Milli Məclisdə müxtəlif bölgələrdən təmsil olunan deputatlar hər zaman müəyyən qanunların qəbulu, onlara əlavə və dəyişiklərin edilməsi və s. təşəbbüslərlə çıxışlar edirlər. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Bəs deputatlarımız özləri üçün asudə vaxt ayırıb öz maraq dairələrində olan işlərlə məşğul ola bilirlərmi? Ümumiyyətlə onlar asudə vaxtlarını necə keçirirlər, hobbiləri varmı?
Modern.az saytı Milli Məclisdə təmsil olunan bütün deputatlardan bu suala cavab almağa çalışır.
Əli Məsimli asudə vaxtını yay mövsümündə dənizə getmək, ailəsi ilə bir neçə günlüyə rayona səfər etmək, dostlarla görüşmək, mütaliə etmək, yazdığı kitab, məqalə üzərində işlərini davam etdirmək istiqamətində optimal bölməyə çalışır. “Hobbim yaxşı rəsm əsərləridir. Müxtəlif ölkələrə gedəndə bəyəndiyim şəkilləri alıb gətirəm. Bakıdan da bir neçəsini almışam. Bundan başqa həm də kitabxanam üçün bəyəndiyim kitabları toplayıram”.
Əhməd Vəliyev asudə vaxtının yoxluğundan şikayətlənib. O bildirib ki, həm rektor, həm deputat kimi fəaliyyət göstərdiyi və bir çox dövlət tədbirlərində iştirak etdiyi üçün asudə vaxtı olmur.
“Əgər asudə vaxtım olsaydı bu günə qədər fəaliyyətim və rastlaşdığım insanlarla bağlı kitab hazırlayardım. Hobbim isə dövlətçiliklə bağlıdır”.
Eldar Quliyev də asudə vaxtının olmadığını deyir. “3 ildir məzuniyyətə çıxa bilmirəm. Yalnız bazar günləri boş vaxtım olur. Həmin gündə səhər anamın qəbrini ziyarət edirəm. Bu artıq ənənə halını alıb. Daha sonra Maştağada qardaşımın yanına gedirəm və 11-in yarısından isə seçicilərimi qəbul edirəm. Geridə qalan vaxtlarımda isə elmi fəaliyyətimlə məşğul oluram, məqalələr yazıram”.
Deputat hobbisinin şeir yazmaq olduğunu bildirib. “Şeirlər yazıram və həmkarım Novruz Aslanla birlikdə işimiz nəticəsində artıq bir sıra şeirlərə də mahnı bəstələnib. “Yenə sən oldun”, “Azərbaycan-Türkiyə” bu qəbildən olan birgə işimizin nəticəsidir”.
Jalə Əliyeva: “Asudə vaxtım çox az olur. Bunu isə gecələr yatmaq vaxtını bir az qısaltmaqla nail oluram. Həmin vaxt mütaliə edirəm, xəbərlərə baxıram. Gündüz asudə vaxtlarım olarsa, o zaman evə lazımi avadanlıqlar alırıq. Hobbim isə dizayn işləri, xüsusilə ev dekoru ilə məşğul olmaqdır”.
Kamilə Əliyeva isə bir çox həmkarlarından fərqli olaraq özünə asudə vaxt ayıra bilir.
“İşlərimi elə planlaşdırıram ki, özümə vaxt ayıra bilim. Şənbə və bazar günləri vacib dövlət tədbirləri olmazsa, uşaqlarımla vaxt keçirirəm. Onları gəzintiyə, əyləncə mərkəzlərinə aparıram. 3 gün evdə qalacağımız müddətdə artıq sirkə bilet almışam və onlarla birlikdə izləməyə gedəcəyəm. Bundan əlavə, poeziya vurğunuyam, musiqi dinləməyi və şeir oxumağı çox sevirəm”.
Aytən ƏLİYEVA