Modern.az

Ermənistan ziyalıları Qarabağdakı vandalizmə etiraz məktubu yazdılar

 Ermənistan ziyalıları Qarabağdakı vandalizmə etiraz  məktubu yazdılar

Qarabağ

4 Noyabr 2013, 09:42


168 HOURS Analitik İnformasiya Agentliyinin verdiyi məlumata görə, 24 iyun 2013-cü il tarixində Ermənistanın 350 nəfər tanınmış ziyalısı və görkəmli adamları tərəfindən, Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər monastır kompleksinin formasının dəyişdirilməsinə, yəni vandalizmə uğradılmasına etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyana , Qarabağdakı erməni icmasının rəhbəri, separatçı Bako Saakyana və Ümumerməni katalikosuna açıq məktub ünvanlayıblar.

Məktubda bildirilir ki, 2011-ci ilin yayında Rusiya vətəndaşı Levon Hayrapetyan Dağlıq Qarabağa gələrək, Gəncəsər monastır kompleksinin hasarlarının üzərini mərmər daşlarla üzlənməsi işlərinə başlayıb. Bu özbaşınalıq mütərəqqi fikirli erməni ziyalılarının və ictimaiyyətinin hiddətinə səbəb olaraq Ermənistanda böyük etiraz dalğası yaradıb. Bu etirazlar və müzakirələr nəticə etibarı ilə monastırın hasarlanması işlərinin dayandırılmasına səbəb oldu.

Ancaq  bu rusiyalı zəngin adam abidəni özünün biznes obyektinə çevirmək üçün  2012-ci ilin dekabrında yenidən monastırın hasarlarının tarixi görkəminin məhv edilməsinə, yəni hasarların üzlənməsinə - formasını dəyişdirilməsi işlərinə başladı.

”Belə olduğu halda, Qarabağa gələn fiziki şəxslər, turistlər, tarixçilər, tədqiqatçı alimlər, yerli və beynəlxalq təşkilatın nümayəndələri və başqaları, bu hasarlara daha XIII əsrin möhtəşəm abidəsi kimi yox, XXI əsrdə Levon Hayrapetyan tərəfindən “tikilmiş” çəpər kimi baxılacaqlar.
Cənab prezident, niyə Gəncəsər monastır kompleksinin divarlarının üzlənmə işləri beynəlxalq hüquqla və müvafiq qanunlarla təmin edilmiş qaydada qadağan edilmir?... Niyə Gəncəsər monastır kompleksinin tarixini məhv edən təşəbbüslərə qarşı tədbirlər görülmür? Öz vandallıq hərəkətlərinə bəraət qazandırmaq üçün abidənin formasını dəyişənlərin heç bir tutarlı arqumenti yoxdur və ola da bilməz.
Bu “xeyriyyəçiliyin” həyata keçirilməsinə kömək edən və dəstək olan  dövlətin rəhbər şəxsləri və dini liderlər məgər bilirlər ki, Gəncəsər monastır kompleksi öz tarixi hasarının hər bir daşının mənası və dəyəri ilə bütov bir abidədir – çünki burada söhbət dünyada tanınan tarixi – memarlıq abidəsindən gedir”-deyə məktub müəllifləri bildiriblər.

Bu məktubu imzalayan Ermənistan ziyalılarının etirazı Azərbaycana olan sevgisindən deyil, tarixi bir memarlıq kompleksinin məhv edilməsindən qaynaqlanır. Hansı ki, bu tarixi abidəni onlar erməni mədəniyyətinin incisi hesab edirlər.
Erməni düşüncəsinin nədən ibarət olduğunun fərqinə varmadan, deyə bilərik ki, bu məktub işğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən düşünülmüş şəkildə vandalizmə uğradılmasını sübut edən yüzlərlə faktlardan biridir.


Gəncəsər monastır kompleksi – Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian alban monastırıdır. XIII əsrdən başlayaraq XIX əsrə qədər Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 

1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni, oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Eyni zamanda Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində dəfn olunmuşlar. Ermənilər tərəfindən Gəncəsər monastırının nəinki hasarları, eyni zamanda monastırın daxili interyerində də böyük sayda forma dəyişikliyi aparılıb.

Erməni millətçiləri Gəncəsər monastırının ətrafındakı hasarların guya, 1980-ci illərdə tikildiyini iddia edərək, onu “bərpa” edirlər. Bu məktubda millətçi və separatçıların bu iddialarını erməni ziyalıları rədd edərək yazırlar: 

“Bəyan edirik ki, Gəncəsər məbəd kompleksinin ətraf hasarının 1980-ci illərdə tikilmiş olması ilə bağlı bütün söhbətlər və iddialar abidənin formasını dəyişənlər tərəfindən uydurulmuşdur və həqiqətə uyğun deyildir. Çünki  çoxsaylı fotoarxiv materialları, XIII – XX   əsrlərdə yaşayan memarlar və mütəxəssislərin hamısı belə hesab edirlər ki, monastırın hasarları abidə inşa edildiyi dövrdə tikilib. Bu məlumatlara görə, ətraf  hasarın cəmi üç girişi olub, onun şimal və şimal – şərq divarı isə indiyə qədər  arixdə məşhur səkkiz otağın arxa divarıdır.

Müxtəlif saytlarda və mətbuat səhifələrində 1995 – 2010 – cu illər ərzində monastırın ətraf hasarlarında aparılmış təmir işləri aydın olmayan və məntiqsiz məlumatlarla təhrif olunmuş halda təqdim olunur. Hətta fikir bildirilir ki, 15 il ərzində hasar bir neçə dəfə, keyfiyyətsiz, qeyri – professional təmir olunub.  Bu cür qeyri-peşəkar yanaşmalar isə göstərir ki, hasarın taleyi təhlükə altındadır  və abidəni şübhəli məqsədlər izləyir. Kompleksdə kilsə memarlığının ideya və normalarını inkar edən, kompleksin görkəminə və təyinatına xətər verən yeni fəaliyyətlər və tikililər həyata keçirilir.

Abidə ətrafındakı qəbiristanlıqları sökərək yerində akademiya adı altında, şübhəli məqsəd güdən bina tikilib. O, binanı hələlik “düşərgə” adlandırırlar, hansı ki, bu da müqəddəs yer üçün icazəverilməzdir. Bu  fəaliyyət Gəncəsər monastırının  əsrlər boyu müqəddəs yer olmasının və qorunmasının məna və ideyasına hörmət olunmur, üstəlik təhqir olunur.

“Daşınmaz tarixi və mədəniyyət abidələrinin və tarixi mühitin qorunması və istifadəsi haqqında” Ermənistan Respublikasının qanununun 30 – cu maddəsinin tələbi Gəncəsərin ətraf  hasarının üzlənməsinə və ya abidənin ilkin, tarixi strukturu və tarixən formalaşmış görünüşündə hansısa dəyişikliyə icazə vermir. Dünyada heç bir yer, heç bir tarixi abidə mərmərlə üzlənmir. Gəncəsər məbədinin hasarının üzlənməsi ümumiyyətlə icazə verilməzdir və üzlənmə divarı möhkəmlətmir, Əksinə, üzlənmə ilə divar daha da ağırlaşır və zədələnir.

Ancaq hasarın şimal – qərb divarının bir hissəsi hamar yonulmuş daş üzlüklərlə üzlənib. Bu isə orta əsr memarlığına uyğun gəlmir və bununla da kompleksin tarixi mədəni dəyərinə və əhəmiyyətinə xələl gəlir, abidənin çoxəsrlik görünüşü boğulur. Bu abidəni dünya dəyərləri siyahısında təqdim etmək hüququndan məhrum edərək  tarixiliyə və abidənin bərpası və təmiri beynəlxalq meyarlarla ziddiyyət təşkil edir”-deyə məktubda bildirilib.

Məktub müəllifləri daha sonra prezident və katalikosa yazırlar:

”Yuxarıda qeyd olunanları milli – dövlət problemi hesab edirik,  başqa çıxış yolu olmadığından bu məsələyə yalnız sizin müdaxiləniz şəraitində  həll ediləcəyini gözləyirik. Hər birimiz bir erməni kimi ölkənin daxili və xarici siyasəti və  milli təhlükəsizlik problemi  ilə birbaşa bağlı olan dünya əhəmiyyətli erməni milli dəyərlərini və dini ibadətgahlarımızı fədakarlıqla müdafiə etməyə borcluyuq”.

Lakin burada erməni ziyalılar, "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının norma və prinsiplərinin pozulmasını, “Bir dövlət digər bir dövlətin ərazisini işğal edərkən münaqişə zonasında olan tarix və mədəniyyət abidələrinin mühafizə edilməsini” qulaqardına vururlar. Bu məktubla onlar bilərəkdənmi ya bilməyərəkdənmi, işğal altında saxladıqları Azərbaycana məxsus Gəncəsər monastır kompleksini erməniləşdirildiyini və Azərbaycan ərazilərinin həqiqətən də işğal altında olduğunu bəyan edirlər.

Onlar məktubu bu sətirlərlə bitirirlər:

“Dünyada qəbul olunduğu kimi, tarixi – mədəniyyət abidələri bizə gəlib çatdığı kimi qorunmalıdır, biz isə borcumuzdur ki, abidəni gələcək nəsillərimizə öz əzəli forma və görünüşü ilə çatdıraq.
Sizdən xahiş edirik, Gəncəsər Monastır Kompleksinin hasarlarının zaman-zaman hissə-hissə üzlənməsi işlərini qəti şəkildə qadağan edəsiniz.  Xahiş edirik ki, mütəxəssis arxeoloqları, geofizikləri, seysmoloqları, bərpaçı memarları və inşaatçıları, tarixçiləri, abidəşünasları dəvət edərək  onlara monastırın ətraf divarının üzlənmiş hissəsinin ləğv edilməsini-sökülməsini təhkim edəsiniz ki, abidə bir erməni milli tarixi dəyəri kimi öz əvvəlki tarixi görkəminə və təyinatına qaytarılsın”.

”Bu məktubun cavabını gözləyirik” deyə qeyd edən müəlliflərin siyahısında  aşağıdakı şəxslər var:

1. Mkrtıç Minasyan –  Ermənistan Respublikasının əməkdar memarı
 2. Aleksandr Badalyan –memar, Prezident mükafatçısı
 3. Saşur Kalaşyan – Ermənistan Respublikasının əməkdar memarı
 4. Sarkis Qurzadyan –  Ermənistan Respublikasının əməkdar memarı
 5. Boris Koçaryan – memar
 6. Ruzanna Mamyan- memar
 7. Qurgen Muşeqyan – memar, professor
 8. Robert Aydınyan- memar
 9. Aşot Kanayan  – memar, professor
 10. Artyom Qrikoryan- memar, professor

 və daha 340 nəfər.

Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu