Modern.az

21 illik Mətbuat Şurası: "Əsas fəaliyyət istiqamətimiz media ilə bağlı şikayətlərin araşdırılmasıdır"

21 illik Mətbuat Şurası:

Media

15 Mart 2024, 15:44

Bu gün Mətbuat Şurasının yaranmasının 21-ci ilönümüdür. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

 

Şuranın İdarə Heyəti 2022-ci ilin sentyabr ayının 24-də keçirilən qurultayadək 23 əsas və 6 ehtiyat üzvdən ibarət idi. Əsas üzvlərdən 11-i jurnalistləri, 7-i ictimaiyyəti, 5-i internet resursları təmsil edir. 6 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdən, 2-i isə internet resurslardan idi. 24 sentyabr 2022-ci il tarixində keçirilən Azərbaycan jurnalistlərinin VIII qurultayında Azərbaycan Mətbuat Şurası Nizamnaməsinə edilən dəyişikliyə əsasən İdarə Heyətinin ehtiyat üzvü anlayışı artıq aradan qaldırılıb.

 

Həmçinin İdarə Heyətinin tərkibinin əvvəlki qaydada 23 nəfərdən ibarət olması qərarlaşdırılsada, daxili bölgü qaydası ləğv olunmuş, 23 üzvdən 9-nun ictimaiyyət üzvləri, 14-nün isə jurnalistlərdən olması qərarlaşdırılıb.

 

Modern.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Şuranın ötən 21 ildəki fəaliyyətini xarakterizə etmək üçün müsbət məqamlar kifayət qədər çoxdur:

 

"Hesab edirəm ki, Şura ən əsası jurnalistlərin vahid mərkəzdə birləşmələrində mühüm rol oynamağı bacardı. Onların sahənin problem və çətinliklərinə münasibətdəki səfərbərliyini təmin etdi. Ən əsası isə cəmiyyətə göstərdi ki, jurnalistika özü özünü islah edə bilən sahədir. Düşünürəm ki, belə yanaşma unikallığı ilə seçilir və örnəkdir. 

 

İkincisi, Mətbuat Şurası Azərbaycan mediasını təşkilatlanmış qaydada beynəlxalq media strukturlarına da təqdim etdi. Nəzərə alaq ki, Mətbuat Şurası modeli dünyada kifayət qədər populyar sayılır. Belə bir missiya daşıyan qurumun ölkəmizdə mövcudluğu həm də söz və ifadə azadlığı kimi bəşəri dəyərlərə ehtiramın nümunəsidir". 

Rəşad Məcid deyir ki, Mətbuat Şurası bundan sonra da özünün Nizamnamə çərçivəsindəki fəaliyyətini davam etdirəcək. Başlıca missiyamız media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir.

 

"Əsas fəaliyyət istiqamətimiz isə media ilə bağlı şikayətlərin araşdırılmasıdır.  Düşünürəm ki, hazırkı dövrdə media ilə bağlı prioritetləri zamanın özü müəyyənləşdirir. Məsələn, on-on beş il əvvəl hazırkı şəraiti təsəvvürə gətirmək, internet medianın geniş vüsət alacağını, sosial şəbəkələrin informasiya mahiyyəti daşıyacağını proqnozlaşdırmaq çətin idi. İndi isə bu, artıq günümüzün reallığıdır. Dəyişən reallıqlara adekvat fəaliyyət ortaya qoyulması şərtdir. Mətbuat Şurası buna çalışır və gələcəkdə də eyni kurs davam etdiriləcək. Əlbəttə, media alətləri dəyişsə də, prinsiplər dəyişmir. Şura da öz prinsiplərinə sadiqdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var