Vaşinqtonda yerləşən Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanla bağlı sorğu dərc edib.
Modern.az xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti - 60%-i erməni siyasətçilərə inanmır.
Sorğu iştirakçılarının 17% baş nazir Nikol Paşinyana üstünlük verir.
Respondentlərin 5%-i xarici işlər naziri Ararat Mirzoyana, 3%-i parlamentin sədri Alen Simonyana, 4%-i Respublika Partiyasının rəhbəri Aram Sarkisyana, 2%-i Ermənistanın ikinci prezidenti Robert Köçəryana inanır.
Respondentlərin 42 faizi parlament seçkiləri olacağı təqdirdə ya iştirak etməyəcəklərini, ya bülleteni məhv edəcəklərini, ya da heç kimə səs verməyəcəklərini bildiriblər.
Sorğuya əsasən, parlament seçkiləri keçiriləcəyi təqdirdə sorğu iştirakçılarının 17%-i hakim “Mülki müqavilə” partiyasına, 3%-i “Mənim addımım” alyansına səs verəcək.
Respondentlərin 3%-i “Hayastan” blokuna, 2%-i Ermənistan Respublika Partiyasına, 2%-i “İctimai səs” partiyasına, 2%-i isə “Çiçəklənən Ermənistan” partiyadına səs verməyə hazır olduğunu bildirib.
Dövlət qurumlarının işini qiymətləndirən respondentlərin 30%-i Ermənistan silahlı qüvvələrinin fəaliyyətindən razı, 17%-i isə narazı olduğunu bildirib.
23% polisin işindən razı, 19% narazıdır. 21% yerli özünüidarəetmə orqanlarından razı, 20% narazıdır. Respondentlərin 22%-i Milli Təhlükəsizlik Xidmətinin işindən razı və elə 22%-i də narazıdır.
Sorğuda iştirak edən respondentlərin 36%-i “Dağlıq Qarabağ”ın itirilməsini, “Artsaxın təslim olmasını” hökumətin ən böyük uğursuzluğu kimi göstərib.
Respondentlərin 11%-i yanlış xarici siyasət, 6%-i yanlış kadr siyasəti aparıldığını bildirib, digər 6%-i isə hesab edir ki, Rusiya və KTMT ilə münasibətlərin gərginləşməsi hökumətin uğursuzluqlarından biridir. 10% respondent bildirib ki, hökumətin heç bir uğursuzluğu olmayıb.
Respondentlərin 14%- əsirlərin qaytarılmasını, 10%-i ordudakı dəyişiklikləri - yenidən silahlanma, silah alınmasını, 7%-i təhlükəsizlik və sülhü, 4%-i isə yolların abadlaşdırılmasını ən böyük nailiyyət hal hesab edib.
28%-in fikrincə, hökumət heç bir ciddi nailiyyət əldə etməyib.
Respondentlərin 50%-nin fikrincə, Ermənistan düzgün istiqamətdə gedir. 39% hərəkət istiqamətinin səhv olduğunu düşünür.
2023-cü ilin martında keçirilən sorğu ilə müqayisədə ölkənin gedişatını düzgün qiymətləndirənlərin sayı 14 faiz bəndi artıb: o zaman respondentlərin yalnız 36 faizi belə düşünürdüsə, indi bu rəqəm 50%-dir.
A.Qorxmaz