Modern.az

Azərbaycan-Almaniya münasibətləri A-dan Z-yə

Azərbaycan-Almaniya münasibətləri A-dan Z-yə

Analitika

26 Aprel 2024, 11:31

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib. Səfər çərçivəsində kansler Olaf Şoltsla görüş, “15-ci Petersberq İqlim Dialoqu” tədbirində iştirak və digər yüksək səviyyəli təmaslar gözlənilir. Avropa İttifaqının lider ölkələrindən biri olan Almaniya ilə Azərbaycanın münasibətləri xarici siyasətin mühüm istiqamətlərindəndir.

 

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də rəsmi Berlinin verdiyi töhfə xüsusi qeyd olunmalıdır. Ötən Almaniya xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə bu ölkədə Azərbaycan və Ermənistan XİN başçılarının təmasları təşkil edilmişdi. Sülh sazişi layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi edən Almaniyada üçtərəfli formatda nazirlərin görüşü baş tutmuşdu ki, Azərbaycan tərəfi buna görə Almaniyaya təşəkkürünü ifadə etmişdi.

 

Modern.az aktual gündəmə uyğun olaraq Azərbaycan-Almaniya münasibətlərinin tarixini, iki ölkə arasında olan siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələri araşdırıb.

 

Əvvəlcə qeyd edək ki, Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Azərbaycan Almaniyadakı səfirliyi 2 sentyabr 1992-ci il, Almaniyanın Azərbaycandakı səfirliyi isə 22 sentyabr 1992-ci ildə açılıb. Almaniyadakı səfirlik müstəqil Azərbaycanın Qərbi Avropada təsis edilən ilk diplomatik nümayəndəliyi olub.

 

İki ölkə arasında indiyə qədər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini ehtiva edən ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Parlamentlərarası əlaqələrə gəldikdə, Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Bundestaqda isə Almaniya-Cənubi Qafqaz qrupu fəaliyyət göstərir. SOCAR-ın, AZAL-ın, ABB-nin Almaniyada, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycanda ofisi mövcuddur. 

 

Azərbaycanın Bakı və Sumqayıt şəhərləri ilə Almaniyanın Maynts və Lüdviqshafen şəhərləri arasında “qardaşlaşmış şəhərlər” kontekstində əlaqələr qurulub. Azərbaycan Almaniya arasında birbaşa ikitərəfli sərnişin nəqliyyatı hava nəqliyyatı vasitəsilə təmin olunur. Azərbaycan Hava Yolları Bakı-Berlin, Almaniyanın "Lufthansa" aviaşirkəti isə Frankfurt-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir. İki ölkə arasında yük daşımaları hava, dəniz, avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir.

 

 

Azərbaycan və Almaniya elm və təhsil sahəsində də əməkdaşlıq etməkdədir. Xaricdə təhsil üzrə dövlət proqramında Almaniya universitetləri xüsusi yer tutur. Bundan başqa, iki ölkənin ali məktəbləri arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Alman Akademik Mübadilə Xidməti (DAAD) üzrə də imkanlardan geniş istifadə olunur. 2010-cu ildən etibarən Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir.

 

Hazırda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Almaniyanın Azərbaycandakı səfiri isə Ralf Horlemanndır. İki ölkənin iqtisadi əlaqələri də inkişaf etməkdədir. Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilib. 2012-ci ilin 12 noyabr tarixində isə Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası açılıb.

 

Cari ilin mart ayının rəsmi statistikasına nəzər yetirsək, Azərbaycandan Almaniyaya 239 368.01 min ABŞ dolları dəyərində ixracat həyata keçirilib ki, bu da ümumi ixracın 4.00 %-ni təşkil edib. Həmçinin ötən ay 181 670.21 min ABŞ dolları həcmində Almaniyadan Azərbaycana idxal baş tutub. Bu həcm ölkəyə ümumi idxalın 4.89 %-i deməkdir. Beləliklə, 2024-cü ilin martında ölkələr arasında ticarət dövriyyəsi 421 038.22 min ABŞ dolları səviyyəsində olub ki, bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 4.34 %-nə bərabərdir.

 

Cari ilin yanvar-mart ayları ərzində - ilin ilk rübündə dövriyyədə Azərbaycandan ixrac 33.2 faiz, idxal isə 66.8 faiz təşkil edib. 2024-cü ilin yanvar-fevral ayları üzrə qeyri-neft-qaz ixracı 4317.2 min ABŞ dolları dəyərində olub. Bunun 3639.7 min ABŞ dollarlıq hissəsi Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını əhatə edib. Ticarət dövriyyəsinin artırılması istiqamətində perspektivlər mövcuddur.

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur