Modern.az

Pedaqoji Universitetin məzunları iş tapa bilir? - ARAŞDIRMA

Pedaqoji Universitetin məzunları iş tapa bilir? - ARAŞDIRMA

Təhsil

26 Aprel 2024, 14:16

Qəbul imtahanları yaxınlaşdıqca abituriyenlər universitet seçimləri ilə bağlı araşdırmalar aparır, müxtəlif məsləhətlər alırlar. Universitet seçimi zamanı nəzərə alınmalı olan faktorlar arasında həmin ali təhsil ocağının məzunlarının əmək bazarındakı yeridir.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 10-dan çox universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

 

Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

 

Modern.az ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə araşdırma aparır. Bundan əvvəlki araşdırmalar Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Azərbaycan Texniki Universitetinin (AzTU) məzunlarına həsr olunub.

 

Bu yazıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunları araşdırılır.

 

Qeyd edək ki, pedaqoji kadrların hazırlığı ilə məşğul olan ADPU-nun yaranma tarixi 1920-ci illərə gedib çıxır.  Universitetdə idarəetmə prosesini 8 fakültə, 33 kafedra, Tədris Departamenti (3 şöbə və 4 bölmədən ibarət), 14 şöbə və 5 mərkəz həyata keçirir. Ali təhsil müəssisəsinin müxtəlif filialları, kollecləri və məktəbi mövcuddur.

 

“Məzunların məşğulluq reytinqi” platformasında qeyd olunur ki, 2018-2021-ci illərdə ADPU-dan 5500-ə yaxın tələbə məzun olub. Onların 52 faizi işlə təmin olunub. Muzdla işləyən məzunların 80 faizdən çoxu kişidir.

 

2018-2021-ci illərdə qeyd olunan universitetdən ən çox məzunu olan ixtisaslar aşağıdakılar olub:

 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 622 nəfər (onlardan 45 faizə yaxını, 278 nəfəri iş tapıb)

Tarix müəllimliyi – 586 nəfər (onlardan 45 faizi, 266 nəfəri iş tapıb)

Biologiya müəllimliyi – 486 nəfər (onlardan 50 faizdən çoxu, 246 nəfəri iş tapıb)

Məktəbəqədər təlim və tərbiyə – 417 nəfər (onlardan 50 faizə yaxını, 206 nəfəri iş tapıb)

Coğrafiya müəllimliyi – 397 nəfər (onlardan 57 faizi, 225 nəfəri iş tapıb)

Riyaziyyat müəllimliyi – 340 nəfər (onlardan 50 faizdən çoxu, 171 nəfəri iş tapıb)

Riyaziyyat və informatika müəllimliyi – 320 nəfər (onlardan 62.5 faizi, 200 nəfəri iş tapıb)

Təsviri incəsənət müəllimliyi – 308 nəfər (onlardan 58 faizi, 179 nəfəri iş tapıb)

Təhsildə sosial-psixoloji xidmət – 302 nəfər (onlardan 57 faizi, 173 nəfəri iş tapıb)

Texnologiya müəllimliyi – 276 nəfər (onlardan 54 faizi, 149 nəfəri iş tapıb)

 

ADPU məzunlarının ən çox işlədiyi qurumlar başda Bakı şəhəri olmaqla müxtəlif bölgələrdə yerləşən orta təhsil müəssisələridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var