Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?
Modern.az saytı parlament jurnalistləri arasında sorğu apararaq bu dəfə 91 saylı Ucar seçki dairəsinin deputatı Elton Məmmədovu millət vəkili kimi necə xarakterizə etdiklərini öyrənib.
Arayış: Elton Məmmədov 1954-cü il dekabrın 18-də Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Tomsk İnşaat Mühəndisləri İnstitutunun avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirib. 2000-ci ildən bəri üçüncü çağırışdır ki, Milli Məclisin deputatıdır.
91 saylı Ucar seçki dairəsindən seçilmiş bitərəf deputat Elton Məmmədov hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir.
“Lent.az”ın əməkdaşı Ramiz Cürənov bildirib ki, Elton Məmmədov nisbətən fəal millət vəkillərindən biridir. “Bir dəfə onunla danışmışam, öz sahəsində kifayət qədər məlumatlı insandır. Jurnalistlərlə əlaqələrdən qaçmır və münasibətlərdə heç bir problem olmur. Bir dəfə hətta onun ev telefonuna zəng edib məlumat almışam”.
“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu bildirib ki, Elton Məmmədovu deputat fəaliyyətindən çox, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı kimi tanıyır. “Bu günə kimi parlamentdə hansısa məsələ ilə bağlı danışdığının şahidi olmamışam. Ümumiyyətlə, jurnalistlərə də açıqlama verdiyini görməmişəm. Milli Məclisə təsadüfü düşən deputatlardan sayıram. Seçicilərlə necə işlədiyindən xəbərsizəm. Hesab edirəm ki, qeyri-fəal deputatdır”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə Elton Məmmədovu yalnız hökumətin illik hesabatı dinləniləndə və dövlət büdcəsi müzakirə olunanda çıxış edən görüb. “Əvvəlcədən hazırladığı tərif dolu çıxışını kağızdan oxuyub. Seçiciləri ilə neçə işlədiyi haqda məlumatım yoxdur. Ona görə də bir söz deyə bilməyəcəyəm. Amma Elton Məmmədovu daha çox nəqliyyat naziri Ziya Məmmədovun qardaşı kimi tanıyırlar”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı qeyd edib ki, Elton Məmmədov çox danışan, hər dəfə çıxışa yazılan deputatlardan deyil. “Amma onu passiv fəaliyyətdə ittiham etmək də düzgün olmazdı. Çünki ara-sıra qanunvericilik aktlarının müzakirəsinə qatılır, bəzən təkliflərini verir. Elton Məmmədovun jurnalistlərə yanaşmasında da xüsusi bir problem müşahidə etməmişəm”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı hesab edir ki, Elton Məmmədov daha çox iqtisadi və enerji məsələləri ilə bağlı çıxışlar edir. “Hər il dövlət büdcəsi müzakirə olunanda, hökumət illik hesabat verəndə bu deputat müzakirələrə fəal qatılır”.
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu: “Elton Məmmədov artıq ikinci çağırışdı Milli Məclisin deputatıdır, bitərəfdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Plenar iclaslarda daha çox öz komitəsinə dair qanun layihələrinin müzakirəsi zamanı çıxış edir. Jurnalistlərlə ünsiyyətə o qədər də meylli deyil. Deputat seçildiyi rayonunda seçicilərlə necə işləməsindən xəbərim yoxdur”.
“Novosti-Azərbaycan” Agentliyinin əməkdaşı Mürtəza Bünyadov isə onu daha çox nazir qardaşı kimi tanıdığını bildirib.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deyir ki, Elton Məmmədov nadir hallarda çıxış edən deputatlardandır. “Savadlı, düşüncəli insandır. Amma həmişə tərif deyir. Mətbuata qapalı adam deyil. Bu da fikrimcə yaxşı haldır”.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun fikrincə, Elton Məmmədov parlamentin plenar iclaslarında fəallıq göstərməyə çalışsa da, amma xüsusi yaddaqalan çıxış və təklifləri ilə seçilməyib. “Eyni zamanda, parlament jurnalistləri ilə də məsafəli davranmaq, bəzi hallarda isə ona yaxınlaşanları acılamaq yolunu tutub. Seçiciləri ilə münasibətlərindən də bir söz deyə bilmərəm”.
Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Elton Məmmədovun seçicilərlə necə işləməsindən xəbərsizəm. Jurnalistlərlə əməkdaşlığa gəlincə, deyə bilərəm ki, mətbuata o qədər də qapalı deputat deyil. Milli Məclisdə hər hansı qanunvericilik təşəbbüsünün şahidi olmamışam”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev hesab edir ki, Elton Məmmədov fəal deputatlardan deyil. “Adətən, parlamentdə daha çox büdcə müzakirələrində çıxış edir. Diqqət edirəm, daha çox da nəqliyyat sahəsində görülən işləri tərifləməyə çalışır. Jurnalistlərlə münasibətləri normal deyil. Özüm müşahidə etməmişəm, amma həmkarlardan eşitmişəm ki, kifayət qədər də acıdildir. Seçiciləri ilə hansı formada işləməsindən məlumatsızam. İnanmaq istəyirəm ki, bu sahədəki fəallığı ilə digər sahələrdəki passivliyini kompensasiya edir”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: "Elton Məmmədov deputat həmkarlarından bir çox xüsusiyyətlərinə görə fərqlənir. Hər qanun layihələrinin müzakirəsində deyil, bəzi məsələlərdə çıxış edir, xüsusilə yol infrastrukturu, dövlət əhəmiyyətli qanun layihələrinin müzakirəsi zamanı fikirlərini bildirir. Cari məsələlərin müzakirəsi zamanı isə nadir hallarda çıxış edər. Yəni nə aktiv, nə də passiv deputat kimi qiymətləndirirəm”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan qeyd edib ki, Elton Məmmədov parlamentin passiv deputatlarından biridir. Onun sözlərinə görə, deputat daha çox nəqliyyat naziri Ziya Məmmədovun qardaşı kimi tanınır. “Adı biznes işlərində hallanır. Hesab edirəm ki, deputat qanun yaradıcılığı ilə məşğul olmalıdır, eyni zamanda seçiciləri ilə təmasda olmalı, onların hüquqlarının müdafiəçisi olmalıdır. Yəni onu seçən insanların vəkili olaraq fəaliyyət göstərməlidir. Yoxsa ildə 2 dəfə rayon İcra Hakimiyyətinin hesabatlarında iştirak etməklə kifayətlənməməlidir. Və yaxud təkcə prezident həmin rayonda səfərdə olarkən ora getməməlidir. Millət vəkili mütəmadi seçildiyi rayonun və seçicilərinin problemləri ilə maraqlanmalı, onların həllinə çalışmalıdır. Bir sözlə, deputatın sorağı ofşor ərazilərdən yox, təmsil etdiyi bölgədən gəlməlidir. Elton Məmmədov kimi hökumətin hesabatlarına bəytərifi demək heç də o demək deyil ki, o fəaldır, səsi tribunadan eşidilir”.
Aytən ƏLİYEVA