Modern.az

Prezident qızını nəyə görə döydü... - ARAŞDIRMA

Prezident qızını nəyə görə döydü... - ARAŞDIRMA

31 Oktyabr 2013, 21:28

“Forbes” jurnalının Qazaxıstan versiyası Özbəkistan lideri İslam Kərimovun ailəsində baş verənlərlə bağlı sensasion araşdırma dərc edib. Modern.az saytı "virtualaz.org"a istinadla “Kərimov qızı Gülnarəni niyə döydü” başlıqlı araşdırmanın tərcüməsini təqdim edir.

Dünyanın ən qapalı rejimlərindən birinin hökm sürdüyü Özbəkistanın hakim ailəsində son vaxtlar baş verən qaranlıq olaylar haqda xəbərlər yayılırdı.

Bu xəbərlərə görə, prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölkədən çıxmasına qadağa qoyulub, onun media holdinqinə daxil olan telekanallar və radiolar bağlanıb. Prezident qızının bank hesablarına həbs qoyulub.

Bəs Özbəkistanın hakim ailəsində nə baş verirdi? Bir vaxtlar prezident İslam Kərimovun siyasi varisi hesab edilən, milyardlarla dollarlıq şirkətlərin sahibi olan G.Kərimovanın atasının qəzəbinə tuş gəlməsinin səbəbi nə idi?

Bu günlərdə internetdə eyni vaxtda Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın ətrafında baş verənlərlə bağlı iki material meydana çıxdı.

Hadisələrin bu məqalədə əksini tapacaq başvermə ardıcıllığını və xronologiyasını qabaqlayaraq bəri başdan qeyd edirik ki, Gülnarə Kərimovanın biznes strukturlarına daxil olan “TV Merkez”, “Forum TV”, “NTT”, “SoftS” telekanallarının, habelə “Zamin FM”, “Alo FM” və “Terra FM” radiolarının bağlanmasını şəxsən onun atası İslam Kərimov əmr edib.

Bəs Kərimovun dövlət strukturlarının onun doğmaca qızının biznesinə total hücumlarına gətirib çıxarmış qəzəbinə səbəb nə idi? Beləliklə... 

Əkbərəli Abdullayevin həbsi 

2013-cü il sentyabrın ortalarında özbək xüsusi xidmət orqanları prezidentin xanımının bacısı (İ.Kərimovun baldızı) Tamara Sobirovanın oğlu Əkbərəli Abdullayevə qarşı siyasi xarakterli kompromat əldə edir.

Kompromatın mahiyyəti bundan ibarət idi ki, dar çərçivədə keçirilmiş bir neçə ziyafət zamanı çəkilən videokadrlarda Əkbərəli Abdullayev bir neçə dəfə bu sözü təkralayır: “Əgər Gülnarə İslam Abdulqaniyeviçin işini (prezidentliyi-red.) davam etdirmək istəməsə, o, bu işi mənə həvalə etməyə hazırdır”.

Əkbərəli Abdullayevin bu iddiaları Gülnarə Kərimovanın analoji bəyanatlarına əsaslanırdı. Doğrudan da özbək prezidentinin öz xalası oğlu ilə yaxın münasibətlər saxlayan böyük qızı dar çərçivədə bir neçə dəfə belə demişdi: “Əgər birdən mən atamın yerini tutmaq istəməsəm, bu yeri ancaq Əkbərəliyə etibar edərəm”. 

Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi də G.Kərimovanın bu bəyanatları haqda məlumatlandırılmışdı. Onlar prezidentin qızının həmin sözləri dediyini əks etdirən videokadrları da Gülnarə barədəki kompromat dosyesinə əlavə etmişdilər. Lakin xüsusi xidmət orqanlarının rəhbərləri bu dosyeni İslam Kərimova göstərməyə tələsmirdi.

Bununla belə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov Əkbərəli Abdullayev barəsində toplanmış dosyeni prezidentə təqdim edir. 2013-cü il sentyabrın sonuncu ongünlüyündə Özbəkistan xüsusi xidmət orqanının rəhbəri ölkə prezidentinin kabinetinə daxil olur və ona “Əkbərəli Abdullayevin siyasi ambisiyaları” barədə məruzə edir.

Qəzəblənmiş İslam Kərimov arvadının qohumuna qarşı cinayət işi qaldırmağı əmr edir və tezliklə onu “içəri basmağı” tapşırır. Kompromatı prezidentdən məhz bu tapşırığı almaq üçün yığan Rüstəm İnoyatov Əkbərəli Abdullayev barədə dərhal cinayət işi qaldırır.

Fərqanə vadisinin qeyri-rəsmi sahibinin barəsində cinayət işi cəmi bir neçə saat ərzində açılır, ancaq onun həbsinə az qala yarım ay vaxt həsr olunur.

Məsələ ondadır ki, həmin vaxt, yəni sentyabrın sonlarında Əkbərəli Abdullayev Dubayda idi. Ona görə də Özbəkistan xüsusi xidmət orqanlarının rəhbərliyi qarşısında belə vəzifə dayanırdı ki, Ə.Abdullayevin vətənə qayıtması nə yolla olursa olsun təmin edilməlidir.

Əvvəlcə Özbəkistan xüsusi xidmət orqanlarının rəhbərliyi Ə.Abdullayevlə birbaşa telefon əlaqəsinə çıxır və ondan xahiş edir ki, “bir işlə bağlı detalları aydınlaşdırmaq üçün” təcili Daşkəndə qayıtsın.

Lakin Abdullayev bu dəvətdən şübhələnərək qayıtmaqdan imtina edib deyir: “Mən həmin işin nədən ibarət olduğu haqda heç bir təsəvvürə malik deyiləm”.

Bu situasiyada Milli Təhlükəsizlik Xidmətinin sədri Rüstəm İnoyatov Gülnarə Kərimovanın köməyindən istifadə etməyi qərara alır. O, Gülnarədən xahiş edir ki, Əkbərəli Abdullayevi şəxsən o, Daşkəndə çağırsın. Bu zaman xüsusi xidmət orqanının rəhbəri Özbəkistan prezidentinin qızını dəfələrlə əmin edir ki, “Əkbərəli haqqında heç bir cinayət işinin qaldırılmasından və ya onun həbsindən” söhbət getmir.

G.Kərimova Rüstəm İnoyatovun vədlərinə inanaraq Əkbərəlinin mobil telefonuna zəng edir və onu Daşkəndə dəvət edir. Gülnarə bildirir ki, Əkbərəlinin “onunla və fəaliyyəti ilə bağlı olmayan bir işlə əlaqədar ifadə verməsi” lazımdır. Telefon danışığı zamanı Özbəkistan prezidentinin böyük qızı öz xalası oğluna şəxsən qarantiya verir ki, “Milli Təhlükəsizlik Xidməti ona qarşı pis nəsə etməyəcək”.

Əkbərəli Abdullayev Gülnarə Kərimovanın verdiyi təminata inanaraq oktyabrın 10-da Dubaydan Daşkəndə qayıdır. Həmin gün o, Milli Təhlükəsizlik Xidmətinin aparatının əməliyyatçıları tərəfindən həbs olunur. Əməliyyatçılar onu öz “kontorundan” Daşkənddəki istintaq təcridxanasına aparırlar.

Hadisələrin bu cür inkişafından hiddətlənən Ə.Abdullayev dərhal G.Kərimovaya zəng edir və deyir ki, onun və R.İnoyatovun verdiyi vədlərə baxmayaraq həbs edilib.

Bu xəbər Gülnarəni özündən çıxarır. R.İnoyatovun onu aldatmasından qəzəblənən G.Kərimova Milli Təhlükəsizlik Xidmətinin rəhbərinə zəng edərək onu söyməyə başlayır.

“Sən kişisən, ya yox?! Get öz qalın dalına yubka geyin! Başa düşdün?!” - G.Kərimovanın dilindən R.İnoyatovun ünvanına başqa bu kimi təhqirlər və söyüşlər də yağdırılır.

Daha sonra R.İnoyatovun kabinetinə hücum çəkən G.Kərimova otaqdakı divan və kreslonu təpikləyir. O, Milli Təhlükəsizlik Xidmətinin rəhbərini söyməkdə davam edərək ondan Əkbərəli Abdullayevi dərhal azad etməyi tələb edir.

Lakin İnoyatov yola gəlmir. G.Kərimovanın Milli Təhlükəsizlik Xidməti rəhbərinin müavini Şuxrat Qulyamova müraciəti də bir nəticə vermir. G.Kərimova xalası oğlunun həbsinə görə baş özbək çekistini düz oktyabrın 20-dək söyür. Nəhayət... 

İnoyatov Gülnarə Kərimovadan şikayət edir 

2013-cü il, oktyabrın 20-də Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri Rüstəm İnoyatov Gülnarə Kərimovanın söyüş və təhqirlərindən bezərək ölkə prezidentindən xahiş edir ki, “onu təcili olaraq bir mühüm işlə bağlı” qəbul etsin.

R.İnoyatov İslam Kərimovla görüşündə onun qızının “xuliqan hərəkətlərindən” bəhs edir.

“Sizin qızınızın Əkbərəli Abdullayevin azad edilməsinə dair tələbləri mənim ünvanıma ağır söyüşlərlə müşayiət olunur. O, hətta bir neçə dəfə mənim kabinetimə hücum çəkib, tabeçiliyimdə olanların gözü qarşısında məni söyüb” -  deyə R.İnoyatov prezidentə məruzə edir və baş verənləri əks etdirən videokadrları İslam Kərimova göstərir.

R.İnoyatov həmçinin fürsətdən istifadə edərək G.Kərimovanın prezidentliyi xalası oğluna güzəştə getməyə hazır olduğuna dair bəyanatlarının da əks olunduğu qalın dosyeni İslam Kərimova verir. Bu dosyedə prezident qızının törətdiyi maliyyə cinayətlərindən və gördüyü bütün qaranlıq işlərdən bəhs olunurdu.

Dosyedə deyilirdi ki, prezidentin baldızı Tamara Sobirovanın və onun oğlu Əkbərəli Abdullayevin nəzarətində olan Fərqanə Neftayırma Zavodu, “Kuvasaysk Sement Zavodu” Açıq Səhmdar Cəmiyyəti, “Kuvasay Tekstil”, “Ferqana Tekstil”, “Kvarts”, “Silver Silk” fabriki, “Asiya” otelləri və digər biznes subyektləri Gülnarə Kərimovaya “dolya” şəklində hər ay 50-70 milyon dollar arası  nağd pul verir.

Rüstəm İnoyatov prezidentə onu da məruzə edir ki, Gülnarə Kərimova “Art Week Style”, “Qızıl pələng” və digər moda mərasimlərinin keçirilməsi üçün dövlət büdcəsindən təhdid və şantaj yolu ilə hər il 16 milyon dollar alır.

Baş çekist onu da bildirir ki, prezidentin böyük qızı iri müəssisələri, habelə kiçik və orta biznesmenləri başçılıq etdiyi “Forum” fondunun tədbirlərini maliyyələşdirməyə məcbur edir.

Bundan əlavə, prezidentə məruzə edilir ki, Gülnarənin sahibi olduğu “TV Merkez”, “Forum TV”, NTT, “SoftS” telekanalları, habelə “Zamin FM”, “Alo FM” və “Terra FM” radiokanalları  ölkə büdcəsinə heç bir vergi vermir.

“Bu kütləvi informasiya vasitələri ancaq “Forum” fondunun fəaliyyətini işıqlandırmaqla və sizin qızınızın mahnılarını efirə verməklə məşğuldur” - deyə İnoyatov məruzə edir.

Milli Təhlükəsizlik Xidmətinin sədri dövlət başçısına onu da bildirir ki, G.Kərimovanın piar-kampaniyasına Əkbərəli Abdullayev də öz təşəbbüsü ilə qoşulub. O, Fərqanə vadisinin teleradio kanallarını məcbur edir ki, efirə yalnız Gülnarənin mahnılarını versinlər.

“Son vaxtlar Əkbərəli Abdullayevin tapşırığı ilə Fərqanə vadisində avtomobil sürücülərinə qarşı reydlər keçirilir və həmin reydlər zamanı “qaişniklər” sürücüləri məcbur edir ki, avtomaqnitolalarında yalnız “Zamin FM” və “Alo FM” kanallarını qursunlar, Gülnarənin mahnılarına qulaq assınlar” - deyə İnoyatov prezidentə bildirir.

O, həmçinin prezidentə deyir ki, Gülnarənin oğlu İslam Kərimov (babasının adını daşıyır-red.) şəhərdə şüşələrinə tünd qara pərdə çəkilmiş çox bahalı avtomobillərlə gəzir. Özü də yüksək sürətlə...

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri məruzəsinin sonunda prezidentin qızının son vaxtlar sosial şəbəkələrdə və Qərb KİV-lərində fəallaşdığını da İslam Kərimova çatdırır.

“Əvvəlcə Lola (prezidentin kiçik qızı-red.) jurnalistlərə məlumat verdi ki, Gülnarə ilə 12 ildən çoxdur danışmır. Onun müsahibəsinə cavab olaraq Gülnarə bütün dünyaya car çəkdi ki, Lola və Tatyana Əkbərovna (prezidentin xanımı-red.) satanizmə meyl ediblər və cadugərlərin yanına gedirlər” - deyə R.İnoyatov bildirib.

İslam Kərimov dərhal sual verir: “Bu doğrudan belədir? Əgər bu, düzdürsə, o zaman onlar konkret olaraq hansı cadugərlərin yanına gedirlər?”

Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri prezidentə məruzə edir ki, onun arvadı və kiçik qızı Lola əsasən Qazaxıstandan olan müğənni və falçı Atamnek Yuldaşovun xidmətlərindən istifadə edir.

“Minnətdarlıq əlaməti olaraq sizin xanımınız və qızınız ona nağd pul verir, bu cadugərin Özbəkistan və Qazaxıstanda estrada konsertlərini təşkil edirlər” - deyə İnoyatov bildirir. 

Prezident şokda... 

İslam Kərimov eşitdiklərindən şoka düşür. Lakin prezidenti lap özündən çıxaran Gülnarə Kərimovanın Qərb KİV-lərində dərc edilmiş çılpaq fotosu olur. Qəzəblənmiş Kərimov R.İnoyatovu söyməyə başlayır və ona irad tutur ki, Gülnarənin işləri haqda ona niyə gec məlumat verib.

Prezidentin “Sən bütün bunları məndən niyə gizlətmisən? Niyə vaxtında məlumat verməmisən?” suallarına İnoyatov cəmi iki fraza ilə cavab verib: “İslam əkə, mən sizi məyus etmək istəmirdim. Fikirləşirdim ki, Gülnarə fikirləşər və ağlını başına yığar”.

Prezident bunu eşidəndə masanın üstündən mobil telefonu götürərək İnoyatovun başına çırpır. Qəzəblənmiş prezident dərhal yüksək rəhbərliyin iştirakı ilə müşavirə çağırır. Beləliklə... 

Aksarayda təcili müşavirə 

Özbəkistan prezidentinin rezidensiyası olan Aksarayda oktyabrın 20-də axşam keçirilən təcili müşavirəyə baş prokuror R.Kadırov, daxili işlər naziri B.Matlyubov, baş nazir Ş.Mirziyev, maliyyə naziri R.Azimov, maliyyə nazirinin müavini T.Quskova, həmçinin müşavirlərdən bir neçəsi çağırılır.

İslam Kərimov Milli Təhlükəsizlik Xidmətinin rəhbəri R.İnoyatova tapşırır ki, Gülnarə Kərimova barədəki dosyeni oxusun. “Siz də diqqətlə qulaq asın” - deyə o, müşavirə iştirakçılarına əmr edir.

R.İnoyatov dosyeni oxuyub qurtaran kimi prezident dərhal maliyyə naziri R.Azimovu söyməyə, onun nazirliyinin prezidentin xəbəri olmadan illərlə Gülnarənin təşkil etdiyi şou-tədbirlərə büdcədən vəsait ayırmasına görə cavab verməyi tələb etməyə başlayıb.

R.Azimov cavabında bildirib: “Gülnarə İslamovna bu məsələlərdə mənimlə işləməyib və işləmir, birbaşa Tatyana Nikolayevna ilə (nazirin müavini-red.) işləyir”.

Daha sonra İslam Kərimov maliyyə nazirinin müavini T.Quskovaya qışqırır: “Nəyə görə sən mənim icazəm olmadan Gulinin (Gülnarə-red.) festivallarına büdcədən pul ayırmısan?! Nə vaxt mən təhsilə və səhiyyəyə pul istəyəndə “mordanı” sallayırsan. Ancaq Guli pul istəyəndə dərhal verirsən. Elə?”

Yerindən qalxan maliyyə nazirinin müavini heç nə cavab verə bilməyib və prezidentin qızına büdcədən vəsait ayrılmasına dair əmrləri məhz özünün imzaladığından yayınmaq üçün arqument gətirə bilməyib. Özbəkistan prezidenti maliyyə nazirinin müavininin susmasından daha da qəzəblənərək onun sifətinə şillə vurur.

Sonra prezident baş prokuror Rəşid Kadırovu söyməyə başlayır, ondan Gülnarə Kərimovanın maliyyə və digər əməllərinə görə faktları niyə gizlətdiyinə dair izahat tələb edir.

Daxili işlər naziri Matlyubov da prezidentin söyüşlərinə “qərq olur”. O, prezidentə yalan informasiya verməkdə günahlandırılır.

Qəzəblənmiş İ.Kərimov R.İnoyatova və Matlyubova əmr edir ki, Milli Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin korrupsiya və maliyyə cinayətlərinə qarşı mübarizə üzrə bütün idarələrinin rəislərini işdən azad edib türməyə bassınlar.

 

 

 

“Elə indi, mənim yanımda bu maxinasiyalardan xəbərdar olub gizlədən bütün rəislərin işdən azad edilməsi və həbs olunması barədə əmrləri yazın və imzalayın” - deyə Kərimov onlara qışqırır.

Daxili işlər naziri və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri dərhal prezidentin tələb etdiyi əmrləri yazıb imzalayırlar. Ertəsi gün - oktyabrın 21-də Milli Təhlükəsizlik Xidmətinin və DİN-in mərkəzi aparatından 18 yüksək rütbəli məmur işdən azad olunur və həbs edilir. Ancaq G.Kərimovanın biznesinə “krışalıq”  edən milli təhlükəsizlik xidmətinin rəhbərinin müavini Şuxrat Qulyamova toxunulmur.

Lakin bu, gənc xüsusi xidmət generalının başı üstünü qara buludların almadığı mənasını vermir. Prezident Kərimov istənilən an Qulyamovu da “içəri basmağı” əmr edə bilər.

Kərimov həmçinin R.İnoyatova əmr edib ki, G.Kərimovanın yaxın ətrafındakı bütün şəxsləri həbs etsin. İnoyatovun “kontoru” tələb olunan həbsləri həyata keçirəndə G.Kərimovanın yaxın ətrafındakı şəxslərdən bir neçəsi qaçmağa məcbur olub.

Həmin müşavirədə prezident Kərimov həmçinin Gülnarənin telekanallarının və radiolarının yayımını dayandırmağı, onları kompleks şəkildə yoxlamağı tələb edib. Prezident həmçinin qızının başçılıq etdiyi “Forum” fondunun da fəaliyyətini yoxlamağı tapşırıb.

Oktyabrın 21-də səhər tezdən həmin telekanallar və radiolar artıq efirdən silindi. Telekanallarda və radiolarda prokurorluq və vergi orqanları tərəfindən kompleks yoxlamalar başladı. Gülnarə Kərimovanın şəxsi mətbuat katibi, “NTT” telekanalının sahibi Firdovs Abduxalikovun da başının üstünü beləcə qara buludlar aldı.

Bundan əlavə, həmin gün R.İnoyatovun “kontoru” dövlət KİV-lərinə prezidentin qızının “Art Week Style” moda tədbirini işıqlandırmağı qadağan etdi. Milli Təhlükəsizlik Xidməti özbək KİV-lərinə hətta Gülnarə Kərimovanın sifətini göstərməyə belə qadağa qoydu.

Oktyabrın 20-də axşam keçirilən müşavirədə qəzəblənmiş İslam Kərimov “Art Week Style” moda həftəsinin açılışını və keçirilməsini qadağan etdi. Əmr verdi ki, bu festivala dəvət olunan xarici qonaqlar ölkəyə buraxılmasın. Bununla belə R.İnoyatov prezidenti bu ideyadan çəkindirir. Ona bildirir ki, bu moda həftəsinin keçirilməsinə qadağa qoymaq və ora dəvət olunan qonaqları ölkəyə buraxmamaq mütləq həm ölkə içərisində, həm Özbəkistan xaricində müxtəlif şayiələrin yayılmasına səbəb olacaq.

Bundan əlavə, Özbəkistan prezidenti İnoyatova və Matlyubova əmr edir ki, nəvəsi İslam Kərimovun bütün avtomobillərini həbs etsinlər. O, nəvəsini nəzarət altında saxlamaq üçün Milli Təhlükəsizlik Xidmətinin xüsusi agentinin ayrılmasını da əmr edib. Oktyabrın 21-də Milli Təhlükəsizlik Xidməti və Daşkənd Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin xüsusi batalyonu prezidentin tapşırığını yerinə yetirib. Kiçik İslam Kərimova məxsus bütün avtomobillər həbs olunub və Milli Təhlükəsizlik Xidmətinin qarajına aparılıb.

Müşavirənin sonunda İslam Kərimov Gülnarə haqqında həqiqətləri gizlətdiyinə görə İnoyatovu yenidən söyməyə başlayıb. Bundan əlavə, Özbəkistan xüsusi xidmət orqanı rəhbərini “dilindən bu və ya digər söz qaçırarsa”, divan tutmaqla hədələyib.

“Belə məlum olur ki, sən mənim haqqımda da tam dosye toplamısan. Mən internetdə oxumuşam ki, sən hətta mənim yataq otağımı da dinlədirsən. Sən şəkərli diabet xəstəsisən, elədir? Sənin ayaqların ağrıyır,  düzdür? Budur, getməzdən əvvəl qulaq as, mən əvvəlcə sənin ağrıyan ayaqlarını kəsərəm, uşaqlarını məhv edərəm, bütün ailə üzvlərini, yaxınlarını içalatı ilə birgə məhv edərəm. Başa düşdün? Sən kimsən belə?! İstəyirsən səni elə indi güllələyim?! Elə buradaca, adamların gözü qarşısında güllələyim? İstəyirsən?! İstəyirsən mən elə indi tapançanın lüləsini soxum sənin ağzına, lüləni Almatovun ağzına soxduğum kimi?! İstəyirsən?!” - deyə İnoyatovun yaxasından yapışan İslam Kərimov ona bağırıb.

Qəzəblənmiş Kərimov müşavirədən sonra da sakitləşməyib. Aksaray iqamətgahından çıxmazdan əvvəl prezident böyük qızına zəng edib və onu Durmen iqamətgahına çağırıb. Aksaraydan Durmenə gedən bütün yol boyu Kərimov qızını, arvadını və onun qohumlarını söyüb. Nəhayət... 

Durmendə döyülmə 

Qəzəblənmiş İslam Kərimov iqamətgaha çataraq avtomobildən düşən kimi atasını gözləyən qızına hücum çəkir. Gülnarənin gödəkcəsinin yaxalığından yapışan Kərimov əvvəlcə ona şillə vurur, sonra möhkəm döyməyə başlayır.

“Sən məni bütün dünyada biabır elədin! Bu nə şəkildir çəkdirmisən?! Yarıçılpaq vəziyyətdə fotojurnalistlərin qarşısına çıxanda fikirləşmədin ki, təkcə özünü yox, məni də, ananı da, bütün ailəmizi də biabır edirsən?” - deyə Kərimov qızını döyə-döyə qışqırıb.

Qəzəbli Kərimovu mühafizəçiləri ayırmağa və sakitləşdirməyə çalışıblar: “İslam əkə, sakitləşin! Axı o, sizin qızınızdır! O ki qadındır...”

Bundan sonra prezident mühafizəçilərinə deyir ki, onu tək buraxsınlar. Təklikdə qalanda o, rezidensiyanın bağında gəzməyə başlayır. Qısa gəzintidən sonra o, “besedka”ların birində oturur. Başını əllərinin arasına alan Kərimov bu vəziyyətdə xeyli fikirləşir. Yalnız gecə sakitləşir. Gecə rezidensiyaya daxil olanda bəzi mühafizəçilər İslam Kərimovun gözlərində yaş görürlər.Nəhayət... 

Yekunda 

Bəli, Kərimovun ailəsindəki dram yerli və xarici ictimaiyyətə məlum olur. İndi heç kimə sirr deyil ki, prezidentin qızları Lola və Gülnarə 12 ildən çoxdur bir-biri ilə danışmırlar. Bundan əlavə, az adama məlumdur ki, ər-arvad İslam və Tatyana Kərimovlar da 10 ildən çoxdur bir-birini danışdırmır. Tək-tük adam onu bilir ki, Lola Kərimova Durmen iqamətgahına yalnız atası orada olmayanda girir.

Həmçinin tək-tük adam bilir ki, 10 il əvvəl prezidentin ailəsi iki “düşərgəyə” bölünüb: bir tərəfdə prezident İslam Kərimov və qızı Gülnarə Kərimova, o biri tərəfdə digər qızı Lola və arvadı Tatyana Kərimova.

Bizim təxminlərimizə görə, prezidentin ailəsində baş verən bu hadisələr Rüstəm İnoyatovun “kontoru”nun uzun illər boyu göstərdiyi hərtərəfli fəaliyyətin nəticəsidir. Özbək xüsusi xidmət orqanının rəhbəri öz istədiyinə nail oldu: o, Kərimovun ailəsində parçalanma yarada bildi, valideynləri və uşaqları barışmaz düşmənlərə çevirdi.

Kərimovun ailəsində işərin bu cür getməsi ancaq İnoyatovun işinə yarayır. O, İslam Kərimovun yerinə öz klanından birini təyin etməyi planlaşdırır.

Digər tərəfdən, Özbəkistanda minlərlə ailəni dağıdan  Kərimovlar ailəsinin özü də sakit və birləşmiş qala bilməzdi. Öz xoşbəxtliklərini bütün xalqın xoşbəxtliyi üzərində qurmağa can atan prezident və ailəsi xoşbəxt ola bilməzdi. Ona görə də Kərimov ailəsinin indiki vəziyyəti Böyük Yaradanın çoxillik Kərimovlar diktaturasına ədalətli və qanuni cavabıdır... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI