Təhsil Nazirliyi Sumqayıtdakı 24 saylı məktəbin direktorunun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a məktəb direktoru Mehriban Nəcəfovanın işdən azad edilməsi barədə yayılmış məlumatla əlaqədar bildirib ki, o, Təhsil Nazirliyinə 25 oktyabr 2013-cü il tarixində ərizə ilə müraciət edib. Direktor səhhətindəki problemlə əlaqədar müalicəyə ehtiyacı olduğunu və bunun məktəb direktoru kimi vəzifə səlahiyyətlərini yerinə yetirməkdə çətinlik yaratdığını göstərib.
Təhsil nazirinin müvafiq əmri ilə M.Nəcəfovanın ərizədə göstərdiyi səbəb nəzərə alınaraq, 25 oktyabr 2013-cü il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Sumqayıt şəhərində yerləşən 24 saylı orta məktəbdə şagird valideynləri etiraz aksiyası keçiriblər. Onların etirazına səbəb təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru Mehriban Nəcəfovanın işdən çıxarılması olub. Valideynlər övladlarını məktəbdən götürərək, dərsləri boykot ediblər. Onlar tələb ediblər ki, məktəb direktoru vəzifəsinə bərpa olunsun.
Gültəkin ƏLƏSGƏR