Modern.az

Prezident bu nazirləri işdən çıxarıb - SİYAHI

Prezident bu nazirləri işdən çıxarıb - SİYAHI

Ölkə

16 Oktyabr 2013, 15:15


Konstitusiya Məhkəməsi 9 oktyabr seçkilərinin nəticələrini təsdiqləyəndən sonra İlham Əliyev 3-cü dəfə Azərbaycan prezidenti kimi and içəcək və ardınca köhnə hökuməti buraxıb, yeni Nazirlər Kabineti təşkil edəcək.
İndi hamı maraqla gözləyir ki, ölkə başçısı 78 yaşlı baş naziri və onun köhnə komandasını dəyişəcək, yoxsa köhnələr yenidən öz vəzifələrinə təsdiqlənəcək?

Qeyd edək ki, 2003-cü ildən ölkəni idarə edən İlham Əliyev 10 illik prezidentlik müddətində hökumətin tərkibində bir sıra dəyişikliyə gedərək, mərkəzi icra hakimiyyətlərinin bəzi rəhbərlərini tutduqları ali postdan kənarlaşdırıb, bəzilərini isə iki dəfə əvvəllər daşıdıqları vəzifələrə təsdiqləyib.

Modern.az saytı İlham Əliyevin öz prezidentliki dövründə kimləri işdən kənarlaşdırdığını dəqiqləşdirmək üçün kiçik bir araşdırma aparıb. Gəlin onları xatırlayaq.

2004-cü ildə Nadir Əhmədov o vaxt yeni seçilən prezident İlham Əliyev tərəfindən təqaüdə göndərilib.

İlham Əliyevin prezidentliyə gəlişindən sonra – 2004-cü ilin iyulunda milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov da vəzifəsindfən azad edilib.

2004-cü ildə İlham Əliyev kənd təsərrüfatı naziri İrşad Əliyevi də işdən çıxarıb.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Beləcə, o, nazir vəzifəsini itirib.

2005-ci ildə “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov da vəzifədən çıxarılıb. “Azərkimya” Dövlət Şirkəti sonralar Nazirlər Kabinetinin tərkibindən çıxarılıb ARDNŞ-nin tərkibinə verilib.

2005-ci ilin oktyabrında daha bir nazir işdən çıxarılıb – səhiyyə naziri Əli İnsanov tutduğu postdan uzaqlaşdırılıb.

İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra – 2006-cı ilin fevralında Əli Nağıyevi əmək və əhalinin sosial müdafiəsi naziri postundan azad edib.

2006-cı ilin aprelində maliyyə naziri Əvəz Ələkbərov prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb.

2006-cı il iyunun 27-də Dini Qurunlarla İş üzrə Dövlət Komitəsinin sədi Rafiq Əliyev işdən çıxarılıb.

2006-cı ildə mədəniyyət naziri Polad Bülbüloğlu öz postundan azad edilib.

2008-ci ildə ikinci prezidentlik müddətində səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 4 məmuru Nazirlər Kabinetinin tərkibindən kənarda saxladı. Onlar aşağıdakı məmurlar idi:

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov;
Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov;
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İmran Mehdiyev;
İqtisadi İnkişaf naziri Heydər Babayev.

2009-cu ilin mayında prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibində yer alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ləğv edilməsi haqqında sərəncam imzalayıb. Və adı çəkilən qurum Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilib. Bununla da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov vəzifəsini itirib.

2009-cu ilin iyulunda "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov da işdən kənarlaşdırılıb. “Azəriqaz” isə prezidenti İlham Əliyevin fərmanı ilə Nazirlər Kabinetindən alınıb ARDNŞ-nin tərkibinə keçirilib.

2012-ci ilin mayında ölkə başçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovu vəzifəsindən azad edib. 

2013-cü ilin əvvəlində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov prezident sərəncamı ilə işdən çıxarılıb.

2013-cü il aprelin 19-da təhsil naziri Misir Mərdanov uzun müddət tutduğu postdan kənarlaşdırılıb.

İndi İlham Əliyevin üçüncü prezidentlik müddəti başlayır. İsrefaya göndərilənlərin sırasında kimlər olacaq...?


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi