Modern.az

Nərimanovu kimlər və niyə sevmir?

Nərimanovu kimlər və niyə sevmir?

2 Aprel 2024, 10:38

Bu gün Nəriman Nərimanovu tənqid edənlər az deyil. Hətta bəziləri onun heykəlinin götürülməsini belə, təklif və ya təkid edirlər.

Fikrimi qısaca izhar və formulə etmək istəyirəm. Qısa yazmağımın səbəbini sonda deyəcəyəm.

Mən ixtisasca tarixçi olmasam da, bəzi tarixi faktlari yada salmaq istərdim.

Nərimanov xalqımızın ərsəyə gətirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Etiraz edib deyə bilərlər ki, Nərimanov bolşevik, kommunist, inqilabçı olub. Xub. Belələrindən soruşmaq istərdim ki, bəyəm sənin atan və ya baban kommunist olmayıb? Deyə bilərlər ki, yox, bizim nəsildə belə adamlar olmayıb. Olsun. Elə isə yenə sual vermək istərdim: sən özün nə vaxtsa kommunist, komsomol və ya oktyabryat olmamısan? Bilirəm, 90-lardan o yana doğulanların çoxu indi deyəcək ki, ata-anamızı və bizi zorla “siyasi sistemə” pərçim ediblər.

Bəribaşdan demək istəyirəm ki, mənim nə kommunizmə, nə də bolşevizmə rəgbətim olub. Nəslimizin onlarla nümayəndəsi repressiyaya məruz qalıb, o cümlədən babam Mehrəli kişi antikommunist kimi güllələnib. Və bütün bu repressiyalar 30-cu illərdə Nərimanovun ölümündən sonra baş verib. Bunu ona görə yazıram ki, repressiyalarda Nərimanovun əli olmayıb.

Nərimanov bütün ruhu ilə milətinə, xalqına bağlı şəxsiyyət olub.

Nərimanov Azərbaycanda ilk dəfə kitabxana-qiraətxana yaradıb. Elə təkcə buna görə onun adı yaşamalıdır.

Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman janrının yaradıcısıdır. Elə təkcə buna görə o, Azərbaycan ədəbiyyatı tarixində qalmalıdır.

Nərimanov Azərbaycan dramaturgiyasında ilk tarixi dramın müəllifidir. Elə təkcə buna görə o, mədəniyyət tariximizdə yaşamalıdır.

Ömründə bir kitab ağzı açmayanlar bu gün yalandan hay-küy salıb deyirlər ki, Nərimanov Dağlıq Qarabağın Ermənistana verilməsini istəyib. Yalandır. Uydurmadır. Böyük siyasi xadim Nərimanov 1920-ci il iyulun 10-da Moskvaya RK(b)P MK-ya teleqram vuraraq "Dağlıq Qarabağda vəziyyət" haqqında bu sözləri yazmışdı: "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını (...) xainlik kimi qiymətləndirəcəkdir".

Çoxları bilmir və bilmək istəmir ki, Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala probleminin Azərbaycanın xeyrinə həll olunması məhz Nərimanovun səyi, qətiyyəti nəticəsində mümkün olmuşdur.

Tarixdən bixəbər olanlar anlamaq istəmir ki, Bakı şəhərinin bir subyekt kimi RSFSR-in deyil, Azərbaycanın tərkibində qalması məhz Nərimanovun israrlı tələbindən sonra mümkün olmuşdur.

Nərimanov böyük türkçü idi, Türkiyə dövlətinin ayaqda qalması üçün əlindən gələni əsirgəməmişdir. 1921-ci il martın 23-də Mustafa Kamal Paşaya məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona müraciətən yazırdı: "Paşam, Türk millətində bir ənənə vardır, (...) qardaş qardaşın hər çətin durumunda əlindən tutar...”.
Nərimanov Leninə 1921-ci il fevralın 19-da yazdığı məktubda xüsusi vurğulayırdı: "Erməni məsələsi türklər üçün ölüm-qalım məsələsidir. Bu məsələdə türklərin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik və Azərbaycanı əldə saxlamaq mümkün olmaz”.

Nərimanov Azərbaycanın bir çox hərbi, siyasi, mədəni, ədəbi nümayəndələrini repressiyadan xilas etmişdir. Buna nümunə kimi elə təkcə Üzeyir bəyin, Hacı Zeynalabdinin, Mehmandarovun, Şıxlinskinin adını çəkmək kifayətdir. Çoxları bilmir ki, 1920-ci ildə M.Ə.Rəsulzadənin məhbəsdən salamat çıxması üçün də Nərimanov əlindən gələni əsirgəməyib.

Bilrəm, ağzıgöyçəklər etiraz edib deyəcəklər ki, həmin repressiya maşınının qurulmasında bütün bolşeviklər kimi Nərimanovun da rolu olub. Yalandır. Bəli, rus ordusunun Azərbaycana gəlməsində “milli kommunistlərin” təqdiri, xeyir-duası olub. Amma və lakin... Qonşu erməni və gürcülər (eser və daşnaklar) Qızıl ordunu dəvət etməmişdilər, bəyəm Ermənistanda və Gürcüstanda Sovet hakimiyyəti qurulmadı?

Nərimanov bir siyasi xadim kimi xalqımızın mövcudluğu, bir yazıçı kimi onun mənəvi yaşarılığı uğrunda vuruşurdusa, bir həkim kimi onun səhhətinin keşiyində dururdu.

Bəli, tarixdən bixəbərlər bu gün Nərimanovun heykəlinin götürülməsini tələb edirlər. Gülməli və ağlamalıdır. Məsələ burasındadır ki, Nərimanov sağ olanda, yəni 20-ci əsrin əvvəlində onunla vuruşan düşmənləri bu gün 21-ci əsrin əvvəlində də təzədən “xortlayıb” ona qarşı savaş açıblar...

Heykəl demişkən... Nərimanovun heykəli Bakıda onun 100 illiyi münasibəti ilə ucaldılıb, 1972-ci ildə bu abidənin açılışı olub. O zaman hələ “antinərimanovçuların” bir çoxu sağ idi. Bu elə bir zaman idi ki, Anastas Mikoyanın və Stepan Şaumyanın oğlu Lev Şaumyanın Siyasi büroya və mövcüd sistemə təsiri qalmaqdaydı. Bu elə bir zaman idi ki, N.Nərimanov şəxsiyyətinə qarşı soyuq münasibəti olan Mixail Suslov kimi fiqurlar hakimiyyətdə idi. Həmin dövrdə Azərbaycan Respublikasının rəhbəri olmuş mərhum Heydər Əliyevin bu heykəlin açılışı uğrunda kimlərlə, hansı qüvvələrlə üz-üzə gəldiyini, hansı çətinliklərə sinə gərdiyini təsəvver atmək elə də çətin deyildir...

Bəli, Nərimanov büt deyil. Onun şəxsi və siyasi fəaliyyətində kifayət qədər büdrəmələr, səhvlər də olmuşdur. Bütün bu cəhətləri Nərimanovun özündən yaxşı duyan, bilən və etiraf edən heç kəs olmayıb. Onun etiraf məktubları bu deyilənlərə ən yaxşı nümunədir... Nərimanov özü yazırdı ki, bu cür nöqsanlı kommunizmin, bədnam sosializmin gələcəkdə mövcud olacağına inanmır.

Bu kiçik yazının əvvəlində belə bir qeydim var: “Fikrimi qısaca izhar və formulə etmək istəyirəm. Səbəbini sonda deyəcəyəm...”.

Məsələ burasındadır ki, mənim bir neçə il öncə qələmə aldığım “Tarixin kölgəsi” adlı sənədli-tarixi pyesimdə bir sıra tarixi şəxsiyyətlərlə yanaşıŞ Nəriman Nərimanovun da obrazı yaradılıb. Və mən bütün axtarışlarımım nəticəsi olaraq deyə bilərəm ki, N.Nərimanov Azərbaycan xalqını alovlu bir qəlblə sevən böyük ziyalı, ədib, siyasətçi olmuşdur.


Firuz Mustafa

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?