Modern.az

Vaqif Mustafayev və “Speys”in “Elşad Abdullayevi”

Vaqif Mustafayev və “Speys”in “Elşad Abdullayevi”

23 Oktyabr 2013, 23:20

Mən 11 il Az.TV-də və cəmi iki ay yarım isə “Space” kanalında işləmişəm. AzTV-də iki, “Space”də isə bir sədr görmüşəm. Nizami Xudiyev, Arif Alışanov və Vaqif Mustafayev. Hərəsinin özünə görə yox, (çünki buna mənim qiymət verməyə ixtiyarım yoxdur. İnsanlar müxtəlif olmalıdırlar) idarəetmə qabiliyyətinə görə mənfi və müsbət cəhətləri olub. Bu da təbiidir. Kimisə qaldıranda bu sədrlər işçisi üçün yaxşı, kimisə işdən uzaqlaşdıranda isə az qala “xalq düşməni”nə çevriliblər. Bu da mentalitetimizə uyğun bir cəhətdir. Təbii qəbul edirəm.

/file/articles/Amma aparıcılığına böyük diqqətlə yanaşdığım və şox bəyəndiyim İdris Cəfərovun Varşavadan yaydığı videomüraciət məni təəccübləndirdi. Fikirləşdim ki, yəni Vaqif Mustafayev bu qədərmi qorxulu, mafioz, qaniçən, başkəsən adamdır ki, ondan qorxub belə bir igrənc müraciət etmək üçün xaricə getmək lazım idi?

İkincisi, Vaqif Səmədoğlunun “Əjdaha başı” əsəri yadıma düşdü. Dayısı bacısısı oğlunu KPZ-yə saldırmaq istəyəndə başlayır qışqırmağa: “Mən xarici səfirliklərə müraciət edəcəyəm!”. Səyavuş Aslanın oynadığı “Dayı” da ona belə cavab verir: “Bu Ştirlits də uşaqların başını lap xarab edib e...”. İndi Elşad Abdullayev də Strasburqdan o qədər video göndərdi ki, bu gəncləri də pozdu. Nəticədə “Speys”in də öz “Elşad Abdullayevi” yarandı. Bilmirəm Vaqif Mustafayev haqqında deyilənlər doğrudur, yay yox? Məncə şəxsi, intim söhbətlərin ictimailəşdirilməsi ən azı və ən çoxu kişilikdən deyil. Hansı prizmadan baxsaq belə.

Mən “Space” kanalına 2007-ci ildə “Xəbərlər” xidmətinin rəhbəri Elman Gədiklinin təqdimatı əsasında gəldim. Vaqif müəllim mənimlə qısa söhbətdən sonra işə götürdü – redaktor vəzifəsinə. Nəzər, diqqətini isə üzərimdən ayırmadı. Yaxşı mənada izlədi, güddü. Atamın ölümündən sonra əsəblərim pozulduğundan və “Xəbərlər”də iş rejimi gərgin olduğu üçün bir ay yarım işlədikdən sonra işdən çıxmağımla bağlı ərizə yazdım. Elman Gədikli cırdı atdı. 10 gün sonra birini də yazdım. Onu da Vaqif müəllimə vermədi. Gizlətdi. Üçüncü ərizəni yazıb birbaşa Vaqif Mustafayevin köməkçisinə verdim.

Ərizəni görcək həmin dəqiqə məni qəbul etdi. “Uşaq bağçası-zaddır bura. İki ay işləmisən... hara qaçırsan, Sənin işindən razıyam. Yeniliklər eləmisən. Studiyanı yenidən qurmusan” dedi. Bir saat söhbətdən sonra “get evə, sabah danışarıq. Artıq gecdir” söylədi.

Səhər işə gələndə isə gördüm ki, Vaqif müəllim nəinki ərizəmə qol çəkib, hətta mənim vəzifəmi qaldıraraq “Xəbərlər” Xidmətinin rəhbər müavini qoyub, maaşımı da artırıb. Pərt vəziyyətdə qalmışdım. Həqiqətən də müalicəyə ehtiyacım vardı. Amma Vaqif müəllimin bu qiyməti qarşısında daha iki həftə işləməyə özümü məcbur etdim. Sonra isə ərizəmi yazıb, kadrlar şöbəsinə verib, loru dildə desək qaçdım. Hətta Vaqif müəllimlə sağollaşmadım da. (Gec də olsa, Sizin mənə verdiyiniz qiymətin və dəyərin  müqabilində  ədəbsizliyimə görə üzr istəyirəm).

Vaqif müəllim  2 ay yarım işçisi olan mənim  yadımda sədr kimi belə qaldı.  Bəlkə də yadımdan çıxdı. Amma...

Amma, onun çəkdiyi  “Bəyin oğurlanması”, “Fəryad”, “Yaramaz” bədii filmləri və Heydər Əliyevin həyatından bəhs edən  10 sənədli film – xüsusilə də “Bir həsədin tarixi” və “Əsl məhəbbət haqqında” filmləri yaddaşıma həkk olunub. Mənim fikrimcə, bu filmləri şedevr də adlandırmaq olar.

Mən işlədiyim müddətdə Vaqif Mustafayevə sədr, məmur kimi yox, rejissor, xalq artisti, bir çox beynəlxaq festivalların laureatı, istedadlı bir insan olduğuna görə hörmətlə yanaşırdım. Şıltaqlıqlarını, ziddiyyətli addımlarını, bəzən yersiz iradlarını “udmaq ” məcburiyyətində qalırdım. Çünki başa düşürdüm. Çünki o fitrən yaradıcı, istedadlı bir insandır, məmur deyil. Məmurluq, vəzifə isə müvəqqəti bir anlayışdır.

Bir dostum var. Deyir ki yazılarında tənqid ola bilər. Amma elə et ki, “qurşaqdan aşağı zərbə olmasın”. İdmanda da bu qadağan olunmuş fənd  sayılır. Məncə İdris Cəfərov qaydaları pozdu.

/file/articles/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi