüşərək ona Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edib.
Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, görüşdə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov birinci Qarabağ Müharibəsi veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı Rayon Prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini vurğulayıb, fədakar fəaliyyətinə görə ona minnətdarlığını çatdırıb.
Görüşdə, həmçinin digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıblar.