Asim Mollazadə: “Bu qəribədir”
Fazil Mustafa: “İnandırıcı deyil”
Azərbaycan prezidenti İlham Əliyev dövlət başçısı seçiləndən sonra qanuna müvafiq olaraq yeni Nazirlər Kabineti formalaşdırıb. Ölkə rəhbərinin sərəncamına əsasən, kadr dəyişikliyi həyata keçirilib və yeni hakimiyyət komandası rəsmən fəaliyyətə başlayıb.
Bəzi siyasi ekspertlər hakimiyyət-müxalifət münasibətlərinin ortaq məxrəcə gətirlməsi üçün bu düşərgəyə mənsub olan bir sıra partiya rəsmilərinə hökumətdə müxtəlif postların verilməsini təklif ediblər. Burada söhbət daha çox “konstruktiv müxalifət” adlandırılan parlament partiyalarından gedir.
Parlamentdə təmsil olunan müxalifət partiyalarının rəhbərləri gələcəkdə iqtidar komandasında yer ala bilərmi? Belə bir perspektivin reallaşması mümkündürmü?
Modern.az saytı Milli Məclisdə yer alan müxalifət partiyalarının mövqeyini öyrənib.
Demokratik İslahatlar Partiyası (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib ki, ümumiyyətlə belə bir presedent düzgün deyil. “Necə ola bilər ki, müxalifət hakimiyyətdə təmsil olunsun? Daha onda bu müxalifət olmaz ki?- deyən deputat söyləyib ki, Azərbaycanda hakimiyyət iqtidar komandasından formalaşır. Onun sözlərinə görə Azərbaycanda prezident idarəçilik üsulu olduğundan hökumətdə iqtidar nümayəndələri yer alır. “Müxalifət hökumətin siyasətinə qarşı olan partiyaların nümayəndələrindən ibarətdir. Ona görə də müxalifətin hakimiyyətdə təmsil olunmağı mənə qəribə gəlir”-deyə DİP rəhbəri qeyd edib.
Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə Azərbaycanda belə bir demokratik ənənənin mövcud olmadığını dilə gətirib. O bildirib ki, məhz demokratiya problemlərinə görə, Azərbaycanda müxalifətin hakimiyyətdə yer alması real deyil. “Azərbaycan elə demokratik ölkə deyil ki, burda adı çəkilən məsələlər müzakirəyə çıxarılsın. Bizim ölkədə müxalifətin iqtidar komandasında təmsil olunması çox çətin məsələdir və inandırıcı deyil”-deyə BQP sədri bildirib. F. Mustafa onu da əlavə edib ki, şəxsən ona hər hansı təklif olmayıb. “Heç olması da gözlənilmir”-deyə müxalif deputat vurğulayıb.
Aqşin Kərimov