
Dünən itkin düşdüyü bildirilən "Avropa.info"nun əməkdaşı Sahib İslamovu maşın vurubmuş. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Qəza törədən avtomobilin sürücüsü jurnalisti xəstəxanaya çatdırıb.
Redaksiyanın yaydığı məlumata görə, Sahib İslamovun durumu ağır olaraq qalır. Xatırladaq ki, dünən səhər saatlarında işə gələrkən Xocasən qəsəbəsində avtomobil vurması nəticəsində ciddi xəsarət alan Sahib İslamov Bakı şəhər Təcili Tibbi Yardım Xəctəxanasına yerləşdirilib. Onu avtomobil vurması barədə yaxınlarının bir sutka məlumatı olmayıb. Uzun axtarışdan sonra ailəsi Sahib İslamovun avtomobil vurduğunu yalnız bir sutka sonra, yəni bu gün səhər saatlarında öyrənə bilib.
Saytın rəhbəri Ruslan Bəşirli bu gün Sahib İslamova baş çəkərək onun vəziyyəti ilə maraqlanıb. R.Bəşirli bildirib ki, hazırda jurnalistin vəziyyəti ağır olaraq qalır.
“S.İslamovun keçirdiyi qəza nəticəsində baş nahiyəsindən üç sümük çatı, sağ qolu və sağ ayaq nahiyəsindən üç sınıq xəsarəti müəyyən edilib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər və o, hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Yanına heç kim buraxılmır”, - R.Bəşirli deyib. R.Bəşirli onu da bildirib ki, jurnalisti vuran avtomobil sürücüsü hadisə yerindəın qaçmayıb və onu xəstəxanaya yerləşdirib.
Modern.az