Ötən gün İctimai Televiziyada uşaqlar üçün verilişə baxırdım. Adətən bu cür verilişlərdə uşaqlara hansı görüşlərin aşılandığı marağımı çəkər. Aytəkin bacı maraqlı bir rəvayət danışırdı uşaqlara. Çox zövq aldım. Etiraf edim ki, ilk dəfə eşitdiyimə görə, xeyli faydalandığımı düşünürəm. Rəvayət belədir: Bir ölkədə ədalətli şah olur. Onu hər zaman düşündürən bir məsələ vardı. Özündən sonra hansısa zalım şəxs şah ola bilər və məmləkət insanlarının haqqını tapdalar, deyə rahatsız olardı. Bir gün şahın ağlına bir ideya gəldi. Məmləkətə car çəkdi ki, dürüstlüyünə inanan hər kəs şahın sarayına bir dibçək götürüb gəlsin, şah hər bir dibçəyə gül toxumu əkəcək, bir ay sonra kimin dibçəyindəki gül gözəl olacaqsa, o da növbəti şah olacaq.
Ağlı kəsən bütün məmləkət əhli əllərində dibçək saraya axışdı. Şah da hər kəsin dibçəyindəki torpağa bir toxum əkdi. Bir ay keçəndən sonra yenidən hamı öz dibçəyində boy atan bir-birindən gözəl güllə saraya axışdı. Şah dibçəkləri seyr edərkən gördü ki, yalnız bir gənc oğlanın dibçəyində gül yoxdur, sadəcə ot bitib. Sordu ki, nədən sənin dibçəyində gül bitməyib? Gənc oğlan cavab verdi ki, bir ayd bu dibçəyi suladı, sadəcə torpaqdan çıxan otdan başqa bir şey ərsəyə gəlmədi. Şah dərhal bəyan edir ki, həmin gənc oğlan onun yerinə Şah olacaqdır. Hər kəs təəccüblə səbəbini sordu. Şah söylədi ki, “mən hər kəsə bişmiş toxum paylamışdım, demək ki, sizlər onun bitmədiyini görüb oraya yeni toxum əkmisiniz. Bu gənc oğlan isə dürüst olduğuna görə bu hiyləyə baş vurmayıb. Mənə gül deyil, dürüstlük lazım idi.
Gözəl kadr seçimi idi, deyilmi? Bu ibrətamiz rəvayəti seçib uşaqlara çatdıran düşüncə sahiblərinə həqiqətən təşəkkür düşür.