Modern.az saytı “Bakının rayonları” layihəsini davam etdirir. Bu dəfə söhbət paytaxtın mərkəzi rayonlarından olan Yasamal barədədir.
Yasamal inzibati ərazi vahidi kimi Bakı quberniyasının ləğvindən bir neçə il sonra – 1932-ci ildə yaradılıb. Amma o vaxt bura “Oktyabr” adlandırılıb.
“Yasamal” sözünün hansı mənanı ifadə etməsi ilə bağlı bir neçə versiya mövcuddur. Deyilənə görə, bu söz yüksəklik, hündürlük mənasını ifadə edir. Rayonun yerləşdiyi coğrafi əraziyə nəzər salanda bu anlamın həqiqətdən çox da uzaq olmadığını görmək olur.
Digər bir ehtimalı isə bizə rayonda çalışmış keçmiş polis zabiti Musa Quliyev şərh edir:
“Dağlıların dediyinə görə, indiki Texniki Universitetdən “Olimp” mağazasına qədər olan ərazidə mal-heyvan saxlanılırmış. Hazırda “Yeni Yasamal” adlanan əraziyə qədər maldarlıq güclü inkişaf edibmiş. Bir-birindən soruşurmuşlar ki, “hara gedirsən?”. O biri də cavab verirmiş ki, “yasa mal almağa gedirəm”. Elə həmin “yasa mal almaq” ifadəsindən “Yasamal” sözü yaranıb. Buranın yerli əhalisi “dağlılar”dır. Onların da əksəriyyəti Siyəzən və Xızıdan gəliblər. 60-cı illərin sonlarından başlayaraq bura ölkənin bir çox rayonlarından əhali gəlib. Yerli əhali gəlmələrə qarşı o qədər də aqressiv olmayıb. Bir şərtlə ki, gözün və dilin özündə ola.
Bakını 32 kəndi var. Biz gəlmələr Bakını korlamışıq. Çünki onlar bizə torpaq veriblər, asfaltın üstünə ayağımızı qoymağa icazə veriblər, dayanacağı göstəriblər”.
M.Quliyevin dediyinə görə, 70-ci illərdə Yasamal rayonu “Olimp” mağazasından indiki Yeni Yasamalın dağlarına qədər uzanırmış: “Keçmiş “Sevil” kinoteatrının ətrafı başdan-ayağa yiyəsizlik olub, yaşayış az idi. Gecə vaxtı çaqqallar adamın qarşısına çıxırdı. Özüm şəxsən dəfələrlə rastlaşmışam. Oktyabr rayon kriminal hadisələrə görə Bakıda birinci yeri tuturdu. Səkkizinci kilometr və Yeni Əhmədli qəsəbələri tikiləndə Yasamal əhalisinin bir qismi ora köçürülüdü. Evlərin bir qismi söküldü.
Mənim ərazimdə 4 “zolaqlı”, yəni vərdişkar cinayətkarlar olub. Onları hər ay yoxlayırdıq. İndi həmin “palasatı”ların adları yadımdan çıxıb. Sovet hökumətinin vaxtında avtoritetlər o qədər də çox deyildi. Dovşanın quyruğunu elə bururdular ki, qulağı da yadından çıxırdı”.
Maraqlıdır ki, Azərbaycanda “Yasamal” sözünə Şəmkir rayonu ərazisində də rast gəlinir. Belə ki, burda eyniadlı dağ mövcuddur. Amma Yasamal əhalisinə nəzər salanda burda əslən şəmkirlilərə o qədər də rast gəlinmir. Bununla belə, Gədəbəy Qazax, Tovuz kimi Qərb rayonlarından yetərincə gəlmələr var.
Yasamal Bakının mərkəzi rayonlarından hesab edilsə də, ərazicə ən kiçiyidir.
Təsəvvür edin ki, 16 min əhalisi olan Pirallahının ərazisi 17,56 kv.km, əhalisi 238 600 nəfər olan Yasamalın isə ümumi ərazisi 16.22 kv.km-dir. İcra Hakimiyyətindən verilən məlumata görə, 16.22 kv. km-lik ərazinin də təxminən 6 kv.km-i yarasız torpaqlardır.
Elə buna görədir ki, qeydiyyatda olan rayon əhalisinin sıxlığı hər kv.km-ə 14710 nəfərdir.
Yasamal cənubdan Səbaillə (3 km), Qərbdən Qaradağ (3.2 km), Şimaldan Binəqədi (2.8 km), Şərqdən Nəsimi rayonu ilə (5 km) həmsərhəddir.
Rayon ərazisindən cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, Qərbdən Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara, Bakı-Yalama magistrallarına çıxış var.
Yasamalda Ermənistan və Qarabağ rayonlarından didərgin salınmış xeyli sayda sakin yaşayır. Onlardan 319 ailə – 238 nəfər qaçqın, 6181 ailə – 24477 nəfər məcburi köçkündür.
Rayon əhalisinin 114800 nəfərini, yəni 48.5 faizini kişilər, 123 800 nəfərini qadınlar təşkil edir.
Yasamalda 7 ali təhsil müəssisəsi, 4 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 29 uşaq bağçası və körpələr evi, 25 orta məktəb fəaliyyət göstərir ki, burdakı müəllimlərin sayı 2820, şagirdlərin ümumi sayı 30400 nəfərdir. Məşğul əhalini sayı 83716 nəfər, əmək qabiliyyətli əhali 136652-dir. 1-5 yaşadək əhali sayı 5074 nəfər, 7 yaşadək 15136 nəfər , 7-17 yaş arası 33449 nəfər, 17 yaşdan yuxarı 185041 nəfərdir.
İntiqam Valehoğlu