Modern.az

Füzulidən Berlinə uçan İlham Əliyevin portfelində nələr var... 

Füzulidən Berlinə uçan İlham Əliyevin portfelində nələr var... 

Analitika

26 Aprel 2024, 10:11

“Prezident İlham Əliyevin Almaniyaya səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması - azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımır, həm də siyasi hesablamanın tərkib hissəsidir. Və istisa deyil ki, məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmayıb. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər var”.

Modern.az xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı bildirib.

O xatırladıb ki, Əliyev Berlinə Almaniya kansleri Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün gedib və COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi orada təmsil olunur.

Ekspertin sözlərinə görə, Berlin dialoqunda müzakirələr Bakıda noyabrda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edəcək. Və hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir:

1. İqlim problemlərinin qarşısının alınması “yaşıl enerjiyə” keçidlə mümkündür;

2. İnvestorların “yaşıl enerji”yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər.


A.Nərimanlı deyib ki, Prezident İlham Əliyev də Berlin gündəliyini bu prioritetlər üzərindən müəyyənləşdirib:
 

“- Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq “təhlükəsiz bölgə” olduğunu nümayiş etdirdi: bu investorlar üçün vacib amildir;

- Bakının hədəfi azad olunmuş əraziləri “yaşıl enerji zonasına” çevirməkdir və Əliyevin portfelində də məhz investorları bu bölgəyə cəlb etmək var;

- Və ən mühüm amillərdən biri Azərbaycanın torpaqlarını azad etdiyi, suverenliyinin bərpa olunduğu bu mesajla praktiki olaraq Avropaya çatdırıldı: bu, xüsusilə Fransa başda olmaqla suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondakı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələrə ünvanlanıb”.



Politoloq Elxan Şahinoğli isə Prezident İlham Əliyevin Almaniya səfərinə başqa aspektdən yanaşıb. O deyib ki, Fransanın anti-Azərbaycan siyasəti bu ölkəni Avropanın digər iddialı ölkəsi olan Almaniyanın gerisinə sürükləyib.

“Berlin fürsətdən məharətlə istifadə edib. Fransa prezidenti Emmanuel Makron qatı ermənipərəst və anti-Azərbaycan siyasəti ilə Bakı ilə İrəvan arasında vasitəçilik imkanlarını itirib. Almaniya kansleri Olaf Şolts yaranan bu vəziyyəti doğru qiymətləndirərək Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərini gücləndirib.

Almaniya kansleri fevral ayında Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş təşkil etdi. Bundan bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində müzakirələri davam etdirdilər. Azərbaycanla Ermənistan arasındakı son razılaşmalar vasitəçi olmadan əldə edilib. Buna baxmayaraq, İrəvan və Bakı Berlinin vasitəçiliyindən imtina etmirlər. Bu baxımdan Azərbaycan Prezidentinin aprelin 26-da Almaniyaya səfəri bu siyasətin tərkib hissəsidir.

İlham Əliyev səfər öncəsi Almaniyanın siyasəti barədə müsbət fikirlər söyləyib. İlham Əliyev vurğulayıb ki, Azərbaycanın Almaniya ilə sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planları var. Vaxt var idi, bu kimi müzakirələr Fransanın rəhbərliyi və işgüzar dairələri ilə aparılırdı. Makron yaxın keçmişdəki əlaqələrin üstündən xətt çəkdi. İtirən Fransa oldu. Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var