BDU-nun tələbəsi
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən bir il ötür. ADNA-nın qarşısında planlaşdırılan anım mərasimində iştirak etmək üçün biz - Bakı Dövlət Universitetinin bir qrup tələbəsi səhər saat 09:30-da ora yollandıq. II korpusunun önündə, ötən il qətlə yetirilən tələbələrin anım mərasiminə qatılmaq istəyirdik. Anım mərasiminə bizdən başqa digər unuversitetlərdən də gənclər gəlmişdi. Hər kəsin əlində qırmızı qərənfillər var idi, o cümlədən də bizim. Ancaq.... Anbaan baş verənlər məni heyrətdən donurdu. Qarşımızda canlanan mənzərələr ötənilki terror hadisəsindən də dəhşətli oldu. Mərasimə gələnlər pilləkənlərin bir hissəsinə qərənfillər düzdülər. Birinci şoku elə ilk dəqiqədə yaşadıq, bizimlə həmyaşıd bəzi tələbələrin qərənfillərin üzərindən adlayıb universitetin girişinə doğru getmələri biabırçılıq idi. Halbuki, pilləkənlərin qərənfillər düzülməyən tərəfi də vardı və ordan keçmək olardı. Əsl dəhşət isə az sonra baş verdi. Heç beş dəqiqə keçməmiş ADNA-nın məsul şəxslərinin əmri ilə pilləkənlərə düzülmüş qərənfillər toplandı, harasa aparıldı. Univesitetin içərisində tələbələrə həsr olunmuş guşəyə qoyulacağını dedilər. Buna inanmaq istədim, amma... Bizə içəri girməyə icazə verilmədi. Əvəzində isə aldığımız cavab bu oldu: “Gediş-gəlişə mane olmayın! Çıxın gedin!”. Əmin ola bilərsiniz ki, bu ilki mühafizə xidməti ötən il belə işləsəydi, heç bir terror hadisəsi törədilməzdi. ADNA-nın mühafizə işçiləri tərəfindən II korpusun önündəki tələbələr qovularaq oradan uzaqlaşdırıldı. Ardınca bu işə mülki və polis geyimində olan şıxslər cəlb olundular. Bizi düz metronun “28 may” stansiyasına qədər müşayiət etdilər. Nə baş verirdi..? 2009-cu ilin qara tarixini bizlərə unutdurmağamı çalışdılar...? Daha nə deyəcəyimi bilmirəm. Təəssüf...