Mahir Qabiloğlu
Köhnə məhlə
Mən Hüsü Hacıyev küçəsində, 5 mərtəbəli “Stalinka” evin 4-cü mərtəbəsində - “Yazıçılar evi”ndə böyüyüb-başa çatmışam. Balkonumuzdan həyət, köhnə evlərin damları ovucun içi kimi görsənirdi. Bu həyətdə və bu həyətlə bağlı o qədər bədii əsər dünyaya gəlib ki... İlyas Əfəndiyevin bircə şedevrini desəm bəs edər. Hansı? Demirəm.
Pişiklər, sərçələr, göyərçinlər, siçovullar da həyətimizin ayrılmaz sakinləriydi. Anamla atamın - siçovullar istisna olmaqla - bu heyvanlara xüsusi məhəbbəti vardı. Quru çörəyi axşamdan islağa qoyardılar ki, səhər göyərçinə, sərçəyə atsınlar. Soyuducuda qalıb köhnələn yeməklər isə pişiklərin payı idi. Ona görə də balkonumuzun altını, qarajların üstünü kəsdirib atamın, ya anamın “kıs-kıs” sədalarını gözləyirdilər. Qırğın da burda düşürdü.
Atam gözü yaxşı görmədiyindən yeməyi pişiklərə necə gəldi tullayırdı. Birinə çox düşür, o birinə isə ümumiyyətlə çatmırdı. Bu da anamı əsəbiləşdirirdi. “Bir də əlini pişiklərin yeməyinə vurma... özüm atacağam” deyirdi. Anamın pişiklərə olan bu diqqəti atama xüsusi ləzzət verirdi.
Çünki pişikləri çox sevərdi. Mənim isə zəhləm gedirdi pişikdən. Acgöz olduqlarına görə. Ümumiyyətlə mənim acgözlərdən zəhləm gedir. İstər heyvan olsun, istər insan. Harda pişik görsəydim qovurdum. Onlar da tərs kimi gəlib özlərini mənim ayağıma sürtərdilər. Hərdən təpiklə vururdum. Atamın qışqırığı aləmi götürürdü. Az qalırdı ki, məni döysün. “Fatimeyi-Zəhranın sığalı dəyib bu heyvana... müqəddəs sayılır. Niyə vurursan?” deyirdi. Mən də “işiniz-gücünüz qurtarıb e... pişiklərlə, sərçələrlə, göyərçinlərlə oynayırsız. Stolun altına yığdığınız köhnə yeməklərə görə tarakanlar da baş qaldırıb” cavabı verirdim. Atam da zarafatla “70yaşımız var, ay bala. Bizim bir-birimizlə oynamaq vaxtımız çoxdan keçib. Ona görə də pişiklərlə oynayırıq” deyirdi.
Bəzən anam evdə olmayanda mətbəxi yığışdırar, künc-bucaqda əlimə keçən çörək, ət, kolbasa artıqlarını zibilliyə vızıldadırdım. Dixlofosla evi dərmanlayıb gedirdim. Əlbəttə ki, atamın razılığı ilə. Tarakanları məhv etmək üçün. Evə çatanda zəng edirdi ki, “bir də belə eləmə. Anan gəlib əsəbləşib. Təzyiqi qalxıb. Beyninə qan sızar. Onda neyləyərik. Cəhənnəmə ki, tarakan var. Qoy olsun. Amma pişiklərin, quşların yeməyinə dəymə”.
Beləcə balaca uşaq kimi oynayırdılar həyətdəki pişiklərlə. Hətta qızlarımda da bu heyvanlara məhəbbət yaratmışdılar. Baba, nənə, nəvələr - dördü birləşib həvəslə bu pişiklərə yem atırdılar.
Gündüzləri yeyib-içən pişiklər isə gecələr yatmırdılar. Qarajın damı üstündə, düz balkonumuzun altında miyoltu, mırıltı səsləri aləmi götürürdü. Buna mırıltı yox, “Serenada” sədaları da demək olardı. Bəzən atam hirslənirdi ki, “day pişiklərə yemək verməyəcəyəm. Səhərəcən səslərindən yata bilməmişəm”.
Hətta qonşu yazıçılardan biri pişiklərin bu gecə macəralarını romanına da salmışdı. Atam da oxuyandan sonra getmişdi üstünə ki, “bəs utanmırsan? Belə axmaq-axmaq şeyləri təsvir etmisən?”. Amma buna baxmayaraq, pişiklərin bu məhəbbət simfoniyasından həzz alırdı. Artıq onlar üçün xüsusi olaraq kolbasa-sosiska da alırdı. Özü də əla sortundan.
Sonra atamla anam Allahın yazıq heyvanlarını kateqoriyalara bölməyə başladılar. Boğaz olan pişiklərə yeməyi daha çox atırdılar. Başqa pişiklər onların payını qamarlayanda balkondan “poşol” da qışqırırdılar. Balası olanlara isə kolbasanı lap xırda-xırda doğrayırdılar ki, boğazlarından keçsin.
Təzə həyət
Günlərin bir günü Prezident Heydər Əliyev atama Səməd Vurğun küçəsində tikilən göydələndə gözəl bir mənzil bağışladı. Təmir də elətdirdi. 28 kvadrat metrlik evdən 172 kvadrat metrlik genişliyə çıxmışdı atamla anam. Özü də 48 ildən sonra. Sevinirdim. Mənim ayrıca, iki otaqlı evim vardı. Amma atam-anam ora köçmədi. Dedilər ki, sən köç, bizimçün elə bura da yaxşıdır.
2005-ci ildə atam xəstələndi. Ona xüsusi qulluq lazım olduğuna görə, prezident verən evə köçməli oldular. Yəni ki, bir yerdə yaşamalı olduq. Göyün 18-ci qatı. İri, bahalı maşınlar 18-ci mərtəbədən kibrit qutusuna bənzəyirdi. Pişik, sərçə, göyərçin isə ümumiyyətlə gözə dəymirdi.
Anam darıxırdı. Hərdən o biri evə gedib, geri qayıtmırdı. Məcbur gedib gətirirdim. Bir də gördüm ki, mətbəximizdən nəsə pis qoxu gəlir. Şkafın qapısın açdım. Nə görsəm yaxşıdır? Demə, anam hər gün nə yemək, çörək artığı qalırmışsa, onları sellofan qablara toplayıb saxlayırmış. İki gündən bir də o biri evə pişiklərə, quşlara yemək verməyə gedirmiş. Qışqırığım göyə çıxdı. Atam dedi ki, “işin yoxdu. Anondur... belə istəyir. Necə istəyir qoy elə də olsun. O heyvanların dualarıdır bizi saxlayan”.
Üstündən bir ay keçmədi... anamı insult vurdu. Yataq xəstəsinə çevrildi. Bir də o evə gedə bilmədi. Day pişiklərin, quşların hayında deyildi. Hərdən bir dibçəkdəki güllərin soruşurdu: “Mahir, heç olmasa sudan-zaddan verirsən güllərə? Evə dəyirsən?”. Beləcə dörd il yataq xəstəsi oldu. Atamdan 3 il sonra 18-ci mərtəbədə də dünyasını dəyişdi.
Mən indi də Sirkin yanındakı binada - 18-ci mərtəbədə yaşayıram. Həyətimiz çox zəngindir. Həm ziyalı, həm var-dövlət, həm vəzifə, həm də imkanlı adamlar baxımından. “Rols-roys”lara, “Bentli”lərə, nadir xarici maşınlara baxanda ürəyim açılır. Paxıllıq etmədən, ürəklə “Allah artıq eləsin, başlarından töksün... biz də onların içində” deyirəm. Gözəl həyətimiz var. Mənim üçün uzaqlarda qalan, dar, altı nəfərin güclə sığışdığı 28 kvadrat metrlik iki otaqlı mənzilə çoxdan vida etmişəm. Bu həyat mənə daha çox ləzzət edir. Pişik miyoltuları, sərçələrin, qumruların, göyərçinlərin səsləri də beynimdən silinib. Köhnə məhlədə olduğu kimi bu həyətdə də Azərbaycan elminin, sənətinin nümayəndələrini görmək mənimçün xoşdur.
Amma üç gündür ki, yata bilmirəm. O biri evimizdən qalan xatirələr məni ağuşuna alıb. Səhərəcən həyətimizdə şirlər nərildiyir. Səslərinə oyanıram. Sanki evimizin içindədirlər. Və məni parçalayıb yeməyə hazırdırlar. Yuxudan oyanıram. Pəncərəni açıram. Doğurdan da şir nərildəyir? Yox ola bilməz. Bəlkə hansısa qonşumuz mühərriki güclü bir maşın alıb. Qazı basdıqca, maşın nərildədikcə kayf tutur? “Neyləyək? Qoy kayf tutsun. Polisə zəng etməyəcəyik ki?” deyib uyumağa çalışıram. Amma yenə nərilti. Bu gün nərilti, sabah, birisi gün və hər gün.
Fikirləşirəm ki, axı bizim qonşular hamısı, ziyalı, mədəni adamlardır. Uşaqları da özlərinə oxşayıb. Yəni belə ucuzluğa gedib görməmiş kimi maşınlarını nümayiş etdirərlər? İnanmıram. Amma nə olsun ki... şirlərin nəriltisi gəlməkdə davam edir.
Bu gün yoldaşım və sevincək gəldi ki, “bəs Sirkə bilet almışam. Şirlərin şousu olacaq. Nəvəni aparacağam baxsın. Heç vaxt canlı şir görməyib”.
Dodağımı dişləyirəm. Demə 18-ci mərtəbəyə əks-sədası gələn həqiqi şirlərin nəriltisiymiş. Uzaq ölkələrdən Bakı Sirkinə qonaq gələn şirlərin. Səhərəcən nərildəməklərinə səbəb isə onların qəfəslərinin qabağından o yana bu yana saymazyana keçən - “Nə nərildiyisiniz? Səsiniz özünüzə xoş gəlib? Nə demək istəyirsiniz? Demək istəyirsiniz ki, qəfəsdən çıxsanız biz pişikləri bu saymazlığımıza görə parçalayıb didərsiniz? Sakit oturun. Çox atdanıb düşməyin. Meşə padşahısınız, nəsiniz bilmirəm. Amma mənim nəslimdən – pişikkimilərdənsiniz” - deyən pişiklərmiş.
Öz-özümə fikrə gedirəm. O biri evimiz çox balaca idi. Pişiklər miyoldaşır, mırıldaşırdılar. Bu evimiz isə çox böyükdür. Maşınları da böyükdür. İnsanları da böyükdür. Belə evə elə şir nəriltisi yaraşar. Amma neyləyək ki, şirlər də onların qəfəsləri qarşılarında azad, saymazyana oyan-bu yana var-gəl edən balaca pişiklərin - pişikkimilərin nəslindəndirlər.