YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Baş nazirin müavini təyin ediləndən sonra Milli Məclisdə boşalan deputat yerlərinin sayı 3-ə çatıb.
Digər boş qalan yerlər öz mandatından imtina edən Gülər Əhmədova və avtomobil qəzasında dünyasını dəyişmiş mərhum Hikmət Atayevin yerləridir. Hər üç eks-deputat Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edib.
Hələlik Milli Məclisdə boş qalan yerlərə deputat seçkilərinin keçirilməsi məsələsi gündəmə gəlməyib. YAP icra katibinin müavini Mübariz Qurbanlı Modern.az saytına açıqlamasında bildirib ki, parlamentdə hakim partiyadan 3 deputat yerinin boşalması YAP-ın fəaliyyətinə heç bir təsiri göstərmir.
“Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluqla təmsil olunan fraksiyadır. Deputatlarımızın sayının azalması fəaliyyətimizə mənfi təsir göstərməyib. Amma boşalan yerlərlə bağlı seçki keçirilərsə, YAP öz namizədlərini irəli sürəcək”, – deyə M. Qurbanlı vurğulayıb.
Aytən ƏLİYEVA