Modern.az

“Heç vaxt işçilərimlə əmr formasında davranmamışam” - 17 yaşlı “Şərqin” baş redaktoru ilə MÜSAHİBƏ

“Heç vaxt işçilərimlə əmr formasında davranmamışam” - 17 yaşlı “Şərqin” baş redaktoru ilə MÜSAHİBƏ

31 Oktyabr 2013, 18:02

Azərbaycanın populyar nəşrlərindən olan «Şərq» qəzetinin 17 yaşı tamam olur. Qəzetin qurucusu Akif Aşırlının dediyinə görə, əslində q«Şərq»in 19 yaşı var. Qəzetin ilk sayı 1996-cı il noyabrın 1-dən göstərilsə də, 1994-cü ilin mart-aprel aylarında «Şərq»in 6 sayı işıq üzü görüb. İki illik fasilədən sonra qəzet bərpa olunub, amma nəşr tarixi 1996-cı il göstərilib.
Qəzetin baş redaktoru Akif Aşırlı yubiley ərəfəsində Modern.az saytına müsahibə verib, «Şərq»in tarixinə nəzər yetirib:

- Azərbaycanda siyasi sabitliyin olmadığı, gərginliyin hökm sürdüyü bir dönəmdə qəzet nəşr etməyin özü bir qəhrəmanlıq idi. Bir qrup gənc jurnalist «7 gün» qəzetindən ayrılıb yeni qəzət yaratmağa qərar verdik.

- Kim idi onlar?

- Yusif Nəzərli, indi APA-da çalışan Kəmalə Quliyeva, «Azadlıq» radiosunun Bakı burosuna bir müddət rəhbərlik edən Natiq Zeynalov, «Futbol plyus» qəzetinin redakoru Mahir Rüstəmli. Bəzən Natiqlə Mahir birləşib «Manat» imzası ilə yazılar yazırdı.

- 1994-cü ildə qəzet bağlanandan sonra hara getdiniz?

- «7 gün»ə qayıtdıq. Sonra yeni kollektiv formalaşdı. Balaş Abbaszadə, Təranə Hüsüqızı, Məlahət Rzayeva, Vəfa Allahverdiyeva, rəhmətlik Kəmalə Kəsəmənli, Yadigar Cəfərli, Tünzalə Məlikova qəzetin əsas aparıcı simaları oldu. Sonrakı illərdə kollektivə yeni yaradıcı qüvvələr cəlb etdik. Vüsalə Rafiqqızı, Aytən Kərimova, Könül Şamilqızı, Zülfüqar Xeyirxəbərov, Tahirə Məmmədqızı, Firdovsi Fərzəliyev, Xalid Ağaəliyev, Anar Bayramoğlu, Afət Telmanqızı, Rəşad Baxşəliyev, Vüqar Qocamanlı, Elşən Məmmədov, Lalə Paşaqızı, Teymur Turan, Nəsimi Cəfərli, Kəmalə Quliyeva, Seymur Qasımbəylı və başqaları öz yaradıcılıq karyeralarını «Şərq»də qurdular. Rəhmətlik Qeyrət Quliyevin adını burada çəkməsək olmaz. Bu illərdə öz müəllif yazıları ilə çıxış edib. Əgər bu illər ərzində «Şərq»də çalışanları adbaad çəksək, uzun bir siyahı olar.

- «Şərq»in qısa müddətdə uğur qazanması, populyar olmasının əsas səbəblərini nədə görürsünüz? İndi bu uğura yenidən qayıtmaq istərdinizmi?

- Redaksiya daxilində demokratik mühit, hər kəsin öz fikrini söyləyib, əsaslandırması, təklifinin keçməsi üçün şərait olub. O dünən də var idi, bu gün də var. Alternativ fikirlərə, baxışlara hörmətlə yanaşmışıq. Yaradıcılıqla, maliyyə məsələləri, işin təşkili ilə bağlı ən mühüm problemlər redaksiyanın müzakirəsinə çıxarılıb, ortaq məxrəc müəyyənləşdirilib. Hətta bu müsahibəni oxuyan keçmiş və indiki əməklaşlar da təsdiqləyər ki, baş redaktor kimi heç vaxt kiminləsə əmr formasında davranmamışam. Vəziyyət dəyərlənidirilib və birgə qərar verilib. Təbii ki, təkbaşına verdiyim, qəbul etdiyim qərarlar da olub. Yəqin ki, onların içərisində ədalətlisi, ədalətsizi də var.

- İndi də bu ənənələr qalırmı?

- Əlbəttə. Köhnə kolektivdən 4 əməkdaş yenə də əvvəlki ruhla, enerji ilə çalışır. Ümumi işgüzar, yaradıcılıq atmosferinidə onlar formalaşdırır.  Bu gün «Şərq»in əməkdaşları əsasən gənclərdir. Onların peşəkar jurnalist kimi formalaşması, imzalarının tanınması  üçün çalışırıq, yəqin ki, bunu onların özləri də bilir. Düşünürəm ki,bu  redakisyaların qapısını döyən gənc jurnalistlərin əksərinin məlumatlılıq səviyyəsi yetərincə deyil. Böyük qismi siyasi-analitik təhlillərdən qaçır, ədəbi-sosial mövzulara, şou-biznesə meyllənirlər. Son dövrdə görmədim ki, hansısa gənc gəlib iqtisadi-siyasi mövzularda yazı hazırlamaq istədiyini söyləsin.

- Bir çoxları bu fikirdədir ki, «Şərq» daha cəsarətli, şöhrətli mövqeyindən bilərəkdən çəkildi. Əvvəlki mövqeyinizə qayıtmaq istəmirsiniz?

- Biz elə həmişəki mövqeyimizdəyik. Sadəcə, əvvəlki dönəmdən fərqli olaraq indii ölkənin gündəminə emosiyasız, sakit baxmağa çalışırıq. Yazıları, sərlövhələri, qıcıq yaradacaq sözlərlə «zənginləşdirə» də bilərik. Nə dəyişəcək ki? Bu, həm də bizim 10 il əvvələ qayıtmağımız olacaq, problemə peşəkar yanaşma olmayacaq. Bu gün mediada çalışanların  əsas missiyası bütövlükdə Azərbaycan jurnalistikasını beynəlxalq standartlara, prinsiplərə uyğunlaşdırmaqdan ibarətdir. Bu yöndə həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində iş aparılır, treninqlər, seminarlar keçirilir. Müsbət nəticələr də var. Azərbaycan jurnalistikası bu prinsiplərə uyğunlaşdırıldıqdan sonra ikinci bir mərhələ gəlir - beynəlxalq jurnalistika nümunələri ilə rəqabət. Hələ biz birinci mərhələdəyik.

- «Şərq»in yubileyini necə keçirəcəksiniz?

- Adi bir qaydada. Yəqin ki, redaksiyada süfrə açılacaq. 17 yaş həm də yuvarlaq deyil. İnşallah, qəzetin 20 yaşını  yəqin ki, daha təntənəli qeyd edəcəyik.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi