Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
Azərbaycanda çəkilən ilk ikiseriyalı bədii film olan “Dədə Qorqud”un geniş təqdimata ehtiyacı yoxdur. Yəqin ki, yaşlı və orta nəsil bu filmə dəfələrlə baxıb. Rejissor Тоfiq Tağızadənin Anarın ssenarisi əsasında çəkdiyi “Dədə Qorqud” 1975-ci ildə lentə alınıb. Azərbaycan xalqının “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında çəkilən filmdə bir sıra tanınmış aktyorlar yer alıb.
Onlardan biri də filmdə mənfi obraz olan Aruz rolunun ifaçısı Givi Toxadzedir.
Gürcüstanın əməkdar atristi, teatr və kino aktyoru Givi Toxadze 1922-ci ilin oktyabrında Poti şəhərində anadan olub. Rustaveli adına Teatr İnstitutunu bitirəndən sonra Ş.Rustaveli adına Tiflis Dövlət Dram Teatrının truppasına qəbul edilib. 1956-cı ildən “Gürcüstan-film” kinostudiyasının aktyoru olub.
Givi Toxadze Böyük Vətən Müharibəsinin iştirakçısı olub.
Givi Toxadze Azərbaycanda daha bir ekran əsərinə çəkilib. O, rejissor Hüseyn Seyizadənin çəkdiyi “Koroğlu” filmində gürcü oğlu rolunu da canlandırıb.
Givi Toxadze 25 noyabr 2010-cu il tarixində 88 yaşında Tiflisdə vəfat edib.
A.Qorxmaz