Prezident İlham Əliyev hökumətin yeni tərkibi haqqında sərəncam imzaladı.
Modern.az Nazirlər Kabinetinin yeni heyətində təmsil olunan nazirlərin yaşları ilə bağlı araşdırma aparıb.
Nazirlər Kabinetinin vəzifədə olduğu kimi, yaşca da ən böyüyü Baş nazir Artur Rasi-zadədir. 1935-ci ilə təvəllüdlü baş nazirin 78 yaşı var.
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev isə 75 yaşındadır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov isə dekabrın 13-də 76 yaşını qeyd edəcək. O, 2007-ci ilin aprel ayını 4-dən bu vəzifədədir.
Siyahıdakı veteranlar arasında Baş nazirin müavini Abid Şərifov da var. A. Şərifov 1940-cı ilin yanvar ayının 6-da anadan olub və 1995-ci ilin noyabr ayından Baş nazirinin müavinidir.
Baş nazirin digər müavini, xalq yazıçısı Elçin Əfəndiyev 1943-cü ilin may ayının 13-də anadan olub. 70 yaşlı E.Əfəndiyev həmçinin Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır, Bakı Dövlət Universitetinin professoru, bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür.
Dövlət Statistika Komitəsini sədri Arif Vəliyev isə 70 yaşını Elçin Əfəndiyevdən cəmi ayyarım sonra tamamlayıb. 1943-cü il iyun ayının 28-də anadan olmuş A.Vəliyev düz 20 ildir ki, Dövlət Statistika Komitəsinin sədridir.
Artur Rəsi-zadənin birinci müavini Yaqub Eyyubovun isə 68 yaşı var. 1999-2003-cü illərdə Nazirlər Kabinetində Baş nazirin müavini olan Eyyubov 2003-cü ildən birinci müavinidir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 1947-ci il yanvarın 6-da anadan olub. 1970-ci ildə Pedaqoji İnstitutu bitirib. 1997-ci ildən Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə Prezident İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub.
Keçmiş sənaye və energetika, hazırkı energetika naziri Natiq Əliyev 1947-ci il noyabrın 23-də anadan olub. 1970-ci ildə zərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirən nazir 9 dekabr 2005-ci ildən bu postdadır.
Baş nazirin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə 1948-ci il aprelin 10-da anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almış Ə. Həsənov 1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. O, eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.
Daxili işlər naziri Ramil Usubov da Əli Həsənovla yaşıddır – 1948-ci il təvəllüdlüdür.
Müdafiə sənayesi naziri Yavər Camalov 17 oktyabr 1949-cu ildə anadan olub. 18 mart 2006-cı ildən nazir olan Y. Camalov bir neçə gün öncə 64 yaşını qeyd edib.
Səhiyyə naziri Oqtay Şirəliyev 1950-ci ildəndir. 63 yaşlı nazir 2005-ci ilin oktyabrın 20-də bu posta təyin olunana qədər Respublika Diaqnostika Mərkəzinin rəhbəri olub.
Nəqliyyat naziri Ziya Məmmədov isə 1952-ci ildə anadan olub Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. 2002-ci ilin avqust ayının 8-dən nazirdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 1953-cü ilin ilk günündə anadan olub. 2004-cü ildən bu vəzifədədir.
Yenicə baş nazirin yeni təyin olunmuş müavini Əli Əhmədov isə 1953-cü il yanvarın 27-də anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmiş Əhmədov 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.
Baş nazirin yeni təyin olunmuş müavini İsmət Abasov isə 1954-cü ilin may ayının 25-də anadan olub. 1976-cı ildə Xalq Təsərrüfatı İnstitutunu bitirib. 23 oktyabr 2004-cü ildə ildən 22 oktyabr 2013-cü ilə qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla ədliyyə naziri Fikrət Məmmədov yaşıddırlar. Hər ikisi 1955-ci ildə dünyaya gəlib. Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. Amerikanın İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
Ədliyyə naziri Fikrət Məmmədov isə 1994-2000-ci illərdə Baş prokurorun müavini olub və 2000-ci ilin aprel ayından ədliyyə naziri təyin edilib. 2006-cı ilin oktyabr ayından Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidentidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1955-ci il avqustun 13-də anadan olub, 58 yaşı var, ixtisasca tarixçidir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilən xanım Hüseynova 2011-ci ilin 27 yanvarında Fransa Prezidenti tərəfindən “Fransanın Milli Fəxri Legion Ordeninin zabit rütbəsi (ikinci dərəcəli)” ilə təltif olunub.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov 1956-cı ildə anadan olub, 57 yaş var. 1978-ci ildə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bak Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 23 iyul 2004-cü il tarixində MTN rəhbəri təyin olunub və general-mayor hərbi rütbəsi alıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də 57 yaşı var. 1956-cı ilin noyabr ayında anadan olan nazir 1973-78-ci illərdə Xarici Dillər İnstitutunda təhsil alıb.
Yeni müdafiə naziri Zakir Həsənov 8 iyun 1959-cu ildə anadan olub. 54 yaşlı yeni nazir 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Prezidentin 17 yanvar 2003-cü il tarixli 1130 nömrəli sərəncamı ilə daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17 may 2003-cü il tarixli 869 nömrəli fərmanla general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli sərəncamla general-leytenant ali xüsusi rütbəsi alıb.
Daha bir yeni nazir – Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olan kənd təsərrüfatı naziri – buna qədər Hesablama Palatasının sədri idi.
Xarici işlər naziri Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də anadan olub, 53 yaşı var. 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil almışdır. 2 aprel 2004-cü il tarixindən xarici işlər naziridir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə bu ilin iyul aynın 15-də 52 yaşını tamamlayıb. 1961-ci ilin iyul ayını 15-də anadan olmuş nazir 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib, Azərbaycan universitetində ikinci ali təhsil alıb. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kəmaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" təxəllüsü ilə bəstələyən Heydərov 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında fövqəladə hallar naziri vəzifəsinə təyin edilib.
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov 1961-ci il noyabrın 1-də anadan olub. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2002-ci ildə Prezidentin fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.
Gənclər və idman naziri Azad Rəhimov 1964-cü ilin oktyabrın 8-də anadan olub. 1998-ci ildən 2006-cı ilədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 52 yaşı var. 20 avqust 1961-ci ildə anadan olmuş komitə sədri 1983-cü ildən 1990-cı ilədək SSRİ Xarici Ticarət Nazirliyində işləyib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub. Hazırkı vəzifəsində 14 dekabr 2005-ci il tarixindən çalışır.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də 1960-cı ildə anadan olub. Ancaq avqust ayında. 1988-ci ildə İvanovo şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
13 fevral 2012-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Maliyyə naziri Samir Şərifov 1961-ci ilin sentyabrın 7-də anadan olub. 2006-cı ilin aprel ayından maliyyə naziri vəzifəsində çalışır. Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktorudur.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu il dekabrın 23-də 50 yaşını tamamlayacaq. 2002-ci ildən bu vəzifəni icra edir. Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi var. Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, Yeni Azərbaycan Partiyasının üzvüdür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də anadan olub. 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb. Prezidentin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Vergilər naziri Fazil Mәmmәdovun 49 yaşı var. 2000-ci il fevralın 11-dәn bu vəzifədədir.
Şahin Mustafayev 1965-ci ildə anadan olub. 2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov nisbətən cavan nazirlərdəndir – 44 yaş (təvəllüdü – 2 avqust 1969-cu il).
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı 1970-ci il təvəllüdlüdür. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə, 2006-cı ilin dekabr ayında ikinci dəfə Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2007-ci ilin fevralında Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2008-ci ilin noyabr ayından hazırkı vəzifəsini icra edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da nisbətən gəncdir. 21 may 1972-ci il təvəllüdlü komitə sədri Bakı Dövlət Universitetinin tarix fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 31 may 2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Təhsil naziri Mikayıl Cabbarov isə hələlik hökumətdə ən gənc kadrdır. 1976-cı il sentyabrın 19-da anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib, ABŞ-da Sakramento şəhərindəki hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Prezidentin 19 aprel 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyevin doğum tarixləri barədə heç bir mənbədə dəqiq məlumata rast gəlinmir.
İntiqam Valehoğlu