Martın 1-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlərdən ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.
Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Modern.az-ın DİM-dən əldə etdiyi məlumata görə, martın 11-i saat 11:00-a kimi qeydiyyatdan keçən abituriyentlərin sayı 78492 nəfərdir.
Ali məktəb imtahanlarında iştirak etmək istəyənlərin 68662 nəfəri Azərbaycan bölməsi üzrə, 7197 nəfər rus bölməsi üzrə qeydiyyatdan keçib (ümumilikdə 75859 nəfər).
11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 66078 nəfər (61238 nəfər Azərbaycan bölməsi, 4840 nəfər rus bölməsi) təşkil edir.