“Vaxtaşırı tariflərin artırılması baş verir. Bununla bağlı fövqəladə hal yaranmır. Misal gətirmək istəyirəm ki, Azərbaycanda son dəfə 2007-ci ildə elektrik enerjisinin tarifi artırılıb. Yəni artıq bundan 7 il keçib. Ondan sonra tariflər artırılmayıb. Elektrik enerjisindən savayı, digər kommunal sahələr üzrə tariflər artmayıb”.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov gələn ildən kommunal xərclərin artacağı barədə deyilənlərə münasibət bildirərkən söyləyib.
Nazir deyib ki, 2007-ci ildən bəri əməkhaqları 2,6 dəfə artıb.
”Bir daha təkrar edirəm ki, vaxt keçdikcə tariflər artırılır. Bu normaldır. Pensiyaların baza məbləği də 2,5 dəfə artıb. 2007-ci ildən başlayraq 7 dəfə minumum əməkhaqqının artırılması üçün qərar verilib. Bu sadəcə statistikadır. Ona görə də mən burada nəsə deyəndə o demək deyil ki, tariflər artırılacaq. Mən yeganə bir söz demişəm ki, tariflərin artırılmasına fövqəl hal kimi baxmaq olmaz. Bir tərəfdən də maddi imkanları o qədər böyük olmayan əhaliyə bu təsir edə bilər. Əvvəllər hər bir tarifin artırılmasında dövlət tərəfindən maddi imkanları az olan əhaliyə yardımlar göstərilirdi”.
Nazir bildirib ki, elə varlı adamlar var ki, kommunal tarifdən onlar da istifadə edirlər, halbuki, onların imkanı daha çox tarif ödəməyə çatır. S.Şərifov qeyd edib ki, tariflərə hər dəfə yenidən baxdıqda dövlət əhalinin aztəminatlı təbəqəsi üçün əlavə ünvanlı yardım ayırır:
"Bu vəziyyətin aspektlərindən biri odur ki, gəlirləri yüksək vətəndaşlar daha yüksək tarifləri ödəyə bilərlər, lakin daha az təminatlı insanlar üçün müəyyən edilmiş dərəcə üzrə ödəyirlər. Tariflərin artırılması zamanı ünvanlı yardım ayırmaqla bu məsələni həll etmək olar".