Modern.az

Azərbaycanlı deputat Orxan Zeynalovla bağlı Moskvaya ETİRAZ məktubu göndərdi

Azərbaycanlı deputat Orxan Zeynalovla bağlı Moskvaya  ETİRAZ məktubu göndərdi

Parlament

18 Oktyabr 2013, 13:55

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun həbsindəki qanunsuzluqlarla bağlı millət vəkili Mübariz Qurbanlı Rusiyaya etiraz məktubu göndərib. M.Qurbanlı Orxan Zeynalovun həbsində qanun pozuntularının olması ilə bağlı yazdığı məktubu Rusiya Daxili İşlər İdarəsinə, Prokurorluğa göndərib.

Qeyd edək ki, Şəmkir sakini olan Orxan Zeynalov deputat Mübariz Qurbanlının seçicisidir.

Deputat Modern.az saytına bildirib ki, Orxan Zeynalovun valideynləri də işin ədalətlə araşdırılmasını istədiklərini bildiriblər.

“Orxan Zeynalovun valideynləri hesab edirlər ki, bu iş ədalətlə aparılmalıdır. Onlar Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi, Rusiyadakı səfirliyimizin hadisə ilə əlaqədar mövqeyini ortaya qoymasından razıdırlar, Orxanın vəkil və tərcüməçi ilə təmin olunmasını yüksək dəyərləndirirlər. Hesab edirik ki, Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılarkən beynəlxalq konvensiyalar, o cümlədən Rusiya Konstitusiyası və qanunları kobud şəkildə pozulub. Bəzi dairələr, xüsusilə də erməni fitnəsinə gedən bəzi Rusiya siyasətçiləri bu hadisədən anti-Azərbaycan isterikası kimi istifadə etməyə çalışırlar”.

Orxan Zeynalovun Rusiyada yaşadığını və oraya qanuni yolla getdiyini deyən millət vəkili M.Qurbanlı bildirib ki, soydaşımızın orada bu müddət ərzində yaşaması qeyri-qanuni idisə, bunda günahkar Orxan Zeynalov yox, Rusiya tərəfidir.

“Azərbaycan vətəndaşı olsa da, Rusiyanın Sərhəd Xidməti, Gömrük Xidməti, Miqrasiya Xidməti belə bir insanın orada olduğunu təbii ki, bilirdi. Orxan Zeynalovun orada bu müddət ərzində yaşamağı qeyri-qanuni idisə, bunda günahkar Orxan Zeynalov yox, Rusiya tərəfidir. Bundan başqa, Orxan Zeynalov istintaq altındadır. Hələlik qətlin kimin törədib-törətmədiyi barədə yekun sözü məhkəmə deyə bilər. Təqsirsizlik prezumsiyası var. Bu müddəa pozulub, onun həbsində də kobud qanun pozuntularına yol verilib”.

Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovun qətlində təqsirli bilinir. Məhkəmənin qərarı ilə hələlik onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

 

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...