Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin olunan Arzu Tairquliyeva yeni işi barədə danışıb.
Modern.az saytına açıqlama verən A.Tairquliyeva hələlik yeni iş yerinə adaptasiya olunduğunu bildirib.
“Hələlik işə yeni başlamışam, iş prosesinə və mühitə uyğunlaşmağa çalışıram”.
A.Tairquliyeva jurnalistlərin onu təbrik etməsi ilə bağlı zəng etdiklərini də bildirib.
“Çox jurnalistlər məni yeni işimlə bağlı zəng vurub təbrik ediblər. Amma hələlik hər hansı məsələ ilə bağlı açıqlama və ya müsahibə olmayıb. Nəsə olan kimi mən özüm mətbuat işçiləri ilə əlaqə saxlayacam” deyə yeni mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, Arzu Tairquliyevadan əvvəl bu vəzifəni Zəminə Əliqızı yerinə yetirirdi. Hazırda o, Bakı Şəhəri üzrə Təhsil İdarəsində baş məsləhətçi vəzifəsində çalışır.
Qeyd edək ki, Arzu Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirib.
2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili alıb.
Aytən ƏLİYEVA