Hökumətdəki mənbələrdən Modern.az saytına verilən məlumata görə, Tarif Şurası kommunal xərclərin qiymətinə yenidən baxmağa hazırlıq görür. Konkret olaraq 2014-cü ildə əhaliyə satılan elektrik enerjisinin qiymətində artım olacağı bildirilir. Artımın nə qədər olacağı qeyd edilməsə də, gələn ildən Azərbaycanda istehlakçıların elektrik enerjisini indikindən baha alacağı vurğulanır.
Modern.az saytının xəbərinə görə, bu gün Milli Məclisdə dövlət büdcəsinə daxil olan sənədlərin komitlərdə müzakirəsi zamanı da məsələ haqda danışılıb. İclasda iştirak edən əməkdaşımızın məlumatına görə, maliyyə naziri Samir Şərifov kommunal xərclərin artacağını dolayısı yolla təsdiqləyib.
“Kommunal xərclərin artımına Tarif Şurası baxır. Bu haqda konkret bir söz deyə bilmərik. Amma hər şey mümkündür. Bu gün deyərik artmayacaq, birdən sabah Tarif Şurası artırar. Ona görə bu haqda dəqiq heç nə deyə bilmərik” - nazir vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda elektrik enerjisinin 1 kv/saatı əhaliyə 6 qəpiyə satılır.
Təbii qazın əhaliyə satış qiyməti isə 1 kub metr üçün 10 qəpik təşkil edir.
Sudan istifadəyə görə əhali 1 kub metr üçün 30 qəpik, tullantı suyunun kanalizasiyaya axıdılması üçün isə 1 kub metr üçün 6 qəpik ödəyir.
Aytən ƏLİYEVA