Modern.az

Onun 40 mərasimi mənim ad günümə düşmüşdü - Raquf Orucovun XANIMI

Onun 40 mərasimi mənim ad günümə düşmüşdü - Raquf Orucovun XANIMI

Ölkə

13 May 2024, 15:06

Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı, "Murov qartalı" ləqəbli komandir Raquf Orucovun həyat yoldaşı - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova mayın 12-də növbəti doğum gününü yola salıb.


Sevinc xanım Modern.az saytı ilə həmsöhbət olarkən bildirib ki, Raquf Orucov şəhidlik zirvəsinə ucalandan sonra doğum gününün onun üçün əhəmiyyəti qalmayıb:

“Çünki mənim üçün həyat dayanıb. Yaşadığım həyat, qadın xoşbəxtliyi onunla birlikdə bitdi. Raqufdan sonra mənim üçün bu tarixin əhəmiyyəti yoxdur. Həyatım iki hissəyə bölündü: 2016-ci il aprelin 4-dək olan dövr və ondan sonrakı həyat...
Raqufla keçən həyatda mən həm qadın, həm də ana kimi xoşbəxt idim. Qadın kimi ona görə xoşbəxt idim ki, qəhrəman vətən oğlunun həyat yoldaşıydım. 
Cəsur kəşfiyyatçının həyat yoldaşı olmaq mənə çox şeyi - fədakarlığı, əqidəli olmağı öyrətdi.

Aprelin 4-dən sonra mən Raqufun xatirəsi üçün yaşayıram. Hiss edirəm ki, o, indi də mənim yanımdadır. Ən çətin günlərdə yuxuma gəlir, dəstək olur. Bütün etdiklərim onun xatirəsi, nə zamansa ona qovuşmaq üçündür. Harda olursa olsun, ad günümü ilk təbrik edən Raquf idi. Çox vaxt yanımda olmayanda da çalışırdı ki, məni ən birinci özü təbrik etsin.

Son illər biz necə olurdusa, doğum günlərində bir yerdə idik. Belə bir insanla həyat yoldaşı olmaq özü bir xoşbəxtlik idi. Həmişə deyirəm, heç vaxt hərbçinin həyat yoldaşı olmağımdan peşmançılıq hissi keçirmədim. Əziyyət çəksəm də, hərbçi yoldaşı olmaqdan qürur duydum. Sağlığında da, indi də...

Ad günləri artıq mənim üçün heç bir əhəmiyyət daşımır. Bu tarixə aid içimdə dərin kədər hissi var. Mayın 12-si doğum günümdür. Onun 40 mərasimi mənim doğum günümə düşmüşdü. Ona görə bundan sonra mənim qəlbimi dərin kədər hissi bürüdü. Doğum günlərimdə ürəkdən sevinə bilmədim. Yaxınlarım da bilir, Raquf şəhid olandan sonra ad günlərimi heç vaxt qeyd etmirəm. Hətta kimdənsə gül hədiyyəsi alanda belə, diksinirəm. Bunu qəbul edə bilmirəm. Özüm-özümə qadağalar qoymuşam ki, mən onsuz sevinə bilmərəm”.




Şəhid xanımı deyib ki, indi övladları atalarının yerini doldurmağa çalışırlar:


“Övladlarım oğlan uşaqlarıdır və təbii ki, analarına qarşı nələrsə etməyə çalışılar, amma bəlkə də mənim soyuqqanlılığımdan çəkinirlər. Bilirlər ki, özümə sədlər qoymuşam. Onlar Raqufun yadigarlarıdır. Mənim üçün onun tövsiyə etdiklərini həyata keçirməkdən böyük heç nə yoxdur. Elə bilirəm ki, övladları uğur qazandıqca, onun ruhu şad olur. 

Böyük oğlumuz Aqşin artıq 24 yaşında Azərbaycan gəncidir. ADA Universitetinin magistr pilləsinin son kursunda təhsil alır. Bir müddət xaricdə də təhsil aldı. Heydər Əliyev Fondunun “Regional İinkişaf” İctimai Birliyində çalışırdı. İndi COP-29 Əməliyyat Şirkətində çalışır. Öz məsuliyyətini hiss edən, öz ayaqları üstündə durmağı bacaran gəncdir. Mən həmişə ona tövsiyə edirəm ki, atanın adına görə yox, öz gücünlə, savadınla irəli  getməlisən. O da bunu bacarır, çalışır.

Digər oğlum Nihad keçən il orta məktəbdən məzun oldu. ADA Universitetinin kompüter mühəndisliyi ixtisasının 1-ci kursunda təhsil alır. O da çox işıqlı gəncdir. Raquf Orucova daha çox bənzəyir. İntizamı, səliqəsi, insanlara müsbət münasibəti, həddindən artıq çalışqanlılığı var.

Çalışmışıq ki, Raqufun adına layiq ailə olaq.

Onun əqidəsinə, həyat dəyərlərinə uyğun, səliqəli və sadə yaşayırıq. Öz gücümüzlə, fədakarlığımızla hər şeyə nail olmağa çalışırıq. Əgər buna nail olmuşamsa, Raquf Orucovun istəklərini həyata keçirə bilmişəmsə, demək mənim bir ana kimi xoşbəxtliyim var. Mənim ən böyük təskinliyim övladlarımızı düzgün yetişdirməkdir”.



Sevinc Orucovanın sözlərinə görə, övladları atalarının xüsusiyyətlərin daşıyırlar:


“Kiçik oğlum atasına daha çox bənzəyir. Hərdən təəccüblənirəm ki, insan bu qədər bir-birinə necə bənzəyər. Onun da atası kimi dəyərləri tam fərqlidir. İnsani dəyərlərə, dostluğa çox önəm verir. 
Böyük oğlum da çox çalışqan, özünə güvənəndir. Onlar üçün Raqufun adı çox müqəddəsdir. Çünki o, ən ideal ata obrazı olub. Onlar real qəhrəmanı həyatlarında görüblər”.
 

Raquf Orucovun həyat yoldaşı şəhid komandirin xarakterindəki əsas xüsusiyyətlərdən də bəhs edib:
 

“Raquf çox ağır təbiətli insan idi. Deyərdim ki, o, məni də belə tərbiyə edib. Onda əsl kişi xüsusiyyətləri var idi. Çox az gülərdi, çox təmkinli, səliqəli, intizamlı insan idi. Onun dostları da həmişə bundan danışırlar. Raquf öz əqidəsindən dönməzdi, doğru bildiyini heç zaman heç nəyə dəyişməzdi. Mən də vətənpərvərəm, millətimi, xalqımı sevirəm. Amma onun əqidəsi uğrunda mübarizəsinə hər zaman təəccüblənmişəm. O, çox düzgün, ədalətli insan idi. Raquf mənə çox dəyərlərə sahib olmağı öyrədib. Mənim ən böyük müəllimim Raquf olmuşdu. Öyrətdikləri üçün onun ruhu qarşısında həmişə özüm borclu sayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi