Modern.az

Əbədiyaşar alim...

Əbədiyaşar alim...

Aktual

12 Aprel 2024, 12:35

12 aprel texnika üzrə fəlsəfə doktoru, mərhum alim  B.M. Məmmədovun 70 yaşı tamam olur.

 

Bəşər övladı adına ömür deyilən zaman kəsiyində çox hadisələrdən keçir, keşməkeşləri adlayır, çox insanlarla ünsiyyətdə olur. Bir həqiqət var ki, nə baş verən hər hadisə, nə də hər ünsiyyətdə olduğun insan  yadında qalmır... Yadında qalan isə heç vaxt unuda bilməyəcəyin, qan yaddaşına adları əbədi həkk olunanlardır ki, onlar da ömür dediyimizin mənası, mahiyyəti deməkdir. Bəlkə də dilimizdə olan qardaş, sirdaş, yoldaş kimi müqəddəs kəlmələrdəki "daş" sözü bağlılığın, əbədiliyin ölçü vahididir... Belə olmasayadı yaddaş insan həyatının, yaşantılarının kino lenti kimi əksi olmazdı... Yaddaş elə bir müqəddəs məqamdır ki, orada yalnız insan üçün  əbədiləşə bilənlər qalır...  Yaddaşımda əbədiləşən, böyük alim, dəyərli şəxsiyyət, sadə və təvazökar insan, sözün həqiqi mənasında əməlisaleh ağsaqqal, etibarlı, ləyaqətli dost, təpədən dırnağacan nur çeşməsi olan, əsl ziyalı  -  Bəxtiyar Mürsəl  oğlu Məmmədov kimi...

 

Yaşasaydı bu gün 70 yaşını qeyd edərdi… 70 illik yubileyini onsuz qeyd edən dostları, alim yoldaşları, əzizləri Bəxtiyar müəllimi Azərbaycan ziyalısısnın simvolu kimi xatırlayır, dəyərli alim olaraq fədai adlandırır, el adamı olaraq əsl Azərbaycan kişisinin malik olduğu milli dəyərlərin daşıyıcısı kimi  dəyərləndirirlər….

Bəxtiyar müəllim haqqında keçmiş zamanda danışmaq çox ağırdır... Məsləhətlərinə həmişə ehtiyac duyduğumuz, keçdiyimiz yolları uğurla keçib onlara yaxşı bələd olan bir ziyalımız idi Bəxtiyar müəllim. Biz onu çox erkən, çox tez itirdik... O, mənim məsləkdaşım, dostum, yaradıcılıq yollarında uzun illər qoşa addımladığımız kinorejissor, Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadənin atasıdır. Mən də onu böyüyüm, ağsaqqalım olaraq qəbul etmişdim... Dəyərli məsləhətlərinə, müdrik fikirlərinə, zəngin dünyagörünüşünə heyran qalmamaq olmurdu... Heyiflər olsun... Bəxtiyar müəllimin nə xüsusi təqdimatdan, nə də gəlişi gözəl olan sözlərdən xoşu gəlməzdi....  Ona görə mən bu fədakar insanın, ziyalının, nurlu şəxsiyyətin, elm adamının haqqında rəsmi yazmaq fikrindən uzağam... Onun haqqında elə onun doğum günündə düşüncələrimi, yaddaşımda əbədiləşənləri paylaşmaq, qələmə almaq istəyirəm...

 

Bəxtiyar Məmmədov öz alın təri ilə elm zirvəsinə ucalmışdı... texnika elmləri üzrə fəlsəfə doktoru idi... Elmi işi suvarma texnologiyalarının tətbiqi ilə bağlı idi... Kitablar, elmi əsərlər, monoqrafiyalar, saysız məqalələr müəllifi idi... Onun işləyib hazırladığı suvarma texologiyası bu gün də istehsalatda uğurla tətbiq edilir...

O, praktikadan elmə gələn, uğuru, yeniliyi əyani şəkildə tətbiq edib onun elmi əsaslarını işləyib hazırlayan alimlərdən idi... Mən onun elmi fəaliyyətindən uzun uzadı danışmaq fikrində  deyiləm... Onu bilirəm ki, Bəxtiyar müəllim əsl elm adamı, əsl alim idi...

 

Təbiət vurğunuydu Bəxtiyar müəllim... Həmişə deyirdi ki, Allahın yaratdığı canlı aləmlərin məsuliyyəti insanların üzərindədir... Çünki təbiət bütün varlığı ilə bəşəriyyətin mövcudatı üçündür... Ona görə idimi bu dəyərli elm adamı tədqiqat işini də təbiətin nizamını yaradan bitki aləminin həyat amili olan su ilə təmin edilməsinə həsr etmişdi... O, bu araşdırmalara illərini qurban vermişdi... Doktorluq dissertasiyası hazır olsa da onu müdafiə etməyə ömür vəfa etmədi... Qısa ömründə çalışdığı sahələrin hamısında təbiətlə ünsiyyətdə olub, təbiəti qoruyub Bəxtiyar müəllim...

 

Şamaxı yolu boyunca bir zamanlar məhv edilən Cəngi meşələrinin bərpası ideyasını verməklə, bu təbiət strukturunun bərpa edilməsində əvəzsiz xidmətlər göstərmişdi... Həmin ərazilərdə minlərlə ağacların əkilməsində, bərpaetmə işlərində Bəxtiyar müəllimin böyük zəhməti var...

AMEA-nın Meliorasiya və Torpaqşünaslıq İnstitutunda çalışırdı... Qapısını həmişə böyük ziyalılar, elm adamları, incəsənət xadimləri döyərdi... Hamı ilə də səmimi dost, etibarlı tərəfdaş, ehtiram göstərən və ehtiramla qarşılanan ziyalı idi Bəxtiyar müəllim...

 

İllər öncə tanımışdım Bəxtiyar müəllimi... Günlərin birində axşam tərəfi evdə telefon zəng çaldı... Dəstəyi qaldıranda alicənab bir səs sahibinin salamını alandan sonra bildim ki, sənət yolunda yeni addımlamağa başladığım dostum Vasifin atası Bəxtiyar müəllimdir zəng edən... Elə ilk kəlmələrindən mənə elə gəldi ki, mən bu kişini uzun illərdir tanıyıram... o qədər səmimi, mehriban, ağayanə danışırdı ki, valeh olmuşdum... Birdən məndən soruşdu ki, sən bizim Vasiflə dostsan, eləmi?! Dedim bəli, dostuq... dedi mən sizin dostluğunuzu sınamaq istəyirəm... məni təəccüb bürüdü... bir az da çaşqın vəziyyətə düşdüm... Onun mehrban səsi məni düşdüyüm vəziyyətdən oyatdı sanki : - narahat olma, elə çətin iş tapşırmaram sənə ki, öhdəsindən gələ bilməyəsən... Bilirsən, bizim bu Vasifin evlənmək vaxtı keçir, o, ailə qurmalıdır...  anası deyir, bacısı deyir  boyun almır... dost deyilsən?!, sən ona başa sal, izah elə, bütün günü bir yerdəsiniz, seçib sevdiyi bir qız var yəqin, desin, el adətiylə elçi düşək, toyunu edək qurtarsın getsin... “Baş üstə” dedim. Dedi Vasifə heç nə demə, yenə zəng edərəm sənə, xahişimi yaddan çıxartma... Təbii ki, onun sözünü mən ağsaqqalın buyruğu kimi qəbul etdim və həmin gündən Vasiflə “təbliğat”a başladım... Mən bu gün də Vasifə onun ailə həyatı qurmağı ilə bağlı Bəxtiyar müəllimin mənə “tapşırığı” barədə heç nə deməmişəm... Az sonra Vasifin toyunda mənə Bəxtiyar müəllimin nurlu çöhrəsini görmək, əlini sıxmaq nəsib oldu... Bunları yazmaqda məqsədim var... İndi anlayıram ki, sən demə Bəxtiyar müəllim bu addımıyla ağsaqqallığın, dostluğun şərtlərini, məziyyətlərini bizə aşılayırmış... Həmişə Vasifə deyirmiş ki, dostundan heç vaxt əlaqəni üzmə, o etibarlı adamdı... Bəxtiyar müəllimin öz dostları da belə idi, mərd, etibarlı... Bilirəm ki, yoxluğunda belə onun dostları bu ailə ilə əlaqəni üzmür, daim hal-əhval tutur, dostlarını itirmələrinə baxmayaraq, dostluğu itirmək istəmirlər...

...2020-ci ilin yanvar ayının əvvələri idi... Pirşağı qəsəbəsindəki Xoşbəxt Yusifzadə adına 112 saylı orta ümumtəhsil məktəbində akademiklə onun 90 illik yubileyi ilə bağlı görüş keçirilirdi...  Xoşbəxt müəllim haqqında ədəbi ssenarim əsasında Vasif Məmmədzadə ilə “Fədakar” bədii filmini çəkdiyimizdən tədbirə biz və nüfuzlu ziyalı olaraq Bəxtiyar müəllim də dəvətli idi. Həmin tədbirdə xeyli dərdləşdik... Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevlə dostluqlarının tarixçəsindən danışdılar... Xeyli zarafatlaşdılar... Söhbətdə Vasif də, Vamiq müəllimin oğlu, kinorejissor dostumuz İqbal da iştirak edirdi... Yaddaqalan, yaddaşımıza yazılan bir görüş oldu bu... Amma bunun Bəxtiyar müəllimlə son görüşüm olduğunu heç ağlıma belə gətirməzdim... Sağollaşanda son sözü bu oldu ki, bir-birinizdən muğayat olun, möhkəm tutun bir-birinizin əlindən... Bunun Bəxtiyar müəllimin vəsiyyəti olduğunu haradan biləydik?!... Haradan biləydik ki, qapısını həmişə say seçmə insanların döydüyü Bəxtiyar müəllimin qapısını son dəfə amansız ölüm döyəcək...

Bəxtiyar müəllim həm də nümunəvi ailə başçısı idi, xalq üçün, cəmiyyət üçün layiqli övladlar yetişdirib. Onun ailəsini yaşadıqları Pirşağı qəsəbəsində ziyalılar ailəsi adlandırırlar. Qeyd etdiyim kimi onun böyük övladı, kinorejissor, Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadə Azərbaycan mədəniyyətinin tanınmış simalıarındandır. Azərbaycan Dövlət Televiziya və Radio QSC-də kinorejissor kimi sevimli peşəsini davam etdirir. İkinci övladı Asif Məmmədzadə yüksək ixtisaslı iqtsadçı-mühasib peşəsinə yiyələnib. Müxtəlif məsul vəzifələrdə çalışıb. O, ata yolunun davamçısı olaraq elm tədqiqatla məşğuldur və ixtisası üzrə məsul dövlət işində çalışır. Qızı Jalə xanım da ali təhsil alıb. Bu ocaqdan pərvazlanmaqda olan nəvələr də ailənin elm yolunda ilk mətin adımlarını atmaqdadırlar.

 

Bəxtiyar müəllimin dəyərli məsləhətləri, mənalı ömrü əsl örnək mənbəyidir... Həmişə müşkül məsələ ilə üzləşəndə onun məsləhətləri dadımıza çatardı..

Biz müdriklərin dediyi “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” kəlamının əsl  mahiyyətini Bəxtiyar müəllimin simasında gördük... Dünya gör-götür dünyasıdıdr – deyib müdriklər... Bu gün Bəxtiyar müəllimin ocağında böyüyən nəvələr də gördüyü həyat dərsini öz həyatlarında mütləq əks etdirəcəklər... və beləcə bu gözəl insanın, nurlu şəxsiyyətin, dəyərli alimin, etibarlı dostun ruhani həyatı davam edəcək... Dünya durduqca nəsildən nəsilə keçərək yaşayacaq nurlu əməllərində o da var olacaq...

 

Azərbaycan elminin parlaq simalarından biri, böyük ziyalı Bəxtiyar Mürsəl oğlu Məmmədovun həyat və fəaliyyətinə, onun haqqında yazdığım bu qısa yazıya diqqət yetirmək kifayətdir ki, onun parlaq, şərəfli həyatı barədə bilgiyə malik olasan. Varlığı ilə xalqına, millətinə, Vətəninə ləyaqətlə xidmət etmək, təbiətə səadətli olmaq idi onun həyat amalı...  Bir alim, bir ata, bir vətəndaş üçün bundan ülvi nə ola bilər?! O, cəmiyyətə, elə, obaya gərəkli şəxsiyyətlərdən biri idi... Allahın sevib-seçdiyi insanlardan idi Bəxtiyar müəllim. Bu gün onun əməlləri müstəqil ölkəmizin çiçəklənməsinə xidmət edir. Yetirmələri, elmi əsərləri, saleh əməlləri, övladları onun şərəfli ömrünü davamçılarıdır... Bəxtiyar müəllim bunu da öyrətdi ki, əməli saleh olan insanlar əbədiyaşardır... Ruhu şad olsun!  

 

Eldar İskəndərzadə

Şair-dramaturq, Azərbaycan Yazıçılar və

Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU