O sanki oturuşu ilə tarixin özünə insanlıq, mübarizlik dərsini keçir. Onun mübarizəsi baxışlarındadır. Vaxtilə, qələmi ilə döyüşən “Hop-hopnamə” müəllifi öləndən sonra da mübarizəni baxışlarındakı müdrikliklə davam etdirir.
Modern.az saytı “Yeni Bakının köhnə abidələri” layihəsindən yeni yazını təqdim edir. Bu dəfə elə ilk cümlələrdən məlum olduğu kimi, Qala qapılarının önündə ucalan “Mirzə Ələkbər Sabir” heykəli barədə danışılacaq. Heykəl 1958-ci ildə məşhur heykəltaraş Cəlal Qaryağdı oğlu tərəfindən hazırlanıb.
Bu əslində ikinci “Sabir”dir
1922-ci ildə Bakıda heykəltəraş Yakov İosifoviç Keylixis tərəfindən dahi Azərbaycan şairi Sabirin heykəli qoyulur. İndi hamımızın bildiyi yerdə qoyulan Sabir heykəli bir sıra mənfilikləri ilə yadda qalır. Sənətkarlıq baxımından o qədər də uğurlu iş hesab olunmayan heykəlin ən böyük qəbahəti Sabirin içindəki yanğını, ictimai-sosial əzabları əks etdirə bilməməsi idi. Yad bir müəllif tərəfindən hazırlanan heykəl təbii ki, Azərbaycan reallığından yaranan fərdi və ictimai əzabları təsvir edə bilmirdi. Bəlkə də ən böyük səhv Bakıda dərs deyən, rəssamlığın sirlərini öyrədən Keylixisə bu işin həvalə olunması idi. Düzdür, sənətin vətəni olmur deyirlər. Amma elə məsələlər var ki, o mütləq milli koloritlə sintez olunmalıdı. Eynən, Sabirin heykəli kimi. Çünki Sabir yalnız Azərbaycan və azərbaycanlılar üçün Sabirdi. Onu ingilis, yaxud almanla bağlayan heç bir mənəvi – ictimai bağ yoxdur. Amma şəhərsalma işlərini sürətləndirməkdən ötrü mütləq heykələ, abidəyə ehtiyac olduğundan bu məsələdə güzəştə gedilir.
Bakıda ilk heykəl - 1922-ci ildə əsası qoyulan Sabir heykəlidi. Ondan 8 il sonra isə Axundov heykəli ucaldılır.
Sabirin 1922-ci ildə hazırlanan heykəli rus heykəltaraş Y.Sirişevin layihəsi olur. Deməli, ilk eskizlərindən yad sənətkarlar tərəfindən hazırlanan heykəl millilik xüsusiyəti, yerli düşüncə şirəsindən məhrum idi. Doğrudur, həmin rəssamlar bir pedaqoq kimi Azərbaycan incəsənətinə çox töhfə veriblər. Amma Sabir heykəli bu töhfələr sırasına girə bilmədi.
“Köhnə Sabir”, “təzə Sabir”…
Q.Əsgərovun layihəsi əsasında salınmış bağda ucaldılan Sabir heykəli realistik planda həll olunub. Üz cizgiləri çox quru, postamenti isə fiqurun ölçüləri ilə həmahəng deyildi. Qalın qala divarları ilə harmoniya yarada bilməyən heykəl düz 36 il həmin yerdə (elə indiki yerində) qaldı. Yalnız 1958-ci ildə ilk xalq rəssamlarımızdan olan Cəlal Qaryağdının müəllifi olduğu heykəl (indiki oturan Sabir heykəli) ora gətiriləndə “köhnə Sabir” yerindən götürülür. 1922-ci ildə hazırlanan heykəlin harda olması ilə bağlı iki fərziyyə var. Onun gah Şamaxıdakı Sabir heykəli olduğu deyilir, gah da hazırda Sabir adına kitabxananın arxiv fondunda saxlanıldığı bildirilir.
Bir misradan yaranan heykəl
1950-ci il girər-girməz Bakıda sənaye və şəhərsalma işləri özünün ən pik nöqtəsinə çatdı. Müharibədən sonrakı SSRİ “həbsxana”da saxladığı xalqların tarix və mədəniyyətinə təşəbbüskarlıq niyyətini kimlərəsə göstərməkdən ötrü həmən sistemli işlərə başladı. “Sabir” heykəlinin yerləşdiyi mərkəzi bağda da quruculuq işləri görülməyə başlanıldı. Bu işlərdə əsas məqsəd bağın sərt qala divarları və ətrafda olan qədim və imicə malik olan tikililərlə harmoniyasını yaratmaq idi. Sabir heykəli bu harmoniyaya qəti uyğun gəlmədiyindən onu yenisi ilə əvəzləmək qərarına gəlirlər. Beləliklə də, heykəltəraş Cəlal Qaryağdı 1958-ci ildə Sabirin indiki heykəlini hazırlayır. Elə hazırlandığı ərəfədə ilk diqqəti çəkən məqam heykəlin oturaq vəziyyətdə olması idi. Heykəltaraş şairin “Bənzərəm bir qocaman dağə ki, dəryadə durar” misrasından təsirlənərək ona bu cür formanı verib. Amma bəziləri oturaq halda qoyulan heykəlin Sabirin ömrü boyu apardığı ictimai mübarizəyə yaraşmadığını vurğulayırdılar.
Ölçü baxımından postamenti ilə üzvü vəhdətdə olan heykəlin oturması əslində mübarizə elementinə o qədər də zidd deyildi. Əslində o bu mübarizənin böyüklüyünü göstərir. Burada ictimai əzablar sanki üsyankar şairi müdrikləşdirir. O daha uzaqlara, yəni, bu günümüzə baxır, mübarizəni də baxışlarında deyil, məhz, bu baxışlarda davam etdirir.
Elə bu gün də o mübarizə davam etməkdədir...
Həm də Cəlal Qaryağdı həmişə heykəllərinin ölçülərini yerləşdiyi yerə görə uyğunlaşdırırdı. Ən hündür heykəl olan Nərimanov heykəli barədə də biz bunu müşahidə edə bilmişdik. Sabir heykəlinin də yerləşdiyi park xudmani olduğundan orada rəssam məhz, bu formanı qənaətbəxş sayır. Ətrafdakı tikililərlə üzvü vəhdətdə olan heykəl həm də əlindəki kitabdan tutmuş paltarının cizgilərinə qədər millidir. Birinci heykəldə məhz, bu çatmırdı. Sabiri ancaq Azərbaycan ağrılarını bilən adam hazırlaya bilərdi. Cəlal Qaryağdı da bunu çox gözəl bacardı. Sabiri, Üzeyir bəyi və Mirzə Cəlili çox sevən Cəlal Qaryağdının özü də Əzimzadənin varisi kimi satirik karikaturaların ustası idi.
Rəssamın oğlu və davamçısı Cəlil Qaryağdı da bunu təsdiqləyir:
“Atamın o vaxtın qəzetlərində çəkdiyi karikaturalar hələ də məndədi. İstədiyiniz zaman sizə göstərə bilərəm. Sizə karikatura deyirəm e, elə bil, əsl tarixdi. Reallıq orda nə gözəl əks olunub?!”
Cəlal Qaryağdının məhz , bu cür keyfiyyəti ona Sabir heykəlini ustalıqla hazırlamağa imkan verdi. Bütün “Molla Nəsrəddin” ideologiyası sanki heykəlin üzərinə hopdurulub. Odur ki, heykələ asanlıqla “Molla Nəsrəddinin” və “Hop-hopnamə”nin daşlaşmış forması saya bilərik.
Elmin Nuri