Modern.az

Qərbdən gələn iki zəng: Regionda Azərbaycansız heç bir məsələ həll edilə bilməz

Qərbdən gələn iki zəng: Regionda Azərbaycansız heç bir məsələ həll edilə bilməz

5 Aprel 2024, 10:25

Bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi açıqlansa da, müxtəlif mənbələrdə hərbi məsələlərin də gündəmdə olacağı barədə xəbərlər yayılıb.

 

Görüşdən əvvəl Blinken və Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

 

İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

 

Lyayenlə telefon danışığında da Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

Avropa və ABŞ rəsmilərinin üçtərəfli görüşdən əvvəl İlham Əliyevə zəngi nədən xəbər verir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sözügedən zənglər regionda Azərbaycansız heç bir problemin həllinin mümkün olmadığını bir daha sübut edir:

 

“Burada vacib məqamlardan biri də ABŞ dövlət katibinin özünün telefon zəngi etməsidir. Blinkenin zəngi o deməkdir ki, Azərbaycansız regionda hər hansı məsələ öz həllini tapa bilməz”.

 “Onlar bu görüşü sadəcə olaraq Ermənsitana  iqtisadi cəhətdən yardım kimi dəyərləndirirlər. Lakin bir ölkənin daxilində revanşist qüvvələr fəaliyyət göstərirsə, müharibə ab-havasından əl çəkilmirsə,  Azərbaycana qarşı bütün beynəlxalq səviyyədə olan məqamlardan istifadə edilirsə,şantaj həyata keçirirlərsə, bu ölkəyə hər bir kömək onun özündən çox revanşa sərf olunacaq. Bax, təhlükə bundan ibarətdir”,-Komitə sədri deyib.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu söyləyib ki, telefon zəngləriAzərbaycanın gücü və təsirinə aydın nümunədir:

 

“5 aprel görüşü zamanı Ermənistana  lavə təhlükəsizlik təminatının veriləcəyinin anonsu səsləndirilmişdi. Görüşün vaxtı  NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfəri çərçivəsində Paşinyanla görüşündən sonra müəyyənləşmiş oldu. Bu da onu nümayiş etdirirdi ki, ABŞ başda olmaqla Avropa İttifaqı Ermənsitandan öz  geosiyasi mübarizəsinin aləti kimi, istifadə etmək niyyətindədir. Ermənistan da alət rolunda çıxış etmək müqabilində Azərbaycana qarşı dəstək almaq istəyir. Sözsüz ki, bütün bunları Azərbaycan aydın müşahidə edirdi. Müvafiq olaraq Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 5-də keçiriləcək görüşlə bağlı öz narazılığını ifadə etmişdi. ABŞ dövlət katibi Antoni Blinkenin cənab Prezident İlham Əliyevə  zəng edərək mövqelərini izah etməyə çalışması hər şeydən qabaq Azərbaycanın gücünün və təsirinin göstəricisidir.  Bu, ayrıca olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük siyasi çəkiyə malik lider olmasına növbəti dəfə dəlalət edir”.

Deputatın fikrincə, Blinkenin Prezident İlham Əliyevə zəngi Ermənistan başda olmaqla bir sıra dövlətlərə subliminal mesajdır:

 

"ABŞ-da Azərbaycanın mövqeyinin Cənubi Qafqazda həlledici və təyinedici olduğunu çox aydın şəkildə bilirlər. Ona görə də Azərbaycanı narazı salacaq hər hansı bir addım atmaq istəmirlər. Amma Rusiyaya qarşı Ermənistandan istifadə etmək niyyətindədirlər. Bu prosesə, artıq start verilib. ABŞ Azərbaycanı etibarlı və bütün mənalarda böyük potensiala malik tərəfdaş kimi itirmək istəmir. Azərbaycanla münasibətlər Cənubi Qafqaz regionunda maraqların müdafiə olunmasının ən başlıca şərtidir. Sösüz ki, Azərbaycanla konstruktiv münasibətlərə sahib olmadan, olduqca strateji əhəmiyyətə malik bir regionda hansısa marağın təmin olunmasından söhbət gedə bilməz. Azərbaycanın mövqeyi açıqdır. Azərbaycanın istəyi regiona üçüncü qüvvələrin müdaxilə etməməsidir. Konstruktiv əməkdaşlıq imkanları varsa, ölkəmiz buna hazırdır. ABŞ dövlət katibinin Azərbaycan prezidentinə zəng etməsi həm də dünya ölkələrinə, Ermənistanın özünə çox ciddi  subniminal mesajdır. Mesaj Azərbaycanın rolu və mövqeyinin Cənubi Qafqaz kimi strateji regionda əhəmiyyətli, həlledici olması istiqamətindədir. Azərbaycan Prezidenti bu gün öz strateji baxışları ilə ölkəsinə qazandırmış olduğu hərtərəfli resurs potensialı ilə dünyanın ən güclü dövlətlərinin liderləri sırasında dayanmaqdadır. Azərbaycanın və onun rəhbərinin mövqeyi ilə ABŞ-nin hesablaşdığını Blinkenin Azərbaycan Prezidentinə zəngi bir daha sübut etmiş oldu".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır