Gürcü prezident Mixail Saakaşvili Axalkalaki rayonunda yerli erməni separatçılarla mübahisə edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Cavaxetiya bölgəsinə səfər edən prezident Mixail Sakaşvili “Vahid Cavaxk” təşkilatının sədri Vaaqn Çaxalyan ilə mübahisə edib. Çaxalyan Saakaşviliyə onun hakimiyyəti dövründə erməni kilsələrinin dağıdıldığını, erməni ədəbiyyatı dərslərinin yerli məktəblərin proqramından çıxarıldığını irad tutub. Opponentinin sözlərinə cavab olaraq Saakaşvili Çaxalyanı separatçı adlandırıb.
“Mən bura bütün vətəndaşları dinləməyə gəlmişəm. Amma sizdən dərs alası deyiləm. Sənin kimi separatçı və rus agentləri mənə mənəviyyat dərsi verə bilməzsiniz?”-deyə cavab verib.
Daha sonra yerli erməni sakinlər Gürcüstan preidentinə qarşı “Mişa Türkiyəyə get” şüarı səsləndirməyə başlayıblar. Prezidentin mühafizə xidməti isə Çaxalyanı və tərəfdarlarını ərazidən qovmağa başlayıb. Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən Mixail Saakaşvili Axalkalakinin məhz onun hakimiyyəti zamanı rəsmi Tbilisinin nəzarətinə qayıtdığın bildirib.
Xatırladaq ki, Vaaqn Çaxalyan 2009-cu ilin aprelində “ictimai asayişin pozulmasında” və “külli miqdarda döyüş sursatı əldə etməkdə və saxlamqda” ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi .Çaxalyan 2013-cü ilin yanvarına Bidzina İvanişvili hökümətinin elan etdiyi amnisitya sayəsində azadlığa çıxıb.