Modern.az

“Habil Əliyevdən zəhləm gedir” - Məşhur müğənni Nazim Ağayevin evindən REPORTAJ - FOTOLAR

“Habil Əliyevdən zəhləm gedir” - Məşhur müğənni Nazim Ağayevin evindən REPORTAJ - FOTOLAR

Reportaj

12 Oktyabr 2013, 11:38


Günorta saat 4-dür, Bayılda, Doğum evini qarşısındayam. Evlərinə zəng vururam. Beş dəqiqədən sonra yolun digər tərəfində respublikanın əməkdar artisti, ötənlərin məşhur müğənnisi Nazim Ağayev görünür.
Düzdür, illər öz sözünü deyib, amma maşallah, gümrahdır. Yolun bu tayından işarə edirəm ki, bir də əziyyət çəkib bəri tərəfə keçməsin. Burdan evə qədər olan beş dəqiqəlik yol qısaca tanışlığa kifayət edir.

Amma zarafat deyil, qarşımda illərin təcrübəsi, həm də baməzəliyi ilə ad çıxarmış bir sənətkardır. Söhbət əsnasında hiss edirəm ki, yaddaşı bir balaca korşalıb. Belə məqamlarda 49 illik həyat yoldaşı Şərəbanu müəllimə köməyimizə çatır. 

-1939-cu ildə Bakıda anadan olmuşam. Əslimiz Ərdəbildəndir. Atam, əmilərim İranda çox böyük Ağayilər nəslindəndilər. Uşaq olanda Bakıya köçüblər. Atam çox gənc yaşlarında Karamel fabrikinin rəhbəri olub. 

- Nə vaxt hiss elədiniz ki, səsiniz var?

- Orrta məktəb tədbirlərində oxuyurdum. Sonra Teatr İnstitutuna qəbul oldum. Şəfiqə Məmmədova, Elxan Qasımov, Arif Babayev bizimlə oxuyub. Şəfiqə əslən Dərbənd qızıdır.

Nazim müəllim danışır, mən isə növbəti sual kimi “xanımınızla harda tanış olmusunuz” deyə soruşmaq istəyirəm. Amma birdən sərt cavab versə... Vermir...

-Anam Lənkəranlıdır. Yoldaşım da onun qohumlarındandır.

- Öz istədiyiniz olub?

- İstədim ki, gətirdim bura da.

- Neçənci ildə ailə qurmusunuz?

- 1964-cü ildə. O vaxt mənim 25, yoldaşımın 20 yaşı var idi.

- O vaxt efirə çıxmaq qəliz məzələ idi...

- Əlbəttə. Üçüncü kursdan peşəkar səhnədəyəm. Toyların birində bəstəkar, dövlət filarmoniyasının bədii rəhbəri Ağasi Məşədibəyov məni gördü. Qısa sual-cavabdan sonra dedi ki, sabah gələrsən filarmoniyaya. Onda ailəli idim. Hərdənbir də institutun kollektivi ilə konsertə gedirdik. Ondan sonra peşəkar fəaliyyətim başladı.

- Kimlərlə tanış oldunz filarmoniyada?

- Əbülfət Əliyev, Gülağa Məmmədov, Anatollu Qəniyev kimi sənətkarlara tanış oldum. Qulu Əsgərov isə mənə dərs deyib.

- Fəxri adı da çox gec aldınız. 

- 2009-cu ildə əməkdar artist fəxri adı almışam.

- Sovet dövrünün sevimli sənətkarlarından olmusunuz. Müstəqillik dövründə sənətkarların hərəsi özünə bir gün ağladı. Amma siz bir az kölgədə qaldınız sanki. Niyə belə oldu?

- Özüm kənara çəkilmədim, həmişə ortada olmuşam. Sadəcə kollektivlər dağıldı, aləm dəydi bir-birinə. O vaxta kimi xeyli qastrollarda olmuşam, filarmoniyanın, “Qoskonsert”in solisti idim.

- Nə əcəb sovet dövründə fəxri ad almadınız?

- İstərdim fəxri ad alım. Amma sovet vaxtı elə bil yiyəsislzik oldu. Azərbaycan və SSRİ-i torpağını başdan ayağa gəzmişəm. 

- Birdən-birə efirdən uzaq düşdünüz. Sizi efirə dəvət etmədilər, yoxsa özünüz çıxmadınız?

- Doğrusu, özüm maraqlanmadım. Bu sənətdə yetərincə imkanlarım olub. Tay-tuşlarım filarmoniyaya uzaqdan baxanda, Şəmsi Bədəlbəyli, Ağasi Məşədibəyov kimi nəhənglərlə qastrollara gedirdim. Şəmsi müəllim filarmoniyanın direktoru idi. Tay-tuşlarım arasında ən çox bəyəndiyi mən olmuşam. İnstitutu da əla bitirmişəm axı.

- Deyəsən öz yazdığınız mahnılar da olub. 

- “Niyə gəlməz oldu” mahnısını ilk dəfə mən tapıb üzə çıxarmışam. “Yarım gəlir asta-asta”, “Deyin mübarək olsun” mahnıları mənimdir. Ancaq özüm, ikinci adam yazsa güllələyərəm (gülür). Sözləri də mənimdir, musiqisi də. 

Bu arada söhbətin davamına körpü salmaq üçün Nazim müəllimdən iştirakçısı olduğu yumoristik əhvalatlardan birini danışmağı xahiş edirəm. Ha fikirləşir, xatırlaya bilmir.
“Ona yaxşı qulaq as e, məndə fərli-başlı heç nə yoxdur” deyərək xanımını göstərib gülümsəyir. Beləcə Şərəbanu xanım yetir köməyimizə. Deyir ki, cavanlıqda çox adam Nazim Ağayevi əfsanəvi sənətkar Əliağa Ağayevin oğlu bilirmiş. Hətta müğənnini toya çağırmaq üçün çox vaxt Əliağa Ağayevə zəng vurub “oğlunuz bizim toya gələrmi?” deyə müraciətlər edirmişlər. Bunun səbəblərindən biri Ağayev soyadı, digəri isə müəyyən zahiri oxşarlıq imiş. Şərəbanu xanım Nazim Ağayevin baməzə əhvalatlarından birini də danışır.

- Lütfi Məmmədbəyov, Əliağa Ağayev, Nazim rayona qastrola gediblər. Bu da üst-başına, təmizliyinə çox fikir verən adamdır. Həm də cavanlığından ərköyün idi, səfərə gedəndə özü ilə heç nə aparmırdı. Nəysə rayonda görüb ki, ayaqqabısı tozlanıb, silməyə də bir şey yoxdur. Sağa-sola baxıb görür ki, bir pişik özünü günə verir. Yavaşca pişiyi tutub ayaqqabısını silir. Əliağa rəhmətlik deyir ki, daha mənim sənə sözüm yoxdur. Kimin ağlına gələrdi ki, pişiklə ayaqqabı silsin.


-
 Nazim müəllim, yeni müğənnilərdən kimləri bəyənirsiniz?

- Habildən Əliyevdən zəhləm gedir. Amma ondan bir dəfə soruşdular ki, siz yaxşı çalırsınız, yoxsa Nifton Qriqoryan? Qriqoryan da yaxşı kamança çalırdı, amma Habildən böyük idi.
Müxbir qız Habildən soruşdu ki, hansınız yaxşı çalırsınız? Habil dedi ki, mən. Qız dedi ki, necə yəni siz? Habil də cavab verdi ki, gərək durum burda oynayım ki, biləsən (gülür).

- Deyəsən Habil Əliyevlə münasibətləriniz yaxşı deyil.

- Yox elə ciddi bir şey yoxdur.

- Şərəbanu xanım, bunların aralarında inciklik var deyəsən.

- Mən müəlliməyəm, yalan desəm ayıb olar. Əslində vəziyyət belədir ki, bunlarım hər ikisi sənətkarlardır. Ona görə də iki qoçun başı bir qazanda qaynamaz. Hər ikisi ərköyündülər. Amma sənətkar kimi Habilin tayı-bərabəri yoxdur. Habilin ağır xasiyyyətinin olduğu məlumdur. Nazim də elə əvvəldən kəmhövsələdir. Yoxsa belə həmişə yaxşı münasibətimiz olub.

- Amma bayaq demədiniz kimləri bəyəndiyinizi

- Muğam ifaçısı Ehtiram, Elnarə Abdullayeva, Aygün Bəylər, estrada ifaçılarından Almaz Ələsgərova çox xoşuma gəlir. Aygünü qastrola da aparmışam.

- Şou-biznesdəkilər deyirlər ha, onlara baxırsınız?

- Yox, onları tanımıram. Xalq musiqisi ilə gəlmişəm və bu musiqini də bəyənirəm. Nə estrada, nə də muğam ifaçısıyam. Amma hər ikisini bilirəm. Xalq və bəstəkar mahnıları repertuarımda üstünlük təşkl edib. Özümün 60-a qədər mahnım var. Elə mahnılarım var ki, özüm qalmışam bir qıraqda, camaat oxuyur. “Ay ləli” lənkəranlıların qədim mahnısı idi, o mahnını mən tapıb çıxartmışam. İndiki mahnıların sözləri yoxdur ki, (“Ləli yar” mahnsıından bir ağız oxuyur-İ.V). Bu mahnının üstündə toyda qırğın düşürdü e.

- Hansı bəstəkarla daha çox işləmisiniz?

- Hacı Xanməmmədovla. 

- Sizcə mahnını pulla satarlar?

- Yox.

- Bəs bəstəkar necə dolansın?

- Bəstəkarı dolandıran dolandırmalıdır. Sovet vaxtı mahnını telestudiyaya satırdılar. Bəstəkarlar yaxşı qonorar alırdılar 

Bayaqdan hiss edirəm ki, Nazim müəllim nədənsə narahatdır. Səbəbini soruşmaq istəmirəm. Və…
”Ay balam buna çaydan-zaddan gətir də-Şərəbanu xanıma səslənir”.
…Davam edirik.

- Deyirlər ki, o vaxt bəzi müğənnilərin toy təqviminə bir il əvvəldən yazılırmışlar. Düzdür?

- Elə olub ki, toy günü, bəzən də bir il əvvəl deyiblər. Heç kimin növbəsinə durmayıblar. Alim Qasımov təzə çıxanda elə bir şey oldu, hər yerə toya apardılar. İndi də elə şey yoxdur. Millətin hamısı oxuyur e, sənin xəbərin yoxdur. Quran haqqı…(gülür). Əbülfət Əliyev, İslam Rzayev də toya çox gedirdilər.

- Bu mənzildə çoxdan yaşayırsınız?

- 30 il İçərişəhərdə yaşamışıq, iki oğlumuz var. Böyük oğlumuzu evləndirib o evi ona verdik, başqa ev alıb köçdük. İndi də kiçik oğlumuzu evləndirib, özümüz bu birotaqlı evdə yaşayırıq.

- Maşınınız olub?

- Çooox. Cavan vaxtımdan “Moskviç”, “Volqa” maşınlarım olub. Xaricilər çıxanda almağa imkan yox idi. Çünki bankda yaxşı pulumuz var idi, “yandı”. Bu yaxınlarda gedib əvəzinə min manat aldıq, vəssalam. Halbuki, o pulla bir ev də ala bilərdim.

Söhbət edə-edə gözucu mətbəxə baxır –“çayı qoy ora da” deyir. Əslində çayın yubanmasının səbəbi başqa imiş. Nazim müəllimin həyat yoldaşı mənim onlarda necə deyərlər, bir qismət şörək kəsməyimi istəyir. Bu həm cənubluların adətidir, həm də qonaqpərvərlikdən irəli gəlir.

- İndi necə dolanırsınız?

- Hər ikimiz təqaüd alırıq. Bir də ki, prezident təqaüdü alıram. Yenə ölkə başçısı sağ olsun ki, yaşlı sənətkarlara belə diqqət göstərir. 


- İndi toylara gedirsiniz?


- Baxır toya da. Hərdən dəvətlə toya gedib 3-4 mahnı oxuyuram. Nə qədər toya getmək olar? Adam bezir. Cavan vaxtı bir dəfə toydan evə gəldim, uşaq məni tanımadı. Nəsə bir iş çıxanda toya getməyəndə uşaqlar sevinirdi ki, evdə qalacam. Toya 5 manata da getmişəm, 5 min manata da.

- Son dəfə efirdə nə vaxt olmusunuz?

- (fikirləşir) Deyəsən iki il əvvəl Yeni il şənliyində. Amma hərdən lent yazılarımı verirlər.

- Uşaqlarınızın toyunda oxumusunuz?

- Əlbəttə. 5-6 gün əvvəl nəvəmin toyunda da oxudum. Oğlumun qızı ailə qurdu. O gün Heydər Anatollunun oğlunun toyu idi. Köhnələrdən bəziləri-Canəli Əkbərov, Zaur Rzayev ordaydı. Məndən sonra oxumadılar. Oxumağa yer qalmadı e.

- Özünüzü aktyor kimi də sınamısınız. Çəkildiyiniz filmlərin sayı yadınızdadır?

- “Kişi sözü” filmində “rayispalkom”un şöbə müdiri, “Ən vacib müsahibə”də mağazaçı Saleh ən məşhur rollarım olub. “Qarabağ şikəstəsi”, “Bir cənub şəhərində”, “Sahilsiz gecə” filmlərinə də çəkilmişəm. Bir dəfə çəkiliş üçün ailəvi Riqaya da getmişdik.

- Hamı sizi deyib-gülən adam kimi tanıyır. Xasiyyətiniz necədir?

- Zibil kimi. İki dəqiqəyə bir də görürsən ki, çevrilmişəm.

- İndi səsiniz yerindədir?

- O gün toyda yoxladım, yerindədir.. Amma müəllim ola bilmədim. Bir il səhnə danışığından dərs dedim, bacarmadım. Mənim tələbə hazırlamağa hövsələm çatmaz. Çox filmlərə çəkilə bilərdim. Bunun da səbəbi tez evlənməyim idi. Tez evləndim, müğənni kimi tanıdılar başım qarışdı toylara.

- Son olaraq bir neçə kəlmə də övladlarınız barədə.

- Oğlanlarımın biri “Politexniki”, o biri də BDU-nu bitirib. Biri şirkətdə işləyir, digəri zərgər kimi çalışır.

Yazının sonluğunu Habil Əliyevlə Nazim Ağayev arasında olmuş bir əhvalatla bitirək.

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?
Nazim Ağayev gileylənir:
- Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla deyir:
- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!


İntiqam Valehoğlu
Fotolar müəllifindir























Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI