Noyabrın 5-də Londonda Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə forum təşkil olunub. Forumda iştirak edən deputat Cavanşir Feyziyev Modern.az-la öz təəssüratlarını bölüşüb.
“Forumda Azərbaycanda olan vəziyyət, iqtisadi inkişaf, investisiya yatırımlarının təşviq olunması barədə məlumat verilib. Tədbirdə həm Azərbaycan, həm də İngiltərə tərəfindən yüksək vəzifəli şəxslər, Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Azərbaycan tərəfindən bir neçə tanınmış şirkətin nümayəndələri iştirak edib. Forumu təşkil edənlərin əsas məqsədi Azərbaycandakı mövcud durumu ingilis tərəfdaşlarımıza çatdırmaq, Azərbaycan şirkətləri ilə iş birliyi yaratmağın problem yaranmadan mümkün olduğunu nəzərə çatdırmaq idi. Mən özüm də forumda Azərbaycanda olan bizneslə bağlı ətraflı məlumat verdim. Burada biznes şəraitinin yaxşılaşdırılması üçün parlament tərəfindən qəbul olunan qərarları və Azərbaycanın qoşulduğu müxtəlif beynəlxalq müqavilələr və konversiyaları xatırlatdım. Tərəfdaşlarımıza Azərbaycanda iş qurmağın, Azərbaycan şirkətləri ilə birgə çalışmağın kifayət qədər asan və gəlirli olduğunu, eyni zamanda beynəlxalq biznes praktikasının olduğunu, onların etibarlı tərəfdaş olduğunu britaniyalı həmkarlarımızın diqqətinə çatdırdım”, – deyə C. Feyziyev qeyd edib.
Ulduz İBRAHİMOVA