Modern.az

“Azərittifaq” hökuməti bazara müdaxilə etməyə ÇAĞIRDI

“Azərittifaq” hökuməti bazara müdaxilə etməyə ÇAĞIRDI

Parlament

31 Oktyabr 2013, 12:59

Eldar Quliyev: “Dövlət tərəfindən müəyyən məhsullara sifariş qoyulmalıdır”

Rusiyada miqrantlara qarşı aparılan yoxlama, eyni zamanda orada azərbaycanlıların fəaliyyət göstərdiyi bazarların bağlanması bir çox insanın Azərbaycana geri qayıtması, məhsullarımızın Azərbaycandan Rusiya bazarlarına çıxarıla bilməməsi ilə nəticələnib. Tədarük olmadığı üçün kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasında problemlər yaşanır.

“Azərittifaq” İdarə Heyətinin sədri, deputat Eldar Quliyev Modern.az-a açıqlamasında bildirib ki, kooperativlər, sahibkarlarla, fərdi, ailə təsərrüfatları ilə müqavilə bağlayıb məhsul almaq olar, amma Bakıda satış yerlərində və ya emal müəssisələrində bunun təhvili olmalıdır.

“Hesab edirik ki, birinci növbədə dövlət tərəfindən müəyyən məhsullara sifariş qoyulmalıdır. Onda “Azərittifaq” funksiyanı yerinə yetirib məhsulları istehsalçılardan alıb, onların satışı ilə məşğul ola bilər. Emal müəssisələri ilə əlaqə yaradıldıqda isə onlar öz tədarükçülərinin olduğunu və məhsulu onlar vasitəsilə aldıqlarını deyirlər. Onlara da bu sərfəlidir. Çünki biz məhsulu aldıqda onun üzərinə müəyyən daşınma və işinin haqqını qoyacağıq, amma emal müəssisələri birbaşa sahibkardan aldığı üçün qiymət aşağı düşür və ya sahibkarla qiymət sövdələşməsi edir. Bu isə bizdə olmur”.

E.Quliyev bildirib ki, baş verən hadisələr yalnız Moskvada olub. Bu gün Azərbaycan nəinki Rusiya bazarlarına, hətta bir çox MDB ölkələrinin bazarlarına da öz məhsulunu ixrac edir.

“Rusiya böyük dövlətdir. Təkcə Moskava bazarlarına bizim məhsullar çıxmır. Sank-Peterburq, Sibir tərəf, Ural tərəfdə də bizim soydaşlarımız işləyir. Ukrayna bazarlarına məhsullar çıxır. Bizim əhsullar ekoloji təmizliyinə, keyfiyyətinə, dadını görə seçilir. Avropa ölkələrinin nümayəndələri Bakıya gəlib burada meyvə və tərəvəzləri yeyəndən sonra ekoloji təmiz olduğunu deyirlər. Çünki biz hələləlik bu məhsullarının istehsalının kökünü saxlaya bilmişik. Avropa isə ət, süd, ərzaq məhsullarını modifikasiya ediblər, dadlarını itirib”.

E.Quliyev məhsullarımızı Avropa bazarlarına çıxara bilməməyimizə səbəb kimi onların tam Avropa strandartlarına uyğun ola bilməməsini göstərib.

“İkincisi isə onlar bizə sertfikat verməlidir ki, məhsulu aparaq. Biz buna hələ hazır deyilik. Amma qarşımıza məqsəd qoymuşuq ki, gələcəkdə təkcə MDB ölkələrinə və onların bazarlarına deyil, Avropa ölkələrinə də öz kənd təsərrüfatı məhsullarımızı ixrac edək”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...