Modern.az

Rusiyadakı azərbaycanlıların məsələsini deputatlarımız Sankt-Peterburqda müzakirə edəcək - EKSKLÜZİV

Rusiyadakı azərbaycanlıların məsələsini deputatlarımız Sankt-Peterburqda müzakirə edəcək - EKSKLÜZİV

Parlament

23 Oktyabr 2013, 09:38


Milli Məclisin deputatları Arif Rəhimzadə, Ərəstun Cavadov, Fəzail Ağamalı və Adil Əliyevdən ibarət nümayəndə heyətinin yaxın saatlarda Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqa səfəri başlayır.

Onlar Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Daimi komissiyalarında və beynəlxalq konfransda iştirak etmək üçün oktyabrın 23-dən 26-dək Rusiyada olacaqlar.

Modern.az saytına daxil olan məlumata görə, millət vəkilləri səfər çərçivəsində son zamanlar Rusiayada çalışan azərbaycanlı miqrantlarla bağlı yaranmış xoşagəlməz olayları rusiyalı həmkarları ilə müzakirə edəcəklər.

Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən nümayəndə heyətinin üzvü Fəzail Ağamalı deyib ki, nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə eyni zamanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir:

“Biz Arif Rəhimzadə başda olmaqla rusiyalı həmkarlarımızla məsləhətləşmələr aparacağıq. Fikrimiz yalnız Orxan Zeynalovla bağlı müzakirələr aparmaqla yekunlaşmır. Ümumiyyətlə, son bir neçə gündə Rusiyada Azərbaycana yönəlik xoşagəlməz münasibətləri müzakirəyə çıxarmaq, bu barədə Azərbaycan cəmiyyətinin fikrini rusiyalı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik. Təbii ki, biz Rusiya ilə münasibətlərin normal halda olmasında maraqlıyıq. İki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu böyükdür. Odur ki, MDB PA-nın komisiyalarının iclaslarında iştirak etməklə yanaşı, qeyd etdiyim məsələləri də qabartmaq niyyətinfəyik”.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi komissiyasının iclasında  bələdiyyə referendumlarının, seçkilərinin və səsvermənin təşkili və keçirilməsinin ümumi prinsiplərinə dair Tövsiyə layihəsi müzakirəyə çıxarılacaq. Bir sıra model qanunlara baxılacaq, MDB-yə üzv dövlətlərin regionlararası əməkdaşlığına dair Konvensiyanın layihəsi ətrafında fikir mübadiləsi aparılacaq. 
MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında qurumun maliyyələşdirilməsi məsələsi gündəmdə olacaq. Həmçinin bu komissiyanın 2014-cü ilə dair iş planı nəzərdən keçiriləcək. 

“Avropa və MDB dövlətlərinin sosial-iqtisadi inkişafında regional və yerli hakimiyyət orqanlarının rolunun artırılması yolları” mövzusunda beynəlxalq konfransda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılacaq. Bunun üçün müasir strategiyalardan istifadə edilməsinə, innovasiya texnologiyalarının tətbiqində informasiya mübadiləsinə xüsusi maraq göstəriləcək. Regionlararası və sərhədyanı əməkdaşlıq sahəsində mövcud olan təcrübə, həmçinin perspektivlər müzakirə ediləcək. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...