Modern.az

«Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…» - II YAZI

«Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…» - II YAZI

Ölkə

31 Oktyabr 2013, 10:15

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq 
İnstitutunun
böyük elmi işçisi, fəlsəfə üzrə
f
əlsəfə doktoru

SSRİ 20 ildən çoxdur bitib, ancaq sovet ideologiyasının şüurlarmızdakı qalıqları hələ də davam etməkdədir 

İndi gələlim əsas məsələlərdən birinə, yəni İrəvanın Cümhuriyyət dövründə onun rəhbərləri tərəfindən nədən Ermənistana verilməsinə. Bir sözlə, «İrəvanın Ermənistana güzəştə gedilməsi» məsələsinə.

Məlum olduğu kimi, hazırda Azərbaycan mətbuatında və müəyyən dairələrdə (hətta, parlament səviyyəsində) İrəvanın Ermənistana güzəştə gedilməsi ən azı böyük siyasi səhv, maksimum isə satqınlıq və xəyanət kimi izah olunur. Maraqlıdır ki, İrəvanın Ermənistana verilməsi məsələsində də ən çox ittiham olunan Məhəmməd Əmin Rəsulzadədir. Bu o Rəsulzadədir ki, nümayəndəsi olduğu nəslin yoxdan bayraq yaratdığını və min cür çətinliklə ucaltdığını bəyan etmişdir. Onu da demişdir ki, yeni nəsil onu yenidən ucaltmalı və qorulmalıdır. Ancaq Rəsulzadənin yeni nəsili timsalında olan bizlər arasında elələri tapılır ki, onun ucaltıdığı bayrağın altında yaşamağı qəbul etməklə yanaşı, onu bir neçə məsələyə görə, o cümlədən İrəvanın ermənilərə güzəştə gedilməsinə görə  xəyanətdə və satqınlıqda ittiham edirik.

 Burada çox incə bir məqam var. Bu da ondan ibarətdir ki, Azərbaycan Milli Şurası yaranıb M.Ə.Rəsulzadə onun sədri seçildiyi (1918, 27 may), Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul edildiyi  (1928-ci il 28 may) və Milli Şura İrəvanı ermənilərə güzəştə gedildiyi (1918, 29 may) tarixlərdə Rəsulzadə faktiki olaraq Batum şəhərində olmuşdur. Belə ki, Rəsulzadə Məhəmməd Həsən Hacınski ilə birlikdə 1918-ci ilin mayın 11-dən iyunun 4-dək Osmanlı Türkiyəsi və Zaqafqaziya seymi nümaynədələri arasında keçirilən Batum konfransında iştirak etmişdir. Bunu çoxsaylı sənədlər və materiallar da təsdiq edir.

Hətta, Batum konfransının sonunda (1918, 4 iyun) Azərbaycan və Türkiyə dövlətləri arasında ikitərəfli müqavilə bağlanmışdır. Müqaviləni Osmanlı hökuməti tərəfindən ədliyyə naziri və Dövlət Şurasının sədri Xəlil paşa Menteşe, Qafqaz Cəbhəsinin komandanı Mehmet Vehib Paşa, Azərbaycan Cümhuriyyəti tərəfindən Milli Şuranın sədri  M.Ə.Rəsulzadə və xarici işlər naziri Məhəmməd Həsən Hacınski imzalamışlar. Məqsəd həmin dövrdə Azərbaycanın bir hissəsində ağalıq edən bolşevik-daşnak hökuməti - Bakı Xalq Komissarları Sovetini aradan qaldırmaq üçün Türkiyədən hərbi yardım almaq idi. Bu mənada, Rəsulzadə fiziki şəkildə nə İstiqlal Bəyannaməsinə imza ata bilmiş, nə də «İrəvanın ermənilərə güzəştə gedilməsi» iclasında iştirak etmişdir.

Maraqlıdır ki, birinci faktdan, yəni İstiqlal Bəyannaməsində imzasının olmamasından çıxış edilərək Rəsulzadənin adı indi İçərişəhərdə ucaldılan İstiqlal Abidəsində öz əksini tapmamışdır. Halbuki Milli Şura adından İstiqlal Bəyannaməsinə imza atanlar onu həmin Ali Dövlət qurumunun başçısı seçmişdilər. Yəni bu fakt İstiqlal Abidəsini ucaldanlar üçün önəmli olmamışdır.

Ancaq əvəzində çox diqqət çəkici başqa bir məqam vardır. Elə həmin Milli Şuranın yenə də Rəsulzadənin iştirak etmədiyi növbəti icasında (1918-ci il 29 may) İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı məsələni müzakirə etmişdir. Bu məsələnin müzakirəyə çıxarılmasına isə erməni Milli Şurasının nümayəndələri səbəb olmuşlar. Belə ki, həmin dövrdə Azərbaycan Milli Şurası kimi Tiflisdə fəaliyyət göstərən ermənilərin Milli Şurası müstəqilliklərini dünyaya bəyan etsələr də, Ermənistanın paytaxtını müəyyənləşdirə bilməmişlər. Düzdür, ermənilər əvvəlcə Gümrünü (Aleksandropolu) Ermənistanın paytaxtı kimi görürmüşlər. Ancaq həmin dövrdə Gümrü Türkiyənin nəzarəti altında olduğu üçün, bu mümkünsüz olmuşdur. Ona görə də ermənilər özlərinə yeni bir paytaxt kimi İrəvanı müəyyənləşdirmişlər.


Bu barədə Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasının 2-ci cildində (Bakı-2005) yazılır: «Zaqafqaziya seyminin dağılmasından sonra (1918, 26 may) erməni milli şurası Tiflisdə Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etdi. 1918-ci il mayın 29-da  Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu,  Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər Ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə göstərilmişdir). Beləliklə, Azərbacan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir».

Qeyd edək ki, həmin gün (1918, 29 may) Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski xarici işlər naziri M.H.Hacınskiyə rus dilində ünvanladığı məktubunda İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı qismində yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onalar güzəştə getdik» («Fətəli Xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar)», Bakı-1998).

Yeri gəlmişkən, bütün bunlardan çıxış edilərək «İrəvanın ermənilərə güzəştə gedilməsi» məsələsində Rəsulzadə ilə yanaşı Fətəli Xan Xoyski də hədəf kimi götürülür. Çünki F.X.Xoyskinin baş nazir olduğu dövrdə, onun da razılığı və birbaşa iştirakı ilə İrəvan Ermənistana güzəşt gedilmişdir. Hətta, bu məsələni Milli Şurada Xoyski səsləndirmişdir. Çünki Xoyski bir tərəfdən Milli Şuranın İcraiyyə Komitəsinin sədri, digər tərəfdən Azərbaycan Cümhuriyyətinin baş naziri idi. Ermənilər də bu təkliflərini ilk növbədə, ona bildirmişdilər. Bu mənada, Xoyski bir növ məcburi olaraq Milli Şurada belə bir məruzə ilə çıxış etməyə məcbur olmuşdu.

Eyni zamanda, «İrəvanın Ermənistana güzəştə gedilməsi» müəyyən şərtlər əsasında reallaşmışdır. Bu da ondan ibarət idi ki, İrəvan xanlığının və onun paytaxtının Ermənistana güzəşti müqabilində ermənilər Naxçıvan və Qarabağ iddialarından əl çəkməli, müharibəni dayandırmalı idilər. Ermənilərin bu iddialarından əl çəkməyəcəyi təqdirdə Azərbaycan Cümhuriyyəti tərəfindən «İrəvanın Ermənistana güzəştə gedilməsi» məsələsi qüvvədən düşəcəkdi. Hər halda, Xoyski Milli Şuranın həmin iclasında bunu, açıq şəkildə bəyan etmişdir. Bunu, o, Hacınskiyə yazdığı məktubunda da göstərmişdir. Yəni Xoyski ümid etmişdir ki, «İrəvanın Ermənistana güzəştə gedilməsi» ilə ermənilər digər  iddialarından əl çəkəcək və müharibəyə son qoyacaqlar. Görünür, təkcə Xoyski deyil, «İrəvanın Ermənistana güzəştə gedilməsi»nin lehinə səs verən 16 Milli Şura üzvü də belə hesab emişdir.

Bizə elə gəlir ki, hazırda «İrəvanın Ermənistana güzəştə gedilməsi» məsələsində Xoyski və digər Milli Şura üzvülərinin adlarının hallanmasınını «günahkar»ı da Rəsulzadədir. Çünki Rəsulzadənin «satqın» və «xəyanətkar» olmasına çalışanlar, bu zaman məcbur olaraq Xoyski və digərlərini də ittiham etməyə məcbur olurlar. Çünki tarixi faktlar Rəsulzadənin lehinə işləyir. Belə olduğu təqdirdə həmin məsələdə işitirak edənləri ittiham etməklə dolaysıyla Rəsulzadəni də hədəf almış olurlar.

Hər halda, bu bir gerçəklikdir ki,  Rəsulzadə İstiqlal Bəyannaməsinə imza ata bilmədiyinə görə adı İstiqlal Abidəsinə düşmədiyi halda, ancaq İrəvanın ermənilərə güzəştə gedilməsi məsələsində əsas günahkar, bu ittihamı irəli sürənlərin dili ilə desək «satqın», «xəyanətkar» rolunda görülür. Yəni müxtəlif variantlarla, qondarma «dəlillərlə» əsaslandırılmağa çalışılır ki, Rəsulzadənin «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə hansısa böyük rolu, bu alınmayanda isə ən azı ümumi şəkildə payı olmuşdur.

Sözün açığı, ilk baxışdan anlaşılmır ki, niyə ən çox Rəsulzadə hədəf alınır. Əgər bu məsələdə səhvə yol verilmişdisə, bu və ya digər şəkildə Milli Şuranın, Azərbaycan Cümhuriyyətinin ilk Nazirlər Sovetinin bütün üzvləri məsuliyyət daşıyırlar. Şübhəsiz, ilk növbədə də Milli Şuranın həmin iclasında (1918, 29 may) iştirak etmiş və bu qərarın lehinə səs vermiş üzvləri. Bu mənada, Rəsulzadə və onun kimi həmin iclasda iştirak etməyən Milli Şura üzvləri onlardan sonra, müəyyən mənada günahkar qismində çıxış edə bilərlər.

Halbuki Rəsulzadə Milli Şuranın sonrakı iclaslarında «İrəvanın Ermənistana güzəştə gedilməsi»nin əleyhinə çıxış etmişdir. Yəni Milli Şuranın həmin qərarını pisləmiş və buna etiraz etmişdir. Yeri gəlmişkən, eyni addımı Milli Şuranın İrəvandan olan 3 üzvü də atmışdır. Deməli, əgər indi kimlərsə «satqın» və «xəyanətkar» tapmaq istəyirlərsə, istənilən halda Rəsulzadəni əsas günahkar kimi ittiham etmək mümkün deyildir.

Fikrimizcə, bunu, yəni «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə Rəsulzadəni əsas günahkar rolunda ittiham edənlər və təbliğ edənlər də yaxşı anlayırlar. Başqa sözlə, burada məqsəd «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə Rəsulzadənin əsas rol oynamasını sübut etməkdən daha çox cəmiyyət daxilində, xüsusilə gənclər arasında onun haqqında mənfi rəy, mənfi imic yaratmaqdır.

Çünki bir çox hallarda kütlə, o cümlədən gənclər məsələnin əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar. Ümumi mənzərə də ondan ibarətdir ki, məhz Azərbaycan Cümhuriyyəti dövründə və onun rəhbərləri tərəfindən İrəvan ermənilərə güzəştə gedilmişdir. Üstəlik nəzərə alsaq ki, Rəsulzadə həmin Cümhuriyyətin lideri hesab olunur, artıq əsas günahkar rolunda onun göstərilməsi heç də mənasız görünmür. Yəni bu müddəanı ortaya atanlar demək istəyirlər ki, Azərbaycan Cümhuriyyətinin lideri, dövlət başçısı, qurucusu və ideoloqu Rəsulzadə olmuşdusa, baxın onun dövlət başçısı olduğu dövrdə İrəvan ermənilərə verilmişdir. Müxtəlif yerlərdə, müxtəlif situasiyalarda müxtəlif adamların dilindən eyni kəlmələri dəfələrlə eşidən bəzi gənclər də artıq şübhə etmirlər ki, İrəvanı ermənilərə məhz Rəsulzadə vermişdir.

Burada maraqlı məqam odur ki, özəlliklə də gənclərə bu fikirlər harada və kimlər tərəfindən çatdırılır!? Yəni Rəsulzadənin «İrəvanın ermənilərə verməsi», «Vətəni qoyub qaçması», «Faşistlərlə danışıqlar aparması», «Stalinin ən yaxın dostu olması» və s. məlumatları gənclərimiz haradan və kimlərdən alırlar!? Yəni doğrudanmı orta və ali məktəb dərsliklərində, yaxud da ayrı-ayrı ədəbiyyatlarda həmin məsələlər bu şəkildə qoyulur? Bəlkə bunun üçün gənclər arasında ayrıca, xüsusi kurslar təşkil edilib? Ümumiyyətlə, niyə gənclər arasında Azərbaycan Cümhuriyyəti liderlərindən daha çox Rəsulzadə haqqında mənfi rəy formalaşdırılır? Fikrimizcə, bütün bu sualların da uyğun cavabı vardır.

Bunun üçün, növbəti bir məsələyə - «Vətəni qoyub qaçanlar» məsələsinə də aydınlıq gətirmək istərdik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi